Məhkəmə qərarları › İş №e-2(012)-2699/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2699/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2699/2025 17.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində X14 və X15) mənzilin sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində X14 və X15) mənzilin sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş 14 mərtəbəli yaşayış evinin 4-cü blokunun 1-ci mərtəbəsində, ümumi sahəsi 96.3 kv.m olan 3 otaqdan ibarət 2 nömrəli mənzilin sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə İddiaçı vəkili-nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş hissəsinin “Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş 14 mərtəbəli yaşayış evinin 4-cü blokunun 1-ci mərtəbəsində, ümumi sahəsi 96.3 kv.m olan 3 otaqdan ibarət 2 nömrəli mənzilin sahibliyinə və istifadəsinə verilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Qoçəlıyeva (Məmmədova) Aygün Azər qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 519 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən “İcraçı” Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1 mərtəbə, ümumi sahəsi 96.3 m2 olan, 4cü blok, 2 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət pay kimi "xxxx"ya verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən "xxxx" müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürür. "xxxx" MMC-nin vermiş olduğu xx.xx.2022-ci il tarixli, 519 saylı maliyyə arayışında göstərilir ki, ünvan 1 ünvanda inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 4-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 96.3 m2 olan 3 otaqlı, 2 saylı mənzilin pay dəyəri - 43335 manat payçı X12 tərəfindən ödənilmişdir, MMC-yə heç bir borcu yoxdur. xx.xx.2021-ci ildə Qoçəlıyeva (Məmmədova) Aygün Azər qızı həmin mənzili X3, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK ilə X15 arasında 608 nömrəli müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh MTK tərəfindən verilmiş arayışda göstərilir ki, həmin mənzil X9 məxsusdur və onun Cavabdeh MTK-ya heç bir borcu yoxdur. xx.xx.2022-ci ildə X15 həmin mənzili iddiaçıya satmış, aralarında Bakı şəhər 9 saylı Notariat Ofisində ilkin alqı-satqı müqaviləsi bağlanmış, əvvəlcə həmin mənzilə görə X9 15000 manat vermişdir. xx.xx.2022-ci ildə isə Cavabdeh MTK və varisi olduğu "xxxx" MMC ilə əvvəllər bağlanmış xx.xx.2021-ci il tarixli, 608 saylı müqavilə əsasında həmin mənzil payçı kimi iddiaçıya ayrılmışdır. Cavabdeh MTK-nın xx.xx.2022-ci il tarixli maliyyə arayışında ünvan 2 ünvanda inşa olunan 5 bloklu, 15 mərtəbəli yaşayış binasının "xxxx" MMC-nin hüquqi varisi Cavabdehnə məxsus olduğu, bu binanın 4-cü blok, 1 mərtəbə, ümumi sahəsi 102.2 m2 olan, 3 otaqlı, 2 saylı mənzilin dəyərinin "xxxx" İddiaçı tərəfindən ödənildiyi, MTK-ya heç bir borcu olmadığı qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-2515/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X6 iddiası qismən təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş 14 mərtəbəli yaşayış evinin 4-cü blokunun 1-ci mərtəbəsində, ümumi sahəsi 96.3 m2 olan 3 otaqdan ibarət 2 nömrəli mənzili X1 verilmişdir. İddiaçı 2023-cü ilin yay aylarında həmin 3 otaqlı mənzilə pəncərələr qoymuş, su, elektrik xətti çəkmiş, bir otağın suvaq işlərini tamamlamış, həmin mənzilin təmirinə 3000 manat məbləğində vəsait sərf etmişdir. Hazırda yaşayış evinin tikintisi başa çatmaq üzrədir, həmin yaşayış evində qismən yaşayanlar var. Lakin cavabdeh onu həmin məzilin sahibi kimi tanımayaraq və qeydə almayaraq iddiaçının həmin mənzildən istifadəsinə icazə vermir. Bununla əlaqədar xx.xx.2025-ci il tarixdə Cavabdeh sədrinə ərizə ilə müraciət etmiş, lakin ərizəsi geri qaytarılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, hal-hazırda həmin mənzillə əlaqədar Qoçalıyeva (Məmmədova) Aygün Azər qızı, X15 və digər hər hansı bir şəxslə aralarında heç bir mübahisə yoxdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəli mənzillə bağlı ilk öncə Qoçalıyeva (Məmmədova) Aygün Azər qızının müqaviləsi bağlanmış, daha sonra X2, hazırda iddiaçının sahibliyindədir, lakin cavabdeh tərəfindən qeydiyyata alınmadığı üçün tərəflərindən məhkəməyə müraciət edilmişdir. Müqavilənin əsli təqdim edilmiş, lakin digər sənədlərin əsli Sumqayıt Ağır Cinayətlər məhkəməsinə verilmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, artıq mənzilin təmirinə başlanılmış, 3000 manat pul xərclənmişdir. Lakin sonradan icazə verilməmişdir. Mübahisəli mənzil ilk öncə X10 məxsus olmuş, daha sonra X2, hazırda isə iddiaçıya məxsusdur. Mənzil başqa şəxslərə satılmamışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli mənzili 2021-ci ildə alınmışdır. Korrupsiya iddiaçının adını siyahıya salmadığı üçün cavabdeh tərəfindən mənzil onlara verilməmişdir. Buna baxmayaraq, mənzilin açarı ondadır, biraz təmir etdirmişdir. Hazırki mənzilə dair başqa şəxsin də iddiası olmuş, daha sonra məhkəmə qərarı ilə məsələdən uzaqlaşmışdır. Cavabdeh nə iddiaçının, nə də evi aldıqları adamın adına evi qeydiyyata almır. Həmçinin atasının soyadında texniki səhv olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, hazırda mənzillə bağlı heç bir problemi yoxdur, sadəcə qeydiyyata alınmaq istəyir. Cavabdeh MTK məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxslər X14 və X15 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin ayrı-ayrılıqda xx.xx.2025-ci il tarixdə teleqramla müraciət edərək, iddia tələbinə razı olmaqla qəbul etdiklərini bildirmiş, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Belə olan halda məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən İİİ şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İcraçı "xxxx" MMC ilə payçı X13 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 519 saylı müqavilədən görünür ki, icraçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 m2 olan, 4-cü blok, 2 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 519 saylı maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 4-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 96.3 m2 olan 3 otaqlı, 2 saylı mənzilin pay dəyəri - 43335 manat payçı X12 tərəfindən ödənilmişdir, onun MMC-yə heç bir borcu yoxdur. -İcraçı Cavabdeh MTK ilə payçı X15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 608 saylı müqavilədən görünür ki, Cavabdeh MTK və ya varisi olduğu "xxxx" MMC ilə əvvəllər bağlanmış xx.xx.2012-ci il tarixli, 519 saylı müqavilə əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 16 mərtəbəli yaşayış evinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.2 m2 olan, 2 nömrəli mənzili pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa olunan 5 bloklu, 16 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 4-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 102.2 m2 olan 3 otaqlı, 2 saylı mənzilin pay dəyəri - 56210 manat payçı X15 tərəfindən ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur. -X4 (etibarnamə əsasında nümayəndəsi X16) və alıcı İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilə qüvvəyə mindiyi andan 6 ay ərzində ünvan 4 ünvanda yerləşən 5 bloklu, 16 mərtəbəli 4-cü blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 102.2 m2 olan 3 otaqlı, 2 saylı mənzilə dair Azərbaycan Respublikasının DƏDRX dövlət reyestrdən çıxarışı, yüklülüyünə dair dövlət reyestrindən arayışı və əsas müqavilənin bağlanması uçün tələb olunan bütün digər zəruri sənədləri əldə etməklə alaraq mənzili aıcıya satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və həmin mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə ünvan 4 ünvanda yerləşən 5 bloklu, 16 mərtəbəli 4-cü blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 102.2 m2 olan 3 otaqlı, 2 saylı mənzili öz mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüşdür. -İcraçı Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MTK və ya varisi olduğu "xxxx" MMC ilə əvvəllər bağlanmış xx.xx.2021-ci il tarixli, 608 saylı müqavilə əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.2 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 2 nömrəli mənzili pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa olunan 5 bloklu, 16 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 4-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 102.2 m2 olan 3 otaqlı, 2 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur. -İddiaçı tərəfindən Cavabdeh MTK-nın sədrinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli mənzil tikinti müqaviləsinə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanda inşa olunmuş 14 mərtəbəli yaşayış evinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.2 m2 olan 3 otaqdan ibarət 2 nömrəli mənzilin onun istifadə və sahibliyinə verilməsini xahiş etmişdir. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2515/2018 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC ilə X11 arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 324 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanda inşa olunmuş 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 m2 olan 2 otaqdan ibarət 49 nömrəli mənzilin tikintisi başa çatdırılmaqla X7 və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanda inşa olunmuş 14 mərtəbəli yaşayış evinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.3 m2 olan 3 otaqdan ibarət 2 nömrəli mənzilin X10 təhvil verilməsi qət edilmişdir. -Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(124)-27/2025 saylı sorğuya cavab məktubundan görünür ki, ünvan 5 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış evinin İV blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 2 nömrəli mənzilin zərərçəkmiş şəxs X8 bacısı qızı X5 adına rəsmiləşdirildiyi müəyyən edilmişdir. -Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 6 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış evinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 2 nömrəli mənzilə baxış keçirilərkən sözügedən mənzilin qapısının açarı olduğu, həmçinin təmirsiz olduğu və hazırda yaşayışın olmadığı, hazırda mənzilin İddiaçı sahiblik və istifadəsində olduğu müəyyən olunmuşdur. Həmçinin yerli baxış zamanı iddiaçının nümayəndəsi tərəfindən mənzilin qapısının açıldığı,mənzildə bəzi otaqlarda ağ suvaq işləri aparıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, "xxxx" MMC və müstəqil tələb irəli sürməyən İİİ şəxs X13 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 519 saylı müqaviləyə əsasən "xxxx" MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 m2 olan, 4-cü blok, 2 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət pay kimi sonuncuya verməyi öhdəsinə götürmüş, sonuncu mənzilin pay dəyərini - 43335 manat məbləği ödəmiş, bununla bağlı ona xx.xx.2022-ci il tarixli, 519 saylı maliyyə arayışı verilmişdir. Daha sonra cavabdeh ilə müstəqil tələb irəli sürməyən İİİ şəxs X15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 608 saylı müqaviləyə əsasən cavabdeh “Progress-2016 (hüquqi varisi olduğu "xxxx" MMC ilə bağlanmış xx.xx.2012-ci il tarixli, 519 saylı müqavilə əsasında) Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 16 mərtəbəli yaşayış evinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.2 m2 olan, 2 nömrəli mənzili pay kimi sonuncuya ayırmağı öhdəsinə götürmüş, sonuncu mənzilin pay dəyərini - 56210 manat məbləği ödəmiş, bununla bağlı ona xx.xx.2021-ci il tarixli maliyyə arayışı verilmişdir. Daha sonra X15 (etibarnamə əsasında nümayəndəsi X16) və iddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, X15 bu müqavilə qüvvəyə mindiyi andan 6 ay ərzində ünvan 4 ünvanda yerləşən 5 bloklu, 16 mərtəbəli 4-cü blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 102.2 m2 olan 3 otaqlı, 2 saylı mənzilə dair Azərbaycan Respublikasının DƏDRX dövlət reyestrdən çıxarışı, yüklülüyünə dair dövlət reyestrindən arayışı və əsas müqavilənin bağlanması uçün tələb olunan bütün digər zəruri sənədləri əldə etməklə alaraq mənzili aıcıya satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və həmin mənzili alıcının mülkiyyətinə verməyi, iddiaçı isə ünvan 4 ünvanda yerləşən 5 bloklu, 16 mərtəbəli 4-cü blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 102.2 m2 olan 3 otaqlı, 2 saylı mənzili öz mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüş, bununla bağlı cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh (hüquqi varisi olduğu "xxxx" MMC ilə əvvəllər bağlanmış xx.xx.2021-ci il tarixli, 608 saylı müqavilə əsasında) Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.2 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 2 nömrəli mənzili pay kimi iddiaçıya ayırmağı öhdəsinə götürmüş, iddiaçı mənzilin pay dəyərini ödəmiş, buna dair ona xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2515/2018 saylı qətnaməsinə əsasən, "xxxx" MMC ilə X11 arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 324 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanda inşa olunmuş 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 m2 olan 2 otaqdan ibarət 49 nömrəli mənzilin tikintisi başa çatdırılmaqla X7 və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanda inşa olunmuş 14 mərtəbəli yaşayış evinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.3 m2 olan 3 otaqdan ibarət 2 nömrəli mənzilin X10 təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxtı qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. (Mülki Məcəllənin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquqi norması) Həmçinin Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin: 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kostitusiya Məhkəməsinin Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilimiş, tələbin və etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prossesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. İş üzrə müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2515/2018 saylı qətnaməsinə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanda inşa olunmuş 14 mərtəbəli yaşayış evinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.3 m2 olan 3 otaqdan ibarət 2 nömrəli mənzilin Məmmədova (Qoşəliyeva) Aygün Azər qızına təhvil verilməsi qət edilmişdir. Qeyd edilən mənzilin sonradan Quluzadə Fatimə, daha sonra isə hazırki iddiaçı tərəfindən pay dəyəri ödənilməklə MTK ilə müqavilə bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də həmin mənzilin yerləşdiyi binanın 14 mərtəbəli olduğu, ümumi sahəsinin 96.3 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan normalar, işin məhkəmə tərəfindən araşdırılan halları, həmçinin müstəqil tələb irəli sürən İİİ şəxslərin iddia tələbini qəbul etmələri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddiaçının müqavilə üzrə qeyd edilən mənzilə sahiblik və istifadə hüququ yarandığından, üçüncü şəxslərin hüquqlarından azad olduğundan və iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 14 mərtəbəli yaşayış evinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m olan, izolə olunmuş 3 otaqdan ibarət 2 nömrəli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən xx.xx.2025ci il tarixdə ********** saylı qəbz əsasında ödənilmiş olan 100 manat məbləində dövlət rüsumu Cavabdeh MTK–dan alınaraq İddiaçı ödənilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 14 mərtəbəli yaşayış evinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m olan, izolə olunmuş 3 otaqdan ibarət 2 nömrəli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar