Məhkəmə qərarları › İş №e-2(012)-242/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-242/2024

15.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-242/2024 15.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) torpaq sahəsinin servitutla yüklü edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) torpaq sahəsinin servitutla yüklü edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin onun xeyrinə servitutla yüklü edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-548/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmaqla, faktiki olaraq ümumi istifadədə olan torpaq sahəsinin nəticə olaraq Cavabdeh sahibliyinə qaytarılması qət edilmişdir. Belə olan halda Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin sərhədləri İddiaçı məxsus xx.xx.2009-cu il tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinə və evə keçidi tamamilə məhdudlaşdırır. Beləliklə, istinad edilən çıxarışla və məhkəmə qərarı ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və evə keçid tamamilə məhdudlaşır və onun mülkiyyət hüquqları pozulur. Bu pozuntunun aradan qaldırılması üçün Cavabdeh mülkiyyətində olan torpaq sahəsi servitutla yüklü edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin İddiaçı xeyrinə servitutla yüklü edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib izahatında göstərdi ki, 2009-cu il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmişdir. Həmçinin torpaq sahəsinə giriş-çıxış üçün yol göstərilmiş, həmin yolun üstündə qapı qoyulmuş, göstərilən yoldan giriş-çıxış üçün istifadə edilmişdir. Eyni zamanda iddiaçıya verilmiş torpaq sahəsinə ünvan verilmiş, həmin yolda ünvana uyğunlaşdırılmış, iddiaçı həmin vaxtdan qeyd olunan ünvanda yaşamışdır. Sözügedən ərazidə torpaq sahəsi 2011-ci il tarixdə Cavabdeh satılmışdır. Cavabdeh aldıqdan sonra torpaq sahəsində özünə tikili inşa etmişdir. Bundan sonra tərəflər arasında məhkəmə mübahisələri başlamışdır. Mübahisə cavabdehə torpaq sahəsi satılarkən iddiaçının istifadə etdiyi girişçıxış yolunun və iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin satılan torpaq sahəsi kimi göstərilməsi olmuşdur. Hətta cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt edərək orda tikili inşa etmişdir. İddiaçı cavabdeh tərəfindən onun torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və nəticə etibarı ilə iddiası təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində tərəflər arasındakı mübahisəyə baxılarkən giriş-çıxış yolunun tutulması ilə iddiaçının özünə məxsus torpaq sahəsinə və evə girişin tamamilə məhdudlaşdığı müəyyən edilmişdir. İddiaçının özünə məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə giriş-çıxışı üçün başqa yolu yoxdur. Bu səbəbdən də giriş-çıxış yolu üçün cavabdehə məxsus torpaq sahəsinin servitutla yüklü edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Digər bir qonşunun da giriş-çıxış yolu həmin ümumi istifadədə olan yola açılır. İddiaçıya məxsus torpaq sahəsinə və evə giriş-çıxış yolu dövlət reyestrindən çıxarışla cavabdehə məxsusdur. Qanunvericilikdə həmin torpaq sahəsinin servitutla yüklü edilməsinə imkan verir. Bu səbəbdən də iddiaçının həmin giriş-çıxış yolundan istifadə edərək özünə məxsus torpaq sahəsinə və evə girib-çıxa bilməsi üçün Cavabdeh məxsus torpaq sahəsi servitutla yüklü edilməlidir. Həmçinin cavabdeh etirazında qeyd edir ki, iddiaçının arxa tərəfdən öz torpaq sahəsinə və evinə giriş-çıxış yolu mövcuddur. Bu həqiqətə uyğun deyildir, belə bir yol mövcud deyildir. Qeyd olunan arxa tərəfdəki torpaq sahəsinin mülkiyyətçisi başqa bir şəxsdir. Həmin şəxsdə öz torpaq sahəsində bir neçə ev tikmiş, hər bir ev üçün ayrıca darvaza və qapı qoymuş, həmçinin 3 metr enində öz torpaq sahəsində tikdiyi evlərdən giriş-çıxış üçün yol çəkmiş, iddiaçıya da həmin yoldan istifadə üçün icazə vermişdir. İddiaçı da həmin istiqamətdə qapı qoymuşdur. Göründüyü kimi qeyd edilən yol olan torpaq sahəsi başqa bir şəxsin mülkiyyətindədir. Bu səbəbdən də cavabdeh iddiaçının torpaq sahəsinə və evə giriş-çıxışa yolunun olduğunu iddia edə bilməz. Digər tərəfdən həmin torpaq sahəsinin mülkiyyətçisi istənilən vaxtı arxadan olan sözügedən yolu bağlaya bilər. Çünki həmin şəxsin öz torpaq sahəsidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X3 da iddianı müdafiə edib izahatında göstərdi ki, məhkəmə qərarları ilə İddiaçı sözügedən giriş-çıxış yolundan maneəsiz istifadə edə biləcəyi müəyyən edilmişdir. Onda 2008-ci il tarixdən olan videogörüntülər mövcuddur ki, sözügedən yol ümumi istifadədə olmuşdur. İddiaçı 2008-ci il tarixdən həmin yoldan istifadə edir. Ümumilikdə həmin yoldan iddiaçı və digər qonşu istifadə edir. Qeyd olunan yolda qaz, kanalizasiya və digər kommunikasiya xətləri çəkilmiş, infrastruktur qurulmuşdur. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçının mülkiyyətindən cəmi 0.03 ha torpaq sahəsidir. Həmin ərazidə iddiaçı 2008-ci il tarixdən yaşayır. Cavabdeh isə həmin ərazidə ümumiyyətlə yaşamır. Həmin ərazidə cavabdehə məxsus yarımçıq tikili vardır. İddiaçının özünə məxsus torpaq sahəsinə və evə başqa girişçıxış yolu yoxdur. Aralarında 7-8 ildir məhkəmə mübahisəsi gedir. Torpaq sahəsinə yerində baxış keçirilmişdir. Əgər həmin torpaq sahəsinə başqa giriş-çıxış yolu mövcud olsa idi, həmin məhkəmə mübahisələrində bunu mütləq müəyyən edərdilər. İddiaçıya məxsus torpaq sahəsinə və evə giriş-çıxışa arxa hissədən olan yolun yerləşdiyi torpaq sahəsi başqa şəxsin mülkiyyətidir. Hazırda iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən zəruri yol istəyir. Cavabdeh həmin giriş-çıxış yolunu bağlamaq istədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin giriş-çıxış yolundan 3(üç) ailə istifadə edir. İddiaçının yalnız torpaq sahəsinə dövlət reyestrindən çıxarışı vardır. Həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışı mövcud deyildir. Bu səbəbdən də iddiaçı və onun digər ailə üzvləri həmin torpaq sahəsində tikilmiş evdə qeydiyyatsız yaşayırlar. Eləcə də, iddiaçı və cavabdehə torpaq sahəsi eyni şəxs tərəfindən satılmışdır. Həmin şəxs torpaq sahəsini satanda iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış yolu kimi hazırki mübahisəli giriş-çıxış yolunu göstərmişdir. Sadəcə texniki səhv olaraq mübahisəli giriş-çıxış yolu cavabdehə satılan torpaq sahəsinin tərkib hissəsində göstərilmişdir. Bunu torpaq sahəsini satan şəxs tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi zamanı verdiyi izahatda göstərmişdir. İddiaçıdan əvvəl həmin ərazidə ev tikmiş və yaşamış digər qonşunun da giriş-çıxış yolu öncədən həmin mübahisəli giriş-çıxış yoluna açılmışdır. Daşınmaz Əmlakın nümayəndəsi də ərazidə olmuş, digər yolun başqa şəxsin mülkiyyətində olduğunu, ordan yol ola bilməyəcəyini qeyd etmiş, hazırki mübahisəli yolun isə ümumi istifadədə olan yol olduğunu görmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, sözügedən ərazidə torpaq sahəsini İddiaçı sonra 2011-ci il tarixdə almışdır. İddiaçının öz torpaq sahəsinə digər tərəfdən giriş-çıxış yolu vardır. O, qeyd olunan ərazidə torpaq sahəsini aldıqda digər tərəfdən yolu görmüşdür. Uzun müddət aldığı torpaq sahəsinə getməmişdir. 2016-cı il tarixdə aldığı torpaq sahəsinə getmişdir. Səbəb isə ona məxsus torpaq sahəsinə başqa şəxsin girməsi olmuşdur. O, həmin şəxsi öz torpaq sahəsindən çıxarmışdır. Daha sonra isə onun torpaq sahəsindən yol kimi istifadə edən iddiaçını aralarında razılaşmaq üçün çağırmışdır. Lakin iddiaçı onunla razılaşmamışdır. Bundan sonra o, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmişdir. 2 (iki) dəfə məhkəmə prosesi zamanı sözügedən torpaq sahəsinə baxış keçirilmişdir. Nəticə etibarı ilə məhkəmə mübahisəsi onun xeyrinə həll olunmuşdur. Hazırda isə iddiaçı tərəf ona qarşı başqa bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçının öz torpaq sahəsinə və evinə giriş-çıxış yolu mövcuddur. Özünə məxsus torpaq sahəsinə ev inşa etməmişdir. Sadəcə tikili inşa etmişdir. Digər qonşu da ona məxsus torpaq sahəsinin təxminən 0.01 ha hissəsini zəbt etmişdir. Digər qonşunun da digər tərəfdən böyük qarajı, darvazası və qapısı mövcuddur. Arxadan olan giriş-çıxış yolunun yerləşdiyi torpaq sahəsi isə heç kəsin mülkiyyətində deyildir. Orda müxtəlif mülkiyyətçilər vardır. Həmin mülkiyyətçilərin istifadə etdiyi ümumi yoldur. Həmin hissədə heç kəsin mülkiyyətində olan torpaq sahəsi yoxdur. Heç birinin hüquqmüəyyənedici sənədi yoxdur. Həmin hissədə yalnız bir şəxsin torpaq sahəsinə deyil, tikdiyi fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışı mövcud olmuşdur. Həmin şəxsdə öz evini başqa şəxsə satıb çıxıb getmişdir. İddiaçının 0.03 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışı vardır. O, harda qeyd olunmuşdur ki, 0.03 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışı olan şəxsə 0.03 ha dövlət reyestrindən çıxarışı olan torpaq sahəsi də yol olaraq hədiyyə olunsun. Yəni, bu heç bir məntiqə sığan fikir deyildir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan AA 020082 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.0648 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan AA 026836 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.0648 ha torpaq sahəsinin Cavabdeh adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə olunan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-548/2023 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********79 saylı daşınmaz əmlakın pasportuna əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin 99.74 kv.m hissəsindən o cümlədən həmin hissənin şimal qərbindən 79.94 kv.m gediş-gəliş yolu və 19.80 kv.m çardaq hissəsində tikili cavabdehlər İddiaçı və X3 tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, həmin hissədə cavabdehlər tərəfindən aparılan tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin Cavabdeh sahibliyinə qaytarılması qət edilmişdir. Cavabdeh X1 apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin X2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş AA 020082 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə faktiki gediş-gəliş yolu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı 01632278 nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş AA 026836 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinə yerli baxış zamanı iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə başqa giriş-çıxış yolunun mövcud olması müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin onun mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə keçidi tamamilə məhdudlaşdırdığını, ona məxsus torpaq sahəsinə və evə keçid üçün başqa yolun olmadığını, nəticə etibarı ilə bunun onun mülkiyyət hüquqlarının pozduğunu bildirərək, bu pozuntunun aradan qaldırılması üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsinin servitutla yüklü edilməsini xahiş etsə də, öz tələbini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansısa bir sübut təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********79 saylı daşınmaz əmlakın pasportuna əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin 99.74 kv.m hissəsindən o cümlədən həmin hissənin şimal qərbindən 79.94 kv.m gediş-gəliş yolu və 19.80 kv.m çardaq hissəsində tikili cavabdehlər İddiaçı və X3 tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, həmin hissədə cavabdehlər tərəfindən aparılan tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin Cavabdeh sahibliyinə qaytarılması qət edilmiş, cavabdeh X1 apellyasiya şikayətinin təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qətnaməsi X2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə faktiki gediş-gəliş yolu Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinə yerli baxış zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa giriş-çıxış yolunun mövcud olması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının servitutla yüklü edilməsini tələb etdiyi torpaq sahəsinin məhkəmə qətnaməsi ilə cavabdehin sahibliyinə qaytarılması qət edilmişdir. Eyni zamanda iddiaçıya məxsus torpaq sahəsinə və evə alternativ başqa giriş-çıxış yolu mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf iddia tələbində qeyd edilən mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsində tikdiyi evə başqa giriş-çıxış yolunun olmadığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi, mütəxəssis rəyinə əlavə edilən sxem və fotoşəkildən görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa giriş-çıxış yolu mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) torpaq sahəsinin servitutla yüklü edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) torpaq sahəsinin servitutla yüklü edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar