Məhkəmə qərarları › İş №e-2(012)-2569/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2569/2025

01.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2569/2025 01.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Natiq oğlunun iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən mülkdən istifadə hüququnun itirilmiş hesab edilərək qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş hissəsinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Natiq oğlunun ünvan 2 evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mülk iddiaçıya məxsus olmaqla, sahəsi 44.8 kv.mdən ibarətdir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının bacısı, Cavabdeh2 Natiq oğlu isə bacısının oğludur. Hazırda cavabdehlər iddiaçıya məxsus olan mülkdə yaşamasalar da, formal olaraq mülkündə qeydiyyatdadırlar. Belə ki, bacısı Cavabdeh1 ailə qurmuş və cavabdehlərin özlərinə məxsus yaşayış yerləri var. Belə olan halda cavabdehlərin iddiaçının mülkiyyətində olan evdən istifadə hüququ yoxdur. Dəfələrlə cavabdehlərdən ona məxsus olan evdən qeydiyyatdan çıxıb öz yaşadıqları evə qeydiyyata düşmələrini tələb etməsinə baxmayaraq, cavabdehlər hər dəfə bir bəhanə gətirərək imtina etmişlər. Nəhayət, o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mülkiyyət iddiaçıya məxsusdur. İddiaçının evə dair çıxarışı da vardır. Cavabdeh ailə qurana qədər həmin evdə yaşamış, ailə qurduqdan sonra köçmüşlər. Həmin evdə payları olmadığından kompensasiya verilməsinin heç bir əsası yoxdur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, uşaq olanda həmin evdə yaşamışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək təmin olunmamasını, kompensasiya ödənilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, bacıqardaşın hər birinə 5 sot olmaqla torpaq ayrılmışdır. Bacısı Pərvanəyə məxsus 5 sot torpaqda iddiaçı və bacısı işləyərək birlikdə ev tikmişlər.Ev tikilən vaxtdan – 1992-ci ildən orada yaşamağa başlamışlar. 1997-ci ilin dekabr ayında o, ailə həyatı qurmuşdur. Ev iddiaçının adına olsa da, həmin ev rəhmətlik bacısı ilə birlikdə alınmışdır. Hazırki mübahisəli evdə iddiaçı cəmi 3-4 il yaşamış, 2000-ci ildən isə başqa yerdə yaşamışdır. Torpağı olan bacısı dünyasını dəyişmişdir. Hazırda həmin evdə bacıları yaşayır. Təxminən 5-10 ildir ki, o həmin evdə yaşamır, Rəsulzadə qəsəbəsində özünə məxsus mənzili var. Oğlu - Cavabdeh2 2003-cü ildə həmin evdə dünyaya gəlmiş, 2014-cü ilə qədər həmin evdə yaşamışdır. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsi, ev 15 ünvanda qeydiyyatdadırlar. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4192/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər X6 və X2 özlərinə məxsus əşyaları ilə birlikdə ünvan 2 evdən çıxarılması qət edilmişdir. -Həmin qətnamədən görünür ki, təsviri hissəsində “1993-cü ildə Zəngilan rayonu işğal olunduqdan sonra iddiaçının ailəsi, atası, anası, qardaşı və bacıları qaçqın kimi ona məxsus ünvan 2 fərdi yaşayış evinə gəlmişlər. Lakin digər bacısı 1977-ci il təvəllüdlü Nəzakət 9-10-cu sinifdən iddiaçının yanında qalmışdır”, həmçinin “Cavabdehlər X4 və X3 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbəsi üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehlərə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər” ifadələri qeyd olunmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan (reyestr nömrəsi – **********23) görünür ki, sahəsi 0.065 ha olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanda yerləşən torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1, İddiaçı, X1, X7, X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixdə İddiaçı adına texniki pasport əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. -74 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanda yerləşən 2 yaşayış otağından ibarət, sahəsi 44.8 m2 olan 15 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydə alınmışdır. -Abşeron rayon Hərbi Komissarlığı tərəfindən X5 verilmiş xx.xx.2001-ci il tarixli, 048688 saylı vəsiqədən görünür ki, vəsiqənin sahibi müharibə veteranı olduğu üçün AR qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli evə dair iddiaçının adına 1988-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər iddiaçının bacısı və bacısının oğludur və onlar artıq uzun müddətdir ki, yəni 2014-cü il tarixdən həmin mənzildə yaşamırlar. Hazırda İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun dəlili bundan ibarətdir ki, cavabdehlər həmin evdə yaşamırlar və öz hərəkətləri ilə mülkiyyətçi kimi onun hüquqlarını pozurlar. Bu səbəbdən cavabdehlərin mübahisəli evə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehlərin mübahisə predmeti olan evi uzun müddət əvvəl tərk edərək başqa yaşayış ünvanına - cavabdehlərə məxsus mənzilə köçməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə olan halda cavabdehlərin iddiaçıya məxsus evdə istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqlarının və X10 haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin: 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mübahisəli əmlaka formal olaraq istifadə hüququnun qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırdığından, bu isə öz növbəsində iddiaçının mülkiyyət hüquqlarını pozduğundan həmin cavabdehlərin qeyd olunan evə dair istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə Cavabdeh1 kompensasiya tələb etməsi ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarından görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə qanunun tələblərini, Avropa məhkəmə tərcübəsini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Natiq oğlunun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsi ünvanda yerləşən 15 saylı evə olan istifadə hüququ itirilmiş hesab olunmaqla həmin hüquqa xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Natiq oğlunun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsi ünvanda yerləşən 15 saylı evə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar