Məhkəmə qərarları › İş №e-2(012)-2349/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2349/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2349/2021 21.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək olaraq subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 3914 manat ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 məxsus ** CG *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı nəqliyyat vasitəsi 2018-ci il tarixdə "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. 25.05.2019-cu il tarixdə Cavabdeh2 idarə etdiyi ** CG *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı nəqliyyat vasitəsi ilə ** MP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 220 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 20.11.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** MP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 220 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3914 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 29.11.2019-cu il tarixli sığorta aktına əsasən icbari sığorta üzrə 3914 manat sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinə köçürmə həyata keçirilmişdir. Odur ki, göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarına əlavə edilmiş: - Paşa Sığorta ASC-nin 29.11.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, 16.06.2018-ci il tarixdən 15.06.2019-cu il tarixədək olan müddətdə Paşa Sığorta ASC-də 5000 manat dəyərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış Cavabdeh1 məxsus olan ** CG *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı nəqliyyat vasitəsi ilə X4 məxsus olan ** MP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 220 markalı nəqliyyat vasitəsi 25.05.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı toqquşmuş və sonuncu avtomobilə 3914 manat dəyərində ziyan dəymiş, sığorta ödənişinin məbləği avtomobilin təmiri üçün fərdi sahibkar X1 hesabına köçürülmüşdür. - 06.12.2019-cu il tarixli 001XOH********** saylı ödəniş tapşırığının surətindən görünür ki, X1 hesabına Paşa Sığorta ASC tərəfindən sığorta ödənişinin məbləği olaraq 3914 manat köçürülmüşdür. - Fərdi sahibkar X2 tərəfindən təqdim olunmuş 22.11.2019-cu il tarixli elektron qaimədən görünür ki, 2524 manat ehtiyat hissələrinin dəyəri, 1390 manat xidmət haqqı olaraq avtomobilə dəyən zərərin qiyməti cəmi 3914 manat məbləğində müəyyən edilmişdir. - 16.06.2018-ci il tarixli PPA********** saylı icbari sğorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh1 məxsus olan ** CG *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı nəqliyyat vasitəsi 16.06.2018-ci il tarixdən 15.06.2019-cu il tarixədək olan müddətdə sığorta haqqı 150 manat, Bonus-Malus əmsalı 0.75 olmaqla (150 manat x 0.75=112.50 manat), yekun sığorta haqqı 112.50 manat olmaqla Paşa Sığorta ASC-də 5000 manat dəyərində sığortalanmışdır. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 25.05.2019-cu il tarixdə saat 12:20 radələrində Bakı-Şamaxı yolu istiqamətində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh1 məxsus olan, hadisə baş verən zaman Cavabdeh2 tərəfindən idarə olunmuş ** CG *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı nəqliyyat vasitəsi ilə X4 məxsus olan, hadisə baş verən zaman X6 tərəfindən idarə olunmuş ** MP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 220 markalı nəqliyyat vasitələri toqquşaraq sonuncunun avtomobilinə ziyan dəymişdir. - İnzibati tənbeh vermə haqqında 25.05.2019-cu il tarixli ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin tələblərini pozduğuna görə 40 manat məbləğində cərimələnmişdir. - AB № 707696 saylı 03.07.2012-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2003-cü il buraxılışlı ** CG *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtomobil Cavabdeh1 mülkiyyətindədir. - AD № 143432 saylı 17.01.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 1995-ci il buraxılışlı ** MP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 220 markalı avtomobil X3 mülkiyyətindədir. - 17.01.2018-ci il tarixli ƏN-İV № 397018 saylı etibarnamənin surətindən müəyyən olunur ki, X5 mülkiyyətində olan ** MP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 220 markalı avtomobili 26.01.2023-cü il tarixədək idarə etməyi etibar etmişdir. - Paşa Sığorta ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 16.12.2019cu il tarixli 5473/1 saylı məktubdan görünür ki, sığorta şirkəti borclulara ödənilmiş 3914 manat sığorta məbləğinin 15 gün müddətində ödənilmədiyi təqdirdə subroqasiya qaydasında məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 9/2666 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan 22.11.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı Mercedes Benz 220 markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3514,0 manat müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin qiyməti: 2124 manat, təmir-bərpa işlərinin qiyməti isə 1390 manat təşkil edir. - Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, 25.05.2019-cu il tarixdə saat 12:20 radələrində Bakı-Şamaxı yolu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 məxsus olan, hadisə baş verən zaman etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə olunmuş ** CG *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı nəqliyyat vasitəsi ilə X4 məxsus olan, hadisə baş verən zaman etibarnamə əsasında X6 tərəfindən idarə olunmuş ** MP *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 220 markalı nəqliyyat vasitəsi toqquşaraq sonuncunun avtomobilinə ziyan dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 3914 manat dəyərində ziyan dəymiş, həmin məbləğ 06.12.2019-cu il tarixli ödəniş tapşığırına əsasən ödənilmiş, bununla da sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi məbləğinin onun mülkiyyətçisi və hadisə baş verən zaman avtomobili idarə etmiş şəxsdən, yəni cavabdehlərdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq 3914 manat pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində dəymiş ziyanın məbləği 3514 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq ekspert rəyi ilə müəyyən edilmiş 3514 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasını daha ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 30 manat hissəsi iddiaçı "xxxx" ASC-dən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 3514 (üç min beş yüz on dörd) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 (yetmiş) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 30 (otuz) manat hissəsi iddiaçı "xxxx" ASC-dən dövlət nəfinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar