Məhkəmə qərarları › İş №e-2(012)-2593/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2593/2025

02.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2593/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı neqator iddia, torpaq sahəsi və fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə neqator iddia qaldıraraq, ünvan 1 ünvanda, 0,1 ha torpaq sahəsində inşa edilmiş və "xxxx" MMC və "xxxx" MMC tərəfindən eskiz layihələri təsdiq edilmiş fərdi yaşayış evlərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqin şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakların naturada və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyynələşdirmək üçün müayinə baxışının keçirilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlərin və onların ailə üzvlərinin üzərinə fərdi yaşayış evlərinə baxış keçirilməsi üçün şərait yaradılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 ədəd fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir, ona məxsusdur və onun vəsaiti hesabına inşa edilmişdir. İddiaçı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 1-ci Qarabağ müharibəsinin veteranıdır. Müharibədən qayıtdıqdan sonra Bakıda işləyib yaşamaq qərarına gəlmişdir. Xırdalan südçülük - tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84 nömrəli məktubuna əsasən, “Xırdalan südçülük - tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara verilən həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi haqqında” Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 nömrəli Sərəncamı ilə ona fərdi ev tikintisi üçün 0,1 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. 1998-ci ildə həmin sahədə özünə ev tikmiş və 2003-cü ildə həmin evdə yaşamağa başlamışdır. Qardaşı Cavabdeh2 evləndikdən sonra 2005-ci ildən qayınanasına məxsus olan Xocasən qəsəbəsində yerləşən evdə yaşamış, lakin 2009-cu ildə qayınları və qayınanası tərəfindən evdən çıxarılmışdır. Qardaşı ailəsi ilə birlikdə evsiz qalmasın deyə öz torpaq sahəsində ev tikmək qərarına gəlmişdir. Həmin evi tikmək üçün isə özünə avtomobili alınması üçün topladığı 10.000 manatı xərcləmişdir. Bundan başqa, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 784 nömrəli Sərəncamı ilə ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin Sərəncama əsasən ona məxsus torpaq sahəsində yeni ev tikmiş və elə 2010-cu ildə qardaşı Cavabdeh1 evləndikdə valideynlərinin xahişi ilə ona ailəsi ilə birlikdə tikdiyi həmin evdə yaşamasına icazə vermişdir. Qeyd olunmalıdır ki, iddiaçının tikdirdiyi və özünün hazırda yaşayığı evə dair xx.xx.2025-ci il tarixdə çıxarış alınmışdır. Belə ki, daşınmaz əmlakın dövlət reyetsrindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi, H.Z.Tağıyev küçəsi, ev 257 və həmin evin yerləşdiyi 0,1 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İddiaçının inşa etdiyi və hazırda cavabdehlərin yaşadıqları digər evlərə də çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və evin eskiz layihəsi ilə birlikdə tələb olunan bütün sənədləri Xidmətə təqdim etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları digər iki evə çıxarış vermək üçün ölçmə işləri aparmaq istəmiş, lakin cavabdehlər buna mane olmuşlar. Nəticədə inşa etdirdiyi və ona məxsus digər iki yaşayış evinə çıxarış ala bilməmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 09 yanvar 2025-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, daşınmaz əmlakın naturada və ölçülüriənin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmadığı üçün, ərizənin icrasından imtina edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan 0,1 ha torpaq sahəsində onun tərəfindən inşa edilmiş digər iki yaşayış evinə çıxarış alınmasına cavabdehlər tərəfindən maneələr törədilmiş, 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarına evlərin ölçülməsinə maneçilik törədilmişdir. Nəticədə iddiaçının bir mülkiyyətçi kimi hüquqları pozulmuş və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmışdır. Cavabdehlər qəsdən 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarına yaşayış evlərinə baxış keçirilməsi üçün şərait yaratmamış və onların məqsədi iddiaçının həmin evlərə hüquqlarının qeydiyyata alınmasına maneçilik törədilməsidir. Bu səbəbdən də iddiaçı məcbur olub həmin maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və bildirdi ki, iddiaçı onun böyük qardaşı olduğu üçün torpaq sahəsini onun adına rəsmiləşdirilməsinə icazə veriblər. Həmin torpaq sahəsində 18 ildir 3 qardaş birlikdə yaşayır və kommunal ödənişləri edirlər. Ona məxsus ev 2007-ci ildə tikilmişdir. Lakin hazırda iddiaçı onlara məxsus fərdi yaşayış evini də öz adına rəsmiləşdirməyə çalışdığından mütəxəssislərin evin sahəsinin ölçülməsinə icazə vermək istəmir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və bildirdi ki, iddiaçı onun böyük qardaşı olduğu üçün torpaq sahəsini onun adına rəsmiləşdirilməsinə icazə veriblər. Ona məxsus ev 2010-cu ildə tikilmişdir. Lakin hazırda iddiaçı onlara məxsus fərdi yaşayış evini də öz adına rəsmiləşdirməyə çalışdığından mütəxəssislərin evin sahəsinin ölçülməsinə icazə vermək istəmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR PHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində 0,10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0,10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi və üzərində 89.8 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2025-ci il tarixli Fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Dasinmaz Əmlakin Dövlət Kadastrı ve Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alinmasından imtina edilməsi barədə Bildirişdən görünür ki, daşınmaz əmlakın naturada qurulușu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər qardaşdır. İddiaçı Abşeron rayonu, Masazır kəndində 0,10 ha torpaq sahəsinin mülkiyyətçisidir. Hazırda qeyd edilən torpaq sahəsində 3 fərdi yaşayış evi mövcuddur ki, onlardan yalnız biri dövlət qeydiyyatına alınmışdır. İddiaçı digər yaşayış evlərinin də qeydiyyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Dasinmaz Əmlakin Dövlət Kadastrı ve Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, həmin fərdi yaşayış evlərində yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ölçmə işlərinin aparılmasına maneə törədərək buna icazə verməmişlər. Bu hal cavabdehlərin iştirak etdikləri məhkəmə iclasındakı izahatlarında öz əksini tapmışdır. İşdəki hüquq müəyyənedici sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlakın (torpaq sahəsinin) mülkiyyətçisi İddiaçıdur. Digər iki fərdi yaşayış sahəsi onun adına qeydiyyatdan keçməsə də, ona məxsus 0,10 ha torpaq sahəsinin hüdudları daxilindədir. Bu hal gələcəkdə bu evin də iddiaçının adına qeydə alınmasını istisna etmir, yəni yaşayış evinin mülkiyyətinə dair onun “gözlənti hüququ” mövcuddur. İddiaçı cavabdehlərdən mülkiyyətçisi olduğu torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evlərinin sənədləşmə işlərinin aparılması üçün mütəxəssisin iştirakına şərait yaratmalarını tələb etsə də, nəticəsi olmamışdır. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə neqator iddia qaldıraraq, ünvan 1 ünvanda, 0,1 ha torpaq sahəsində inşa edilmiş və "xxxx" MMC və "xxxx" MMC tərəfindən eskiz layihələri təsdiq edilmiş fərdi yaşayış evlərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqin şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakların naturada və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyynələşdirmək üçün müayinə baxışının keçirilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlərin və onların ailə üzvlərinin üzərinə fərdi yaşayış evlərinə baxış keçirilməsi üçün şərait yaradılması vəzifəsinin qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Cavabdehlərin bu cür qanunsuz müdaxiləsi iş materialları, habelə özlərinin izahatları ilə tamamilə təsdiq olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda, 0.10 ha torpaq sahəsində inşa edilmiş və "xxxx" MMC və "xxxx" MMC tərəfindən eskiz layihələri təsdiq edilmiş fərdi yaşayış evlərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqin şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakların naturada və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyynələşdirmək üçün müayinə baxışının keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılmalı, cavabdehlərin üzərinə fərdi yaşayış evlərinə baxış keçirilməsi üçün şərait yaradılması vəzifəsi qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 və Cavabdeh2 ailə üzvlərinin kimlərdən ibarət olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda, 0.10 ha torpaq sahəsində inşa edilmiş və "xxxx" MMC və "xxxx" MMC tərəfindən eskiz layihələri təsdiq edilmiş fərdi yaşayış evlərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqin şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakların naturada və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənələşdirmək üçün müayinə baxışının keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılsın. Cavabdeh1 və Cavabdeh2 üzərinə fərdi yaşayış evlərinə baxış keçirilməsi üçün şərait yaradılması vəzifəsi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar