Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-29/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına verilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair KOD 30800118, JN-066A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə **********14 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli, RX ******* saylı çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X6 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmrinə əsasən İddiaçı fərdi ev tikmək üçün 0,08 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra Abşeron rayon Novxanı Kənd XDS İcraiyyə Komitəsinin 27.2 saylı, 30 avqust 1991-ci il tarixli qərarına əsasən torpaq sahəsinin ayrılması nəzərə alınmış və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin reyestri xidməti bundan imtina edərək iddiaçıya ayrılmış torpaq sahəsinə dair Cavabdeh adına şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini bildirmişdir. Bundan sonra iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək çıxarışın verilməsini tələb etmişdir. Məhkəmə zamanı araşdırma aparılarkən reyestri xidmətinin imtinasının əsaslı olub-olmadığını müəyyənləşdirmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Həmin xidmətdən cavab verilmişdir ki, İddiaçı torpaq sahəsinə dair Cavabdeh adına şəhadətnamə və çıxarış verilmişdir. Bu səbəbdən də həmin iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsindən geri götürülərək hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh adına verilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair KOD 30800118, JN-066A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə **********14 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli, RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, hazırda mübahisələdirdiyi torpaq sahəsi ona məxsusdur. Belə ki, Cavabdeh özü həmin torpaq sahəsini ona yerində ölçməklə təhvil vermişdir. Verilmiş suallara cavabında qeyd edir ki, ona məxsus torpaq sahəsinin cizgi planı, torpaq sahəsinin yerində ona verilməsi barədə təhvil-təslim aktı və torpaq sahəsinin koordinatları mövcud deyildir. Onda yalnız Abşeron rayon X9 X11 üzrə əmr mövcuddur. Həmin əmri məhkəməyə təqdim etmişdir. Eyni zamanda həmin əmrin mövcudluğu arxivdən əmrdən çıxarışla da öz təsdiqini tapır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, bütün mümkün sübutları məhkəməyə təqdim etmişlər. Onlarda iddiaçıya məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan da görünür ki, tərəflərə məxsus torpaq sahələrinin koordinatları üst-üstə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1999-cu ildə aqrar islahatlar zamanı mübahisə predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsinə görə ona ilkin sənəd kimi şəhadətnamə verilmişdir. Lakin torpaq sahəsinin bələdiyyə ilə heç bir əlaqəsi olmamışdır. X7 işləyən zaman ehtiyacı olan ailələrə torpaq sahəsi verildiyi üçün ona da torpaq sahəsi verilmişdir. İddiaçı 02 avqust 1991-ci ildə aldığı torpaq sahəsi duz gölünün ətrafında birinci sırada yerləşirdi. Həmin ildə 19 nəfər şəxsə 0,08 ha kənd təsərrüfatına yararsız sahədən torpaq sahəsi verilmişdir. İddiaçının ondan tələb etdiyi torpaq sahəsi sovxozun 1 nömrəli briqadasının üzüm sahəsi idi. Belə ki, iddiaçıya üzüm kollarının arasından istehsal sahəsinin ortasından torpaq verilməsi mümkünsüzdür. Bundan başqa iddiaçının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi yoxdur. İddiaçı ilə onun torpaq sahəsi arasında 2 km məsafə vardır və sənədlərin verilməsində isə 9 il fərq vardır. Həmçinin qeyd edir ki, torpaq sahəsi ayrılan dövrdə X7 kadrlar şöbəsində işləmişdir. Daha sonra isə Novxanı bələdiyyəsində eyni vəzifədə işləmişdir. İddiaçıya əmrlə torpaq sahəsi ayrılmış, ona yeri göstərilmiş və təhvil verilmişdir. Lakin iddiaçının adına torpaq sahəsinə dair şəhadətnamə verilməmişdir. Ola bilər ki, iddiaçı ona ayrılmış torpaq sahəsini digər şəxslərə satsın. Lakin ona ayrılmış torpaq sahəsinə dair şəhadətnamə verilmişdir. O da həmin şəhadətnaməni təhvil verməklə dövlət reyestrindən çıxarış almışdır. Artıq 7-8 ildir ki, iddiaçı ilə aralarında torpaq sahəsinə görə məhkəmə mübahisələri davam edir. Ona məxsus torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər mövcuddur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş Abşeron rayon X6 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmrindən 10 fevral 2017-ci il tarixli, F-123 nömrəli arxiv çıxarışından görünür ki, Sovxoz fəhlə həmkarları ittifaqı komitəsinin və əmək kollektivi şurasının 8.06.1991-ci il tarixli (pr. № 6) qərarını nəzərə alaraq sovxoz fəhlələrinin və Novxanı kənd sakinlərinin yaşayış evinə ciddi ehtiyacını nəzərə alaraq, İddiaçı fərdi ev tikmək üçün istifadəsiz torpaq sahəsindən 0,08 ha torpaq sahəsi verilməsi əmr edilmişdir. Əmrə cizgi və ayrıc aktı daxil edilməmişdir. Abşeron rayon Novxanı Kənd XDS İcraiyyə Komitəsinin 27.2 nömrəli, 30 avqust 1991-ci il tarixli qərarından çıxarışdan görünür ki, İddiaçı sovxozun 02 avqust 1991-ci il tarixli 93 nömrəli əmr ilə 0,08 hektar torpaq sahəsi verilmişdir. İddiaçı sovxozun 02 avqust 1991-ci il tarixli 93 nömrəli əmri ilə kənd təsərrüfatına yararsız sahədən 0,08 hektar torpaq sahəsinin ayrılmasının nəzərə alınması, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikdirilməsinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********72 saylı, 04 fevral 2019-cu il tarixli bildirişdən görünür ki, daşınmaz əmlakın naturada quruluşu və ölçülərin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsi və elektron kadastr baza məlumatlarının araşdırılması zamanı Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin başqa mülkiyyətçiyə (Cavabdeh) **********14 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışla məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış **********17 nömrəli, 17 iyul 2020-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən İddiaçı məxsus 0,08 ha torpaq sahəsi Cavabdeh verilmiş xx.xx.2018ci il tarixli, **********14 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. JN-066A saylı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 20 saylı qərarı ilə 0,20 ha torpaq sahəsi Abşeron rayonu Novxanı kənd sakini Cavabdeh mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.20 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 974 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. A seriyalı 268650 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən 0.2 ha torpaq sahəsinin Cavabdeh adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Abşeron Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(012)-1503/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızına qarşı mülkiyyətə müdaxiləyə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli, 27957 saylı ekspert rəyi ilə Abşeron rayonu, Novxanı kəndində yerləşən İddiaçı məxsus 0,08 ha torpaq sahəsinin koordinatları iş materiallarında olmadığından, həmin torpaq sahəsinin yerində faktiki vəziyyətə uyğun olaraq üst-üstə düşüb-düşməməsinin və Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızı tərəfindən müdaxilə və zəbt hallarının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddianın təmin edilməməsini onunla əsaslanmışdır ki, iddiaçının ona məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızı tərəfindən qanunsuz müdaxilənin olduğu istər iş materialları, istərsə də ekspert rəyi ilə sübut olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış sorğu ilə əlaqədar verilmiş **********16 saylı, 14 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan xx.xx.2018-ci il tarixli, **********14 reyestr nömrəli, 0.20 ha torpaq sahəsinə dair məlumatlar kadastr baza məlumatları araşdırılmış və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordiantları aşağıdakılardır: X-397475.28 Y-4486321.11 X-397516.88 Y-4486333.63 X-397530.15 Y-4486289.60 X-397488.12 Y-4486277.05 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 10 noyabr 2022-ci il tarixli, 10/6137 nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli **********22 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi olmadığından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Cavabdeh faktiki istifadəsində olan mübahisəli 0.2022 ha torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 12 may 2023-cü il tarixli, 10/145 nömrəli rəydən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2020-ci il tarixli məktubunda Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən X3 məxsus 0.08 ha torpaq sahəsi Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli **********14 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin koordinatları üst-üstə düşüdüyü qeyd olunsada Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində Abşeron rayon X9 X11 üzrə xx.xx.1991-ci il tarixli, 93 nömrəli əmrlə X3 fərdi ev tikmək üçün verilmiş 0.08 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən və X2 faktiki istifadəsində torpaq sahəsi olmadığından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.20 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Belə olan halda mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunanlarla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunanlar arasında ziddiyyət olduğundan qərardadda ekspert qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Odur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunan məlumatlar və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi arasında mövcud olan ziddiyyətə son nəticədə məhkəmə tərəfindən qiymət verilə bilməsi göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əqd hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəllə və digər normativ hüquqi aktlar ilə müəyyən olunmuş qaydada aparılır. Həmçinin mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Azərbaycan Respublikasının Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Eyni zamanda əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı X1 rayon X9 X11 üzrə 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmr ilə ona fərdi ev tikmək üçün ayrılmış 0,08 ha torpaq sahəsi ilə Cavabdeh məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyünü bildirərək Cavabdeh adına həmin torpaq sahəsinə dair verilmiş KOD 30800118, JN-066A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə **********14 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli, RX ******* saylı çıxarışın etibarsız hesab edilməsini tələb etsə də, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı tələbinin hüquqi əsaslarını sübut edə bilməmiş, iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş, mübahisələndirilən şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. İddia tələbini təsdiq edən hər hansı mötəbər sübut da iş materiallarında mövcud deyildir. Əskinə mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi və Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə Abşeron rayon X9 X11 üzrə 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmr ilə X3 fərdi ev tikmək üçün verilmiş 0,08 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən və İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi olmadığından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməyin mümkün olmaması, həmçinin Cavabdeh faktiki istifadəsində olan mübahisəli 0,2022 ha torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş Abşeron rayon X6 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmrindən 10 fevral 2017-ci il tarixli, F-123 nömrəli arxiv çıxarışından görünür ki, İddiaçı fərdi ev tikmək üçün 0,08 ha torpaq sahəsinin verilməsinə dair əmrə torpaq sahəsinin cizgi və ayrıc aktı daxil edilməmişdir. Göründüyü kimi iddiaçıya Abşeron rayon X9 X11 üzrə 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmri ilə fərdi ev tikmək üçün 0,08 ha torpaq sahəsi verilsə də, torpaq sahəsinin cizgi-planı çəkilməmiş və ayrıc aktı ilə iddiaçıya təhvil verilməmişdir. Məhkəmə baxışı zamanı da məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, iddiaçı tərəf fərdi ev tikmək üçün ona ayrılmış 0,08 ha torpaq sahəsinin cizgi-planını və ayrıc aktını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həmçinin izahatında fərdi ev tikmək üçün ona ayrılmış 0,08 ha torpaq sahəsinin cizgi-planının və ayrıc aktının onda mövcud olmadığını bildirmişdir. Eyni zamanda iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(012)-1503/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızına qarşı mülkiyyətə müdaxiləyə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə Abşeron rayonu, Novxanı kəndində yerləşən İddiaçı məxsus 0,08 ha torpaq sahəsinin koordinatları iş materiallarında olmadığından, həmin torpaq sahəsinin yerində faktiki vəziyyətə uyğun olaraq üst-üstə düşüb-düşməməsinin və Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızı tərəfindən müdaxilə və zəbt hallarının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddianın təmin edilməməsini iddiaçının ona məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə Hüseynova (Məmmədova) Qəndab Hüseyn qızı tərəfindən qanunsuz müdaxilənin olduğunu istər iş materialları, istərsə də ekspert rəyi ilə sübut olunmaması ilə əsaslandırmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia təmin edilmədiyinə görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Мəhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-29/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-29/2023
14.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver