Məhkəmə qərarları › İş №e-2(012)-2056/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2056/2023

25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2056/2023 25.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı «X5» X7 nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı «X5» X7 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı «X5» X9 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli, 148 saylı müqaviləyə əsasən, istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inəyin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli, 148 saylı müqaviləyə əsasən, Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni, 1978, 1983, 1991 birka nömrəli 3 baş inək və qarışıq yem natura şəklində verilmişdir. Əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2021-ci il tarixli, 148 saylı aktla cavabdehin “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə, istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və xx.xx.2022-ci il tarixli aralıq və xx.xx.2022-ci il tarixli yekun monitorinq aktlarına əsasən, Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni, 1978, 1983, 1991 birka nömrəli 3 baş inək və qarışıq yem aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 saylı xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, lakin cavabdeh tərəfindən maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı «X5» X7 nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh əvvəlki məhkəmə iclasında 1 ilin tamamından sonra gözləsə də kimsənin gəlmədiyini görüb inəyi kəsib satdığını bildirsə də, aparılmış araşdırmalar, monitorinq nəticəsində 3 baş inəyin artıq olmadığı müəyyən edilmişdir. İddia ərizəsində qeyd olunmuş məhkəmə xərcləri tələbi Agentliyin özünün tələbi olmaqla bu barədə onun hər hansı bir məlumatı yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, ona Agentliklə bağladığı müqaviləyə əsasən, 3 yerli cinsdən ibarət olan dişi inək verilmişdir. Həmin inəklərin biri cavan, ikisi isə yaşlı idi. O, inəkləri tövləyə salmış və iki-üç gündən sonra inəklər yeməməyə başlamışdır. Baytar çağırmış və 250 manat dərmana xərci çıxmışdır. Cavan olan inək 3 aydan sonra ölmüş, lakin bu barədə o, məlumat verməmişdir. Sağlam olan inəyi isə o, özü kəsmişdir. Belə ki, inəyin balası olmamış və xərcini ödəyə bilməmişdir. Üçüncü inəyi isə bir ildən sonra, daha dəqiq isə avqust ayında kəsmişdir. Sentyabr ayında nümayəndə gəlmiş, o, nümayəndəyə avqust ayında inəyi kəsdiyini bildirmiş və nümayəndə problem olmadığını bildirmişdir. O, nümayəndəyə torpağın üzərində qan ləkəsinin olduğunu göstərmişdir ki, həmin yerdə də o, inəyi kəsmişdir. Qalan inəklərlə bağlı qeyd edir ki, yoxlama gəlsə də yoxlamanın nümayəndələri həyətə daxil olmamışdır. Nümayəndələrlə o, “Grand market”in yanında görüşmüş və ot olmadığından inəkləri Bərdəyə göndərdiyini bildirmişdir. İnəyi müddətin tamamından bir il keçəndən sonra kəsmişdir ki, sübut olaraq isə o, yalnız özüdür. Belə ki, inəyi kəsən elə məhz özü olmuş və satmışdır. Yoxlama nümayəndələri bir dəfə gəlib inəkləri həyətə çıxarıb tövləni çəkmişlər. O, hazırda, işləmir, pensiya da almır. Günə 5-10 manat qazanır. Bu səbəbdən də, iddia ərizəsində qeyd olunanları geri qaytarmağa maddi imkanı yoxdur. O, müqaviləyə qol çəkəndə eynəyi özündə olmamış və müqaviləni çox çətinliklə oxumuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -7 saylı Ərazi Məşğulluq Mərkəzi ilə özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh arasında bağlamış xx.xx.2021-ci il tarixli, 148 saylı “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilədən görünür ki, bu müqavilənin predmetini “Məşğulluq haqqında” Qanunun 24-cü maddəsinə uyğun olaraq, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, Mərkəz özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda əmlak təhviltəslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Müqavilənin 3.3-cü bəndinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələri aşağıdakılardır: 3.3.1. əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək; 3.3.2. əmlakın verildiyi müddətdə onun saxlanılması, istifadəsi, (yetişdirilməsi və yemləndirilməsi), habelə, əmlaka ziyan vurulmasının qarşısının alınması, korlanmaması və ya məhv olmaması üçün bu müqaviləyə Əlavə 2-də göstərilən təlimata riayət etmək; 3.3.3. əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək; 3.3.5. monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu, o cümlədən, bu müqavilənin 3.2.1-3.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədiyi aşkar edildikdə vurulmuş ziyanın əvəzini Mülki Məcəlləyə uyğun olaraq X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürmək. 3.3.7. əmlakın sonradan korlanma və məhv olması hallarında bu barədə dərhal Mərkəzə məlumat vermək, habelə, məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, fotoşəkil və s.) Mərkəzə təqdim etmək. Müqavilənin 4.3-cü bəndinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka bu müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Mülki Məcəlləyə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. -Müqaviləyə 2 saylı əlavə olan “İribuynuzlu heyvanların saxlanılması, istifadəsi, yetişdirilməsi və yemləndirilməsinə dair” Təlimatdan görünür ki, aqrar sahənin yeni inkişaf mərhələsində olduğu Azərbaycanda heyvandarlığın inkişafı heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, heyvan mənşəli məhsulların istehsalının artmasına təkan verir. Bu isə fermerlərin gəlirlərinin artımına və maddi rifahının yaxşılaşmasına şərait yaradır. Bununla yanaşı, təlimatda iribuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və yemləndirilməsi üçün zootexniki tələblər öz əksini tapmışdır. -“Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair” xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh maldarlıq təsərrüfatı məqsədilə 3 baş inəyi və çəkisi 400 kq olan qarışıq yemi təhvil almış və əmlakın istifadəyə (istismara) kəmiyyət və keyfiyyət baxımından yararlı olmaqla təhvil verilməsinə dair tərəflər razılaşmışlar. -X2 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları K.Qasımov, N.Qoçiyev və özünüməşğulluğa cəlb edilmiş şəxs Cavabdeh tərəfindən imza edilməklə tərtib edilmiş xx.xx.2022-ci il tarixli “özünüməşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin aralıq monitorinqi” aktından görünür ki, 3 baş inək və 400 kq qarışıq yemin mövcudluğu ilə bağlı monitorinq aparılmış, əmlakın təyinatı üzrə istifadə edilmədiyi, fəaliyyətin biznesplanına uyğun olmadığı qənaətinə gəlinmiş və əmlakdan istifadə edilməməsinin səbəbi vətəndaşın iddia etməsinə görə heyvanları Bərdə rayonununa aparması olmuşdur. -X2 X1 filialının əməkdaşları O.Ələsgərov, R.İsazadə və özünüməşğulluğa cəlb edilmiş şəxs Cavabdeh tərəfindən imza edilməklə tərtib edilmiş xx.xx.2022-ci il tarixli “özünüməşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin yekun monitorinqi” aktından görünür ki, 3 baş inək və 400 kq qarışıq yemin mövcudluğu ilə bağlı monitorinq aparılmış, əmlakın təyinatı üzrə istifadə edilmədiyi, əmlakın yerində aşkarlanmadığı, 3 baş inəyin kəsildiyi, fəaliyyətin biznes-planına uyğun olmadığı qənaətinə gəlinmiş, əmlakdan istifadə edilməməsinin səbəbi aktivlərin yerində aşkar olunmaması və vətəndaşın imkansızlıqdan heyvanları kəsib satdığını bildirməsi olmuşdur. -X2 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 saylı məktubdan görünür ki, Agentlik Cavabdeh əmlakı məktubu aldığı gündən 30 gün ərzində geri qaytarması, bu, mümkün olmadıqda həmin əmlakın dəyərini məktubu aldığı tarixə orta bazar qiymətinə uyğun hesablanaraq Agentliyin xəzinə hesabına pul vəsaiti şəklində köçürməsi, əks təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cəfərov X3 rayonu, Novxanı kəndi, Şəhid Ə.Abuzərov küçəsi, 2 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 15-ci maddəsinin İİ bəndinə əsasən, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. 59-cu maddəsinin İ bəndinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. 59-cu maddəsinin İİ bəndinə əsasən, dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Konstitusiyanın qeyd olunan normalarına istinad edərək məhkəmə qeyd edir ki, dövlət azad sahibkarlıq fəaliyyətinə təminat verməklə hər kəsə öz imkanlarından istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan olunmayan digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq imkanını yaratmışdır. X5 ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılan publik hüquqi şəxsdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı “X5” X9 7 saylı Ərazi Məşğulluq Mərkəzi ilə cavabdehözünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 148 saylı “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqaviləyə əsasən, özünüməşğulluğun təşkili məqsədilə cavabdehə 3 baş inək və ümumi çəkisi 400 kq olan qarışıq yem verilməklə cavabdehin maddi rifahının yaxşılaşdırılması məqsədilə şərait yaradılmışdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Məşğulluq haqqında” Qanun adlanacaq): 1.1.15. maddəsinə əsasən, özünüməşğulluq - şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. 24.1.4. maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi özünüməşğulluğunun təşkili istiqamətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçirilən mərhələlərindən biridir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh özünüməşğulluğa cəlb edilmiş şəxs olaraq Məşğulluq Mərkəzində qeydiyyata alınmış və özünüməşğulluğun təşkili istiqamətində aidiyyəti qurum tərəfindən cavabdehə 3 baş inək və çəkisi 400 kq olan qarışıq yem verilməklə tərəflər arasında “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilə ilə rəsmiləşdirilmişdir. Özünüməşğulluğa cəlb edilmiş şəxs- Cavabdeh müqaviləyə əsasən, onun istifadəsinə verilmiş 3 baş inək və ümumi çəkisi 400 kq olan qarışıq yemi müqavilənin bağlandığı xx.xx.2021-ci il tarixdən 1 il müddətində əmlakdan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehin izahatı, eyni zamanda, iddiaçının səlahiyyətli nümayəndələrinin keçirmiş olduğu monitorinqin nəticəsi olaraq, cavabdehin istifadəsinə verilmiş əmlakı il müddətinə təyinatına uyğun istifadə etmədiyi, yəni, inəyin birinin 1 il vaxtından tez ölməsi, qalanının isə kəsilməsi müəyyən olunmuşdur ki, hazırda, iddiaçı “Məşğulluq Agentliyi” X4 tələblərinə uyğun olaraq verilmiş əmlakın eyni növdə və keyfiyyətdə naturada geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. “Məşğulluq haqqında” Qanunun 24.4. maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Qanunun tələblərindən, eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 3.3cü bəndindən göründüyü kimi, özünüməşğulluğa cəlb olunmuş şəxs olaraq Cavabdeh əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etməyi, monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə vurulmuş ziyanın əvəzini Agentliyin xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürməyi öhdəsinə götürmüşdür. “Məşğulluq haqqında” Qanunun: 24.1.5. maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyəti bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi aparılır. 24.2. maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. 24.3. maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində aparılmış və cavabdehin istifadəsinə verilmiş 3 baş inəkdən təyinata, biznes-planın məqsədinə uyğun şəkildə istifadə etmədiyi müəyyən edilərək 3 baş inək aşkar edilməmişdir. Bu səbəbdən də, cavabdehin qanunun və bağladığı müqavilənin tələblərinə əsasən, 3 baş inəyi naturada geri qaytarmaq və ya dəymiş ziyanın əvəzini ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, müqavilə üzrə maddi rifahının yaxşılaşdırılması məqsədilə verilmiş əmlakdan təyinatına uyğun olaraq müqavilə ilə müəyyən edilmiş müddətdə istifadə etməmiş cavabdeh müqavilə şərtlərini pozmaqla öhdəliklərini icra etməmişdir. Beləliklə, keçirilmiş monitorinq tədbirləri nəticəsində cavabdehin fəaliyyətinin biznes planına uyğun olmadığı öz təsdiqini tapmış və bu, məhkəmə araşdırması zamanı cavabdehin izahatı ilə də müəyyən olunmuşdur. Belə ki, cavabdeh inəklərin birinin xəstə olduğunu iddia edərək və qidalanmadığı səbəbindən 3 aydan sonra öldüyünü bildirmiş, lakin bu barədə aidiyyəti quruma müqavilə ilə müəyyən edilmiş müddətdə məlumat verməməklə öhdəliyinə riayət etməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş 3 inəkdən qalıq 2 inək cavabdeh tərəfindən kəsilərək istifadə edilmişdir ki, bu da məhkəmə iclasında cavabdehin izahatı əsasında öz təsdiqini tapmış və cavabdeh bu barədə də aidiyyəti quruma məlumat verməməklə müqavilə öhdəliyini icra etmədiyini etiraf etmişdir. Ona görə də iddia ərizəsi qismən təmin edilməli, 3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan sağlam keyfiyyətdə 3 baş inək natura şəklində Cavabdeh alınaraq «X5» X8 geri qaytarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının iddia tələbinin “eyni növlü 3 baş inəyin qaytarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbini həmin hissədə sübuta yetirə bilməmiş, hansı növdə olan heyvanın qaytarılmasını qeyd etməmiş, tərəflər arasında bağlanmış müqavilədə isə həmin öhdəliyin icrası ilə bağlı hər hansı bir qeyd nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.7. maddəsinə əsasən, sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə sosial təminat orqanları dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bununla belə, məhkəmə iddiaçının iddiaçı tələbinin “məhkəmə xərclərinin tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında məhkəmə xərclərinin nədən ibarət olduğunu sübuta yetirə bilmədiyindən, iddiaçı həmin tələb üzrə dövlət rüsumu məbləğindən azad olunduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, 148 saylı müqaviləyə əsasən, 3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan sağlam keyfiyyətdə 3 baş inək natura şəklində Cavabdeh alınaraq «X5» X8 geri qaytarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 148 saylı müqaviləyə əsasən, 3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan sağlam keyfiyyətdə 3 baş inək natura şəklində Cavabdeh alınaraq «X5» X8 geri qaytarılsın. Cavabdeh dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar