Məhkəmə qərarları › İş №e-2(012)-1830/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1830/2022

20.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1830/2022 20.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh1 qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra hərəkəti nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Abşeron rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh1 qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra hərəkəti nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-913/2015 saylı xx.xx.2015ci il tarixli icra vərəqəsi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun hərəkət nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçı arasında olan məhkəmə mübahisəsi üzrə Abşeron rayon Məhkəməsinin 13 fevral 2015-ci il tarixli qətnaməsi çıxarılmış və həmin qətnaməyə əsasən, iddiaçıdan 28518 manat pulun alınaraq ilkin iddia üzrə iddiaçı Cavabdeh1 verilməsi, həmçinin, iddiaçıya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsindən Cavabdeh1 tərəfindən əraziyə qoyulmuş vaqonun götürülməsi, torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılmış, həmin mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-913/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi olmuşdur. Qətnamədə iddiaçının mülkiyyət hüququnun da bərpa edilməsi, Cavabdeh1 iddiaçının torpaq sahəsindən çıxarılması məsələsi olsa da, icra məmuru qanunsuz olaraq əksinə, iddiaçının mülkiyyət hüququnu pozaraq, qətnamədə iddiaçıya aid hissədə pulun ödənilməsini təmin etmək üçün boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsini qanunsuz olaraq hərraca satışa çıxarmış və daha sonra, cavabdehin tələbinin əvəzinə torpağın müəyyən hissəsini Cavabdeh1 vermişdir. Bununla da, iddiaçının mülkiyyət hüququ və aidiyyəti məhkəmə qərarlarının tələbləri pozulmuşdur. İddiaçı sorğu ilə müraciət edərək, qeyd olunan icra işi ilə bağlı sənədləri istəsə də, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli xx/xx-2451/2021 nömrəli məktubu ilə icra hərəkətlərinin icra məmuru C.Həsənova həvalə edildiyi, lakin təhvil-təslim aparılarkən həmin icra sənədlərinin aşkar edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, İcra və Probasiya şöbəsi öz qanunsuzluqlarını gizlətmək üçün icra sənədlərini qəsdən məhv etmiş və ya gizlətmişdir. Hazırda, icra şöbəsinin qanunsuz hərəkətləri iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, hazırki iddia tələbinin mahiyyətini icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin hərəkətlərin etibarsız hesab edilməsidir. Belə ki, həmin nəticələrdən irəli gələrək, iddiaçının torpaq sahəsi İcra şöbəsinin hərəkətləri nəticəsində cavabdehin mülkiyyətinə keçirilmişdir. Bu, tərəflər arasında qətnamə əsasında icra məmuru tərəfindən iddiaçıya heç bir məlumat verilmədən cavabdehin adına torpaq sahəsinin rəsmiləşdirilməsidir. İcra məmuruna bu barədə müraciət edilmiş, lakin hər hansı icra işi ilə bağlı bu və ya digər bir sənəd aşkar olunmamışdır. Bu səbəbdən də, həmin sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi qeyd olunan sənədlərin icra şöbəsində olmasının istisna edilməsidir. Halbuki, İcra şöbəsinə müraciət etdikdə isə qeyd olunan sənədin olmadığı qeyd olunmuşdur. Sənəd olmadığı təqdirdə aparılan icra hərəkətlərinin hansı qaydada aparılması bəlli deyil, hansı prosessual qaydalara, hansı qanunvericiliyə uyğun olaraq aparılması sual altındadır. İcra şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi isə yaranmış sualları cavabsız qoymuş olur. Buna baxmayaraq, iddiaçı tərəfindən edilmiş müraciətlərə cavab məktublar göndərilmişdir. Belə ki, qeyd olunan sənədlər: 2017-ci il tarixli Abşeron rayon Məhkəməsinin qərardadına əsasən, təqdimat təmin olunmuş, iddiaçının adına qeydiyyata alımış Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb həmin hissəyə yönəldilmişdir. İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən, icra sənədi üzrə icraata başlanılmışdır. Lakin bu sənədlər nə icra şöbəsində, nə də iddiaçıda olmuşdur. Bu səbəbdən də, icra məmurunun aparılan hərəkətlərinin nəyə əsaslandığı bəlli deyildir. Bundan savayı, Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2017-ci il tarixli 255 saylı məktubuna əsasən, şəhadətnaməyə uyğun olaraq, iddiaçıya məxsus torpaq sahəsinin bazar dəyəri müəyyən edilmiş, sifarişin icrası qeyd olunmuşdur. Qeyd olunan sənədlər əsasında, 0.06 ha torpaq sahəsinin sadəcə olaraq 4500 manat dəyərində qiymətləndirilməsi müəyyən edilmişdir. İddia ərizəsinin tələb hissəsində cavabdehin üzərinə hər hansı bir tələb qoyulmamışdır. Üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin qoyulmasının səbəbi icra məmurunun hərəkətlərinin nəticəsində cavabdehin adına çıxarışın verilməsi və həmin çıxarışa münasibətdə üçüncü şəxs qismində qoyulması səbəbi isə sözgedən çıxarışın nəyə əsasən verilməsi sualına cavab tapılması, başqa sözlə, çıxarışın hansı əsasla, qanuni və ya qanunsuz əsasla verilib-verilməməsinin müəyyən edilməsidir. Mülki iş üzrə cavabdehlərə və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Abşeron rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh1 qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra hərəkəti nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmədə iddia icraata qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki iş materiallarından və məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkilinin izahatından göründüyü kimi, hazırki iş üzrə iddia ərizəsinin mahiyyəti tərəflər arasında yaranmış mübahisə ilə bağlı çıxarılmış məhkəmə qətnaməsinin icraya yönəldilməsi və icrası mərhələsində icra məmurunun hərəkətləri nəticəsində iddiaçıya məxsus daşınmaz əmlakın cavabdehin mülkiyyətinə verilməsidir ki, hazırda da iddiaçı icra məmurunun sözügedən hərəkətlərinin qanunsuz hesab edilərək həmin hərəkətlərin nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. İddia tələbindən göründüyü kimi, iddiaçı burada icra məmurunun hərəkətlərini və onun nəticələrini mübahisələndirmişdir ki, cavabdehin üzərində iddia tələbində hər hansı bir vəzifənin qoyulması müəyyən olunmur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 29.1. maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İddia tələbindən göründüyü kimi, hazırki iş üzrə iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-913/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın təkmilləşdirilməsi barədə Kollegiya Qərarı”nın: 147-ci bəndinə əsasən, Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün aşağıdakı indekslər müəyyən edilir: “8 - məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat” 168-ci bəndinə əsasən, MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki mülki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). MPM-in 230-cu maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPM-in 236-1-ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir. İcra haqqında Qanunun: 87.1. maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.2. maddəsinə əsasən, bu Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmayan digər icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən şikayət, müvafiq hərəkətin edildiyi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edildiyi) vaxtdan 10 gün müddətində icra məmurunun olduğu yerin məhkəməsinə verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, qətnaməni qəbul etmiş məhkəmə icra sənədini dəqiq və vaxtında tərtib edərək müvafiq icra şöbəsinə göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Qanunun və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın təkmilləşdirilməsi barədə Kollegiya Qərarı”nın tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, icra sənədi üzrə icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət verilmə hüququ qanunla istisna edilməsə də, qeyd olunan şikayətlər iddia ərizəsi ilə deyil, şikayət formasında “8” nömrəli indeksi altında məhkəməyə təqdim edilməlidir. Bu səbəbdən də, hazırki mülki işə iddia icraatı qaydasında baxılmalı olmadığından mülki işin icraatına xitam verilməli, iddiaçıya icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 262.1 maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Abşeron rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh1 qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra hərəkəti nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılmalı olmadığından mülki işin icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar