Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1673/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Kazımovun sədrliyi, Tağıyev Namiq Musa oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsini, Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərinin məcburi qaydada çıxarılmalarını, Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsini və iddia ərizəsi məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə X12 arasında bağlanmış 15.05.2014-cü il tarixli, BB GTS-107/2014 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun tərkib hissəsi olan 12.04.2016-cı il tarixli, K1883 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, sonuncuya 12.05.2018-ci il tarixədək illik 25% dərəcəsi olmaqla, 282,088 manat məbləğində kredit verilmişdir. Maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 13.04.2016-cı il tarixli, İS1725 saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. İS1725 saylı sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 15.04.2016-cı il tarixli, RX ******* saylı (Reyestr nömrəsi: **********33-10301; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş pul öhdəliyi borcalan tərəfindən kredit müqaviləsində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, bankın borcalana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsası müəyyən edilmişdir. Borc alan kredit üzrə borc öhdəliyinin şərtlərini pozmağa başladığı və 12.04.2016-cı il tarixli, K1883 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi üçün bank borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair 04 dekabr 2017-ci il tarixli iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli, 2(013)-106/2018 saylı və Gəncə Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli, 2(104)- 4029/2018 qətnamələri ilə iddia tələbi qismən təmin edilmişdir. Sonradan məhkəmə qətnaməsinin icrası istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi “xxxx” MMC-nin 07.01.2020-ci il tarixli hərracın yekunları üzrə protokol və əmlakın alqı-satqı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nə təklif edilərək açıq hərracda əldə edilmişdir. Bu barədə mülkiyyət hüququna dair 06.11.2020-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, sözügedən yaşayış sahəsi hal-hazırda mülkiyyətçi İddiaçı ASC-nin sahibliyində deyildir və həmin fərdi yaşayış evi cavabdeh və onun ailə üzvləri tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir. İddiaçı bankın cavabdehə rəsmi müraciət etməsinə baxmayaraq, əmlakı faktiki idarə edən şəxs (Cavabdeh və onun ailə üzvləri) əmlakı qanuni sahibinə təhvil verməkdən boyun qaçırmışdır. Bu da, öz növbəsində iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Odur ki, əmlaka dair mülkiyyət hüququnun iddiaçıya məxsus olmasını nəzərə alaraq, Cavabdeh və ailə üzvlərinin Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərinin məcburi qaydada çıxarılmaları, Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi və iddia ərizəsi məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etdi və etiraf ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədən etirafının qəbul edilməsini və müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 06.11.2020-ci il tarixli, **********33-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ qeydə alınmışdır. Ağdam Rayon Məhkəməsinin 2(013)-106/2018 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X7 və X3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 258744,96 manat əsas borcun, 58158,58 manat faiz borcunun, 70000 manat cərimə olmaqla, cəmi 386903,54 manat pulun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 80 manat xidmət haqqının tutulması, tələb X4 məxsus ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 226,3 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə və Cavabdeh məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər X8 və X5 İddiaçı ASC-yə olan borclarının ödənilməsinə yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğ cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalan borcun X7 və X3 müştərək qaydada tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 226,3 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 540000 (manat müəyyən edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi, aparılmış ekspertiza tədqiqatına görə X7, X3, X2 və Cavabdeh müştərək qaydada 145 manatın tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın cərimə borcu tələbinin qalan 85529,72 manat hissəsi və əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-4029/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X5 apelyasiya şikayəti qismən təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(013)- 106/2018 saylı qətnaməsinin cərimə borcunun tutulması ilə bağlı hissədə dəyişdirilməsi, cavabdehlər X12 və X3 müştərək qaydada 50.000 manat məbləğində cərimə borcunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Ağdam Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(013)-106/2018 nömrəli qətnaməsinin cavabdehlər X7 və X3 258.744,96 manat əsas borcun, 58.158,58 manat faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması, cavabdehlər X12 və X5 əsas borcu 258.744,96 manat, faiz borcu 58.158,58 manat, cərimə borcu 50.000 manat olmaqla, cəmi borcu 366.903,54 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. 07 yanvar 2020-ci il tarixli Hərrac Təşkilatının ipoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 01/03 saylı protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi “xxxx” MMC tərəfindən ipoteka saxlayan İddiaçı ASC-nə təklif edilmiş və həmin əmlak İddiaçı ASC tərəfindən açıq hərracda əldə edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış PB/PBL-078 saylı, 19 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə verilməsinə dair bildirişdən görünür ki, Cavabdeh Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini 5 gün ərzində boşaldılması barədə xəbərdarlıq edilmişdir. “Azari” Express poçt-daşıma kuryer xidməti tərəfindən tərtib edilmiş 25 yanvar 2021ci il tarixli aktdan görünür ki, 21.01.2021-ci il tarixdə İddiaçı ASC-nin baş ofisindən göndərilmiş zərf Cavabdeh yaşadığı fərdi yaşayış evinin ünvanı natamam olduğu üçün çatdırılmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki hallarından aydın olur ki, cavabdeh və onun ailə üzvləri Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində mülkiyyətçinin iradəsi ziddinə qalmaqdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, cavabdehin etirafı məhkəmə tərəfindən təsdiq olunmalı və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Cavabdeh iddianı etirafı qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh və ailə üzvlərinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh və ailə üzvləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılsınlar. Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-1673/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1673/2021
13.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver