Məhkəmə qərarları › İş №e-2(012)-2077/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2077/2023

02.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2077/2023 02.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı Vladimirovnanın vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Vladimirovnanın Cavabdeh1 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki işə 02 may 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Vladimirovna Cavabdeh1 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı, Cavabdeh2 ilə birgə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 20 məhəllə, 2 saylı evin, 10 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 14 iyun 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 20 məhəllə, 2 saylı evin, 10 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı Vladimirovnaya məxsusdur. Cavabdeh1 oğlu X5 həyat yoldaşı, onun gəlini olmuşdur. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh2 adlı övladları vardır. Abşeron Rayon Məhkəməsinin 2(012)-603/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuş, Cavabdeh2 anasının yanında saxlanılması qət edilmişdir. Nikaha xitam verildikdən sonra keçmiş gəlinim, cavabdeh uşağı və mənzildə olan bütün əşyalarını da götürüb evdən çıxıb getmişdir. Cavabdeh başqa şəxslə yenidən nikah bağlayaraq ailə qurmuşdur. Cavabdeh bu mənzildə qeydiyyatda olsa da, burada yaşamır və harada yaşaması iddiaçıya məlum deyildir. Cavabdehin iddiaçının mənzilində qeydiyyatda qalması bir mülkiyyətçi kimi mənzil hüquqlarını pozur. Məcbur qalıb onun da yerinə kommunal xərclərini ödəyir. Bu da maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Yenidən ailə qurduğuna görə cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxacağını düşünmüş, lakin 1 saylı Asan Xidmət Mərkəzindən əldə etdiyi arayışdan cavabdeh qeydiyyatda qaldığı aydın olmuşdur. Onun mülkiyyətində olan mənzildə cavabdehin formal pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Cavabdeh qeydiyyatdan çıxmadığı üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Vladimirovnanın vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ünvan 1 ünvanı İddiaçı Vladimirovnanın adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Mülki iş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmış, arvada Əliyeva soyadı verilmişdir. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Mülki işin materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 arasında olan nikah Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Mülki işin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* №-li arayışdan görünür ki, X2 xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər: Bayram-zadə Orxan İlqar oğlu, xx.xx.2007, Cavabdeh1, xx.xx.1987, İddiaçı, xx.xx.1948, X6 xx.xx.1987. İşin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ünvan 1 ünvan İddiaçı Vladimirovna adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdeh X4 iddiaçının keçmiş gəlinidir. Cavabdeh ilə iddiaçının oğlu arasında olan nikah pozulmuşdur. Cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur. Lakin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqda davam edir. Onun həmin mənzildən istifadə hüququnun olması barədə iş materiallarında sübut yoxdur.Ona görə də, məhkəmə hesab edir ki, həmin cavabdehlərin istifadə hüququnun itirilməsi hissəsində MPM-nin 261.0.1 maddəsinə əsasən bu hissədə iş ümumi məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5.maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında müəyyən edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Qeyd edilənlərdən göründüyü kimi cavabdehin mübahisəli evdən istifadə hüququ olmadığından, azyaşlı uşaqların yaşayış yeri isə valideydlərinin yaşayış yeri hesab edildiyindən hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki-Prosessual 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçı cavabdehlərin qeydiyyatdan çıxarılmaları ilə bağlı müvafiq Polis İdarəsinə müraciət etməli, imtina aldığı halda isə bu barədə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Vladimirovnanın Cavabdeh1 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya ilkin olaraq qeydiyyatdan çıxarılma ilə bağlı müvafiq Polis İdarəsinə müraciət etməsi, imtina olunduğu halda isə müvafiq inzibati məhkəməyə müraciət etməsi izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar