Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-165/2024 20.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının vəkilinümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının Cavabdeh qarşı “əmlakın naturada bölünərək mülkiyyət hüququnun tanınması, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin tərəflər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin naturada bölünərək iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızına aid hissədə onların mülkiyyət hüquqlarının tanınması, bu mümkün olmadıqda həmin mənzilin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilərək onun açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı və Cavabdeh arasında onların paylarına mütənasib bölünərək onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının vəkilinümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin naturada bölünərək iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızına aid hissədə onların mülkiyyət hüquqlarının tanınması, bu mümkün olmadıqda həmin mənzilin ilkin satış qiymətinin 61000 manat müəyyən edilərək onun açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin iddiaçılar İddiaçı2 ilə Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı və Cavabdeh arasında onların paylarına mütənasib bölünərək onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzil iddiaçılar İddiaçı2 və onun arvadı Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı ilə İddiaçı2 keçmiş arvadı X2 paylı mülkiyyətində olmuşdur. X6 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bundan sonra mənzildəki ona məxsus pay mərhumun qardaşı Cavabdeh tərəfindən vərəsəlik qaydasında qəbul edilmişdir. İddiaçılar cavabdehə müraciət edərək sözügedən əmlakın ya naturada bölünməsini, ya da onların əmlakdakı payının dəyəri olaraq kompensasiyanın iddiaçılara ödənilməklə həmin payın cavabdeh tərəfindən əldə edilməsini Cavabdeh təklif etmiş, lakin təklif qəbul edilməmişdir. Hal-hazırda mübahisələndirilən əmlakın tərəflərin paylı mülkiyyətində olması iddiaçıların mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə maneələr yaradır. Ona görə də İddiaçı2 və İddiaçı1 belə bir tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən o, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak etmiş, ərizəsində və izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışı ilə öz adına rəsmiləşdirmiş, həmin evi heç kimə satmayacaq və ömrünün axırına qədər həmin mənzildə yaşayacaqdır. Həmçinin iddiaçılara kompensasiya verməklə onların paylarının əldə edilməsi təklifini qəbul etmək və onu həyata keçirmək üçün onun maddi imkanı yoxdur. Daha sonra Cavabdeh iclasda mənzil ilə bağlı mülkiyyət hüququnu təsdiq edən çıxarış gətirəcəyini bildirmiş, lakin növbəti məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Vİİ-ЖГ № 313726 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X5 24 mart 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlanandan sonra X3 “Vahidova” soyadı verilmişdir. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-38 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X4 verilmiş **********66-05101-093012 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 nömrəli binanın 3 nömrəli mənzilindən mərhuma düşən 12,77 kv.m-dən (18,62 kv.m köməkçi sahə ümumi istifadədədir) ibarətdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 47,38 kv.m olan ünvan 2 ünvanında yerləşən mənzilin 15,99 kv.m hissəsi İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının ümumi birgə mülkiyyətində, 12,77 kv.m hissəsi Cavabdeh paylı mülkiyyətində, 18,62 kv.m köməkçi sahəsi isə ümumi istifadədə olmaqla tərəflərin paylı mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində **********66-05101-093012 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli təklif məktubu və həmin məktubun çatmasını təsdiq edən xəbərnamədən görünür ki, iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 24cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin ya naturada bölünməsini, ya da əmlakdakı paylarının dəyəri olaraq onlara kompensasiya ödəməklə həmin payların cavabdeh tərəfindən əldə olunmasını təklif etmişlər və bu məktub xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən təhvil alınmışdır. Məhkəmə iddiaçıların vəkili-nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mübahisənin mahiyyəti üzrə məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4.). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6.). Göründüyü kimi, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. İddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzildə payının naturada bölünməsi məsələsinin həlli nail olmaq və sözügedən mənzilin açıq hərracda satılması halında ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspert rəyinə ehtiyac olduğundan, bununla bağlı məhkəmə tərəfindən tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7940-9/8166 saylı ekspert rəyi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin planlı yerləşməsini, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı və Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 61000 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmçinin cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışı ilə öz adına rəsmiləşdirmiş, həmin evi heç kimə satmayacaq və ömrünün axırına qədər həmin mənzildə yaşayacaqdır. Həmçinin, cavabdeh məhkəmə iclasında iddiaçılara kompensasiya verməklə onların paylarının əldə edilməsi təklifinə münasibətdə bunun üçün maddi imkanının olmadığını bildirmişdir. Cavabdehin iddia tələbinə qarşı etirazında göstərilən hallar hüquqi baxımdan iddianın rədd olunmasına əsas vermədiyindən məhkəmə həmin dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzil üzərində iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının paylarının naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, həmçinin bölünməsi nəzərdə tutulan payın pul kompensasiyası ilə əvəz edilməsi barədə razılıq əldə olunmadığından mübahisə predmeti olan mənzil açıq hərracda satılmalı və satışdan əldə olunmuş pul vəsaiti tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7940-9/8166 saylı ekspert rəyi ilə mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 61000 manat təşkil etməsi müəyyən edilmiş və iş üzrə tərəflər mənzilin real bazar dəyərinin 61000 manat olmasını mübahisələndirməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, mənzilin ilkin satış qiyməti 61000 manat müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərci tərəflərdən bərabər qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzil açıq hərracda satılsın və mənzilin açıq hərracdan satılmasından əldə olunmuş pul vəsaiti iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı ilə Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Mənzilin ilkin satış qiyməti 61000 (altmış bir min) manat müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərci iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızından 50 manat və Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-165/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-165/2024
20.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver