Məhkəmə qərarları › İş №e-2(012)-2365/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2365/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2365/2022 05.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 357.51 manat sığorta ödənişi və 30.40 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunmuş ** BU *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz E220 CDİ» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PF *** dövlət qeydiyyat nişanlı «Mazda CX-5» markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkənin avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PF *** dövlət qeydiyyat nişanlı «Mazda CX-5» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4571.21 manat müəyyən edilmişdir. Həmin məbləğdən savayı, təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 822.82 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən, zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə, azadolma çıxılmaqla 4536.52 manat sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən, hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta edən şirkət "xxxx" ASC tərəfindən 4536.52 manat vəsait şirkətə ödənilmiş, qalıq məbləğ olan 357.51 manat məbləğin isə 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi cavabdehdən xahiş edilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, iddiaçı məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilib işə mahiyyəti üzrə baxılaraq iddia ərizəsinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3366 saylı rəyi ilə tanış olduğunu, lakin iddiaçı tərəfindən tələb olunan məbləğin yüksək olduğu qənaətinə gələrək məbləğin onun tərəfindən ödənilməli olub-olmadığını bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2019-cu il tarixli ƏN-Vİ № 782876 saylı etibarnamənin surətindən görünür ki, X2 ona məxsus olan «Mercedes Benz E220» minik markalı ** BU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsini Cavabdeh xx.xx.2020-ci il tarixədək etibar etmişdir. -AD № 746688 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2019-cu il buraxılışlı «Mazda CX-5» markalı, ** PF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Prior Leasing ASC”-nin mülkiyyətindədir. -xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Prior Leasing ASC”-nin mülkiyyətində olan «Mazda CX-5» markalı, ** PF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi X3 xx.xx.2020-ci il tarixədək etibar edilmişdir. -İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə məlumatdan görünür ki, «Mercedes Benz E220 CDİ» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil Xalq Sığorta ASC-də icbari sığorta növündə sığortalanmışdır. -Avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsindən görünür ki, “Prior Leasing ASC”-yə məxsus olan «Mazda CX-5» minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil şərtsiz azadolma məbləği 500 manat, sığorta predmetinin dəyəri 68000 manat, sığorta məbləği 68000 manat, sığorta haqqı isə 1883.60 manat dəyərində sığortalanmışdır. -xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də C-Mİ-0107/20 saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək azadolma məbləği 500 manat çıxılmaqla 68000 manat dəyərində sığortalanmış “Prior Leasing ASC”-yə məxsus «Mazda CX-5» markalı, ** PF *** qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi ünvanında baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 5394.03 manat ziyan dəymiş, həmin məbləğ avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüş, sığortalı tərəfindən şərtsiz azadolma məbləği ödənilmişdir. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi YPX Alayı bildirir ki, xx.xx.2020-ci il tarixdə saat 15:45-də Bakı-Quba yolunun 20-ci km-də toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, X1 mülkiyyətində olan, hadisə baş verən anda qüvvədə olan etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunmuş «Mercedes Benz E220» minik markalı ** BU *** qeydiyyat nişanlı avtomobil “Prior Leasing ASC”-nin mülkiyyətində olan, hadisə baş verən anda etibarnamə əsasında X4 tərəfindən idarə olunmuş «Mazda CX-5» markalı, ** PF *** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə zərər dəymişdir. -İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə «Mercedes Benz E220» minik markalı ** BU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 40 manat dəyərində cərimə olunmuşdur. -xx.xx.2020-ci il tarixli dəymiş zərərin hesablanmasına dair hesabatdan görünür ki, «Mazda CX-5» markalı, ** PF *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 5394.03 manat hesablanmışdır. -xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən Rotary Motors MMC-nin hesabına göstərilmiş xidmətlərə görə 5394.03 manat pul vəsaiti köçürülmüşdür. -»Paşa Sığorta» ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 357.51 manat sığorta ödənişi məbləği 15 təqvim günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu Fatmayı ərazi dairəsi Fatmayı kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3366 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı «Mazda CX-5» markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4285 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Xalq Sığorta ASC-də icbari sığorta növündə sığortalanmış, X1 mülkiyyətində olan, hadisə baş verən anda qüvvədə olan etibarnamə əsasında Cavabdeh tərəfindən «Mercedes Benz E220» minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" ASC-də isə kasko sığorta növündə sığortalanmış “Prior Leasing ASC”nin mülkiyyətində olan, hadisə baş verən anda etibarnamə əsasında sürücü X4 tərəfindən «Mazda CX-5» markalı ** PF *** qeydiyyat nişanlı avtomobil idarə olunmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi Bakı-Quba yolunun 20-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «Mercedes Benz E220» minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil «Mazda CX-5» markalı ** PF *** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə, sonuncu avtomobilə 5394.03 manat dəyərində zərər dəymiş, 500 manat azadolma məbləği sığortalı tərəfindən ödənilməklə 4894.03 manat avtomobilə dəymiş ziyanın hesablanması müəyyən olunmuşdur. Lakin Xalq Sığorta ASC tərəfindən 4536.52 manat sığorta ödənişi sığortaçı tərəfindən ödənildiyindən qalıq qalmış 357.51 (48xx.xx-4536.52=357.51) manat sığorta ödənişi məbləğinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Cavabdeh yol hərəkət qaydalarını pozması nəticəsində “Prior Leasing ASC”-nin mülkiyyətində olan «Mazda CX-5» markalı, ** PF *** qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə əsasən, hadisənin törədilməsində təqsiri sübuta yetirilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. “İcbari Sığortalar haqqında Qanun”un: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində «Mazda CX-5» markalı, ** PF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 500 manat azadolma məbləği çıxılmaqla 4894.03 manat hesablanmış və həmin sığorta ödənişi məbləğinin 4536.52 manat dəymiş zərər hissəsi cavabdehə məxsus nəqliyyat vasitəsinin icbari sığorta olunduğu "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırda, iddiaçı qalıq qalmış 357.51 manat dəymiş ziyan məbləğini cavabdehdən tələb etsə də, məhkəmə həmin ödənişlə bağlı qeyd edir ki, cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin yaranmadığı müəyyən olunmuşdur. Belə ki, məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, qiymətləndirərək sübut növü kimi nəzərə alır. Həmin ekspert rəyi əsasında hesablanmış 4285 manat dəymiş ziyan məbləğindən 500 manat azadolma məbləği çıxılmaqla 3785 manat dəymiş ziyan məbləğinin qalması qənaətinə gəlinir (4285-500=3785). Göründüyü kimi, cavabdehin avtomobilinin sığorta olunduğu "xxxx" ASC tərəfindən 4536.52 manat dəymiş ziyan ödənişi ödənildiyindən məhkəmə cavabdehin iddiaçıya qalıq qalmış dəymiş ziyanın olmadığı qənaətinə gəlir. Bu səbəbdən də, iddia ərizəsi əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti iddiaçı "xxxx" ASCdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar