Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-259/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilmiş daş hasarın və qoyulmuş darvazanın sökülməsi, bağlanmış yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Abşeron rayonu Saray bələdiyyəsi cəlb edilməklə) tikilmiş daş hasarın və qoyulmuş darvazanın sökülməsi, bağlanmış yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə gedən bağlanmış yolun açılması, onun üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilmiş daş hasarın və qoyulmuş darvazanın cavabdehlərin öz hesabına sökülməsi, iddiaçının mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya RX ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi təyinatlıdır. Beş ildən artıq müddətdir ki, sözügedən torpaq sahəsinə aparan yol Cavabdeh1 tərəfindən bağlanılmışdır. Belə ki, Saray Bələdiyyəsinə qarşı torpaq sahəsinə gedən yolun açılması, tikilmiş daş hasarın və qoyulmuş darvazanın sökülməsi, mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş, Məhkəmə iş üzrə 20.04.2021-ci il tarixli 2-1(118)-105/2021 saylı qərar qəbul etmişdir. Mübahisənin Sumqayıt İnzibati Məhkəməsində araşdırılması zamanı müəyyən edilmişdir ki, sözügedən daş hasar və darvaza torpaq sahəsinin mülkiyyətçisi Saray bələdiyyəsi tərəfindən deyil, hazırki iş üzrə cavabdehlər tərəfindən inşa edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, Saray Bələdiyyəsinin keçmiş sədri tərəfindən həmin yerə darvaza qoyulacağı təqdirdə torpaq sahəsinin onun mülkiyyətinə rəsmiləşdirilməsi ilə bağlı verdiyi şifahi vəd olmuş, bələdiyyə sədrinin şifahi vədinə əsasən həmin yerdə əri Kərimov Ağasəlim Ağatayır oğlu ilə birlikdə divar inşa etdirərək darvaza quraşdırmış, bununla əlaqədar 6.000 manat xərci çıxmışdır. Məhkəmədə Cavabdeh2 öz həyat yoldaşı Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir. Həmin iddia tələbini təmin etməyən məhkəmə yekun fikrini əsaslandırarkən qərarında göstərmişdir ki, “...bələdiyyələrin mülkiyyətində olan torpaq sahələri başqa şəxslər tərəfindən zəbt olunduğu təqdirdə həmin torpaq sahəsinin boşaldılaraq yenidən qaytarılması torpaq və mülki qanunvericiliyin tələbləri baxımından məhkəmədə qaldırılan iddia tələbi əsasında həyata keçirilir. Hazırki iddia tələbi araşdırılan zaman müəyyən edilmişdir ki, Cavabdeh1 və Kərimov Ağasəlim Ağatayır oğlu tərəfindən inşa edilmiş hasar və quraşdırılmış darvaza bələdiyyənin inzibati ərazisində yerləşir və həmin darvazanın üzərində sahiblik hüququ Saray bələdiyyəsinə deyil, hazırki iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilmiş Cavabdeh1 və Kərimov Ağasəlim Ağatayır oğluna məxsusdur...”. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyindən görünür ki, sözügedən iddia tələbi Saray bələdiyyəsinə qarşı deyil, hazırki iddia üzrə cavabdehlər Cavabdeh1 və Kərimov Ağasəlim Ağatayır oğluna qarşı qaldırılmalıdır. Tikinti yerləşən torpaq sahəsi Saray bələdiyyəsinin mülkiyyətindədir, bu hal inzibati məhkəmədə araşdırma zamanı işin müəyyən edilmiş hallarından biridir. Lakin göründüyü kimi, cavabdehlər sözügedən torpaq sahəsinə ümumi istifadədə olan yola hər hansı hüquq əldə etmədən onun üzərində mişar daşları ilə hasar çəkmiş və dəmir darvaza qoymuş, bununla da İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə istifadəsinə maneə yaradaraq, istifadəni mümkünsüz vəziyyətə gətirmişlər. Qanunvericiliyin tələbindən göründüyü kimi, torpaq sahəsini özbaşına tutmuş – onu zəbt etmiş şəxs həmin torpaq sahəsində apardığı tikiliyə hər hansı hüquq əldə etmir və belə tikili maraqlı tərəfin şikayəti əsasında sökülə bilər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisəli yol ümumi istifadədə olan yol olmaqla cavabdehlərin həmin torpaq sahəsinə hər hansı hüququ yoxdur. Cavabdehlər tərəfindən həmin yolda daş hasar inşa edilməklə darvaza qoyulmuşdur və onlar həmin yoldan faktiki olaraq istifadə edirlər. Onun öz mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq başqa giriş-çıxış yolu mövcud olmadığından iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etdi ki, mübahisəli torpaq sahəsini bələdiyyədən şifahi razılaşma əsasında almışdır. Müəyyən səbəblərdən sənədləşmə işləri baş tutmasa da, həmin ərazi onun və ailə üzvlərinin faktiki istifadəsində olduğundan iddia tələbi təmin edilməməlidir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək digər cavabdehlə eyni məzmunlu izahat verdi. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Saray bələdiyyəsinin nümayəndəsi-sədri X2 bildirdi ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mübahisəli ərazi bələdiyyə xəritəsində ümumi istifadədə olan torpaq sahəsi olaraq qeyd edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi 06.09.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi təyinatlıdır. Torpaq sahəsinə dair İddiaçı adına A 184761 saylı, 29.08.2017-ci il tarixli plan və ölçü tərtib edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2- 1(118)-105/2021 saylı qərarından görünür ki, İddiaçı Saray Bələdiyyəsinə qarşı torpaq sahəsinə gedən yolun açılması, tikilmiş daş hasarın və qoyulmuş darvazanın sökülməsi, mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 27.05.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus 0,04 ha torpaq sahəsinə naturada müayinə baxışı (inventarlaşma və çöl-ölçmə) keçirilmişdir. Müayinə baxışı zamanı Seriya RX ******* nömrəli çıxarışla iddiaçıya məxsus 0,04 ha torpaq sahəsinin giriş-çıxış yolu digər vətəndaş tərəfindən bağlanmışdır. Həmin giriş-çıxış yolu İdarə tərəfindən qeydə alınmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin 03.03.20222-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, 06.09.2017-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən girişdən əlavə ümumi istifadədə olan yolun dəmir darvaza ilə bağlandığı, faktiki olaraq cavabdehlər tərəfindən istifadə olunduğu, həmçinin iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq başqa giriş-çıxış yolunun mövcud olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 08.04.2022-ci il tarixli, 10/1955 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən ********** qeydiyyat nömrəli, 06.09.2017-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən girişdən əlavə ümumi istifadədə olan yolun dəmir darvaza ilə bağlandığı, faktiki olaraq cavabdehlər tərəfindən istifadə olunduğu, həmçinin iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq başqa giriş-çıxış yolunun mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi 06.09.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. O iddia edir ki, onun torpaq sahəsinə gedən yol cavabdehlər tərəfindən tutulmuş, orada mişar daşından hasar çəkilmiş və dəmir darvaza qoyulmuşdur. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə gedən bağlanmış yolun açılması, onun üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilmiş daş hasarın və qoyulmuş darvazanın cavabdehlərin öz hesabına sökülməsi, iddiaçının mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər isə iddia tələbini qəbul etmirlər. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239-cu maddəsinə görə fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə görə bələdiyyə avtomobil yolların şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən və onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Bələdiyyə yolları bələdiyyə qurumlarının ərazisi hüdudlarında avtomobil və başqa nəqliyyat əlaqələrini təmin edir. Həmin Qanunun 13-cü maddəsinə görə ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20-ci maddəsinə görə yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və cavabdehlərin həmin sahəyə dair hər hansı hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bu mübahisəli ərazinin tutulması isə iddiaçıya məxsus torpaq sahəsinə gedən zəruri yolun kəsilməsinə səbəb olur. Mübahisəli ərazidə mişar daşı ilə hasar inşa edilməsi və orada darvaza qoyulması faktı cavabdehlərin əvvəlki inzibati məhkəmə icraatı zamanı verdikləri izahatlarla təsdiq edilmişdir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(118)- 105/2021 saylı qərarından görünür ki, Cavabdeh1 göstərmişdir ki, Saray Bələdiyyəsinin keçmiş sədri tərəfindən həmin yerə darvaza qoyulacağı təqdirdə torpaq sahəsinin onun mülkiyyətinə rəsmiləşdirilməsi ilə bağlı verdiyi şifahi vəd olmuş, bələdiyyə sədrinin şifahi vədinə əsasən həmin yerdə əri Kərimov Ağasəlim Ağatayır oğlu ilə birlikdə hasar inşa etdirərək darvaza quraşdırmış, bununla əlaqədar 6.000 manat xərci çıxmışdır. Məhkəmədə Cavabdeh2 da arvadı Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, mübahisəli daş hasar və darvaza torpaq sahəsinin mülkiyyətçisi Saray bələdiyyəsi tərəfindən deyil, hazırki iş üzrə cavabdehlər tərəfindən inşa edilmişdir. Bu tikinti və qurğunun isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən zəruri yolu (təcili tibbi yardım, yanğınsöndürmə və s. maşınlarının girişçıxışı üçün) bağlaması işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia tamamilə əsaslıdır. Cavabdehlərin bələdiyyəyə məxsus mübahisəli ərazidə bu qaydada daş hasar inşa etdirmələri və dəmir darvaza qoydurmaları iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş – gəliş yolunun bağlanmasına səbəb olur ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın əsaslı olduğundan təmin edilməsi nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə gedən bağlanmış yol açılmalı, həmin yol üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş darvaza və ona bitişik daş hasar onların öz hesabına sökülməklə iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququna yaranmış maneələr aradan qaldırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə gedən bağlanmış yol açılsın. Həmin yol üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş darvaza və ona bitişik daş hasar onların öz hesabına sökülməklə iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququna yaranmış maneələr aradan qaldırılsın. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-259/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-259/2022
10.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver