Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-290/2024 05.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi-vəkili X2, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı sahiblik hüququnun tanınması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı sahiblik hüququnun tanınması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 saylı binanın 2-ci mərtəbəsində, 3 otaqdan ibarət ümumi sahəsi 109,72 kv.m olan 07 saylı mənzilə sahiblik hüququnun tanınması və giriş çıxışa yaradılmış maneələrin aradan qaldırılmasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MTK məxsus Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kombleksində Bina 01, 2-ci mərtəbə, 07 nömrəli, 3 otaqlı, sahəsi 109,72 kv.m. olan mənzili 1kv.m-i 630 AZN olmaqla, ümumilikdə 69123,60 AZN məbləğində pulu AZ/B01/ME02MN07/NGD/251019 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödəməklə 31 oktyabr 2019-cu il tarixli maliyyə arayışı əsasında almışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman və maliyyə arayışı cavabdeh MTK tərəfindən iddiaçıya təqdim edilən zaman həmin mənzil üzərində başqa şəxsin sahiblik hüququ olması barədə heç bir mübahisə olmamışdır. Qeyd edilən mənzilə sahiblik və istifadə hüququ müqavilə və maliyyə arayışı ilə də sübuta yetirilir ki, İddiaçı məxsusdur. İddiaçı evə dair mülkiyyət sənədlərini dövlət reyesterində qeydiyyat aparılması üçün binaya dair qanuni sənədlər MTK tərəfindən binanın tam istismara verilməsinə dair sənədlər ona təqdim edildiyi gün əldə ediləcəkdir. İddiaçı yaxın zamana qədər ona məxsus mənzilə girib çıxmaqda çətinlik çəkməmişdir. Lakin son zamanlarda o mənzili təmir etdirmək qərarına gəlmiş və bunun üçün mənzilə daxil olmaq istəyərkən cavabdeh tərəfindən ona süni maneələr yaradılmış, onun mənzilə girişi məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən cavabdeh MTK-nin nümayəndələrinə dəfələrlə bununla bağlı xəbərdarlıq edilsə də onlar buna əhəmiyyət verməmişlər. Cavabdehin nümayəndələri tərəfindən buna səbəb kimi heç bir söz söylənməmiş, sadəcə mənzilə sahibliyin iddiaçıda olmadığı bilidirilmişdir. Daha sonra məlum olmuşdur ki, Cavabdeh2 adına həmin mənzilə dair xx.xx.2017-ci il tarixli, AZ/B01/MR02/MN07/NGD/170817 saylı mənzilin alqı-satqı müqaviləsi mövcuddur. Cavabdeh2 yaxın müddətlərədək mənzilə gəlməmiş, belə bir iddia ilə çıxış etməmişdir. Həmin cavabdehin mənzilə dair müqaviləyə sahib olması onlara yalnız 2023-cü ilin iyun ayında məlum olmuşdur. İşin hallarından göründüyü üzrə cavabdehlərin hərəkətləri tamamilə qanunsuz olmuş və iddiaçının xeyli miqdarda zərərə uğraması ilə nəticələnməkdədir. Eyni zamanda iddiaçı bütün bu hadisələrə görə dərin əsəb və stress altındadır. Ona cavabdehlər tərəfindən həm maddi, həm də mənəvi zərər yetirilməkdədir. Belə ki, yuxarıda qeyd edilən məsələlər ilə əlaqədar olaraq iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kombleksində Bina 01, 2-ci mərtəbə, 07 nömrəli, 3 otaqlı, sahəsi 109,72 kv.m. olan mənzilin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və sahiblik hüququnun məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi-vəkili X4 iddianı qəbul etməmiş və məhkəməyə ünvanladığı etiraz ərizəsini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış kompleksində 01 saylı binanın 2-ci mərtəbəsindəki 3 otaqdan ibarət, ümumi sahəsi 109.69 kv.m olan, 7 saylı mənzil Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə AZ/B01/MR13/MN07/NGD/170817 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin qiyməti 65 812 (altmiş beş min səkkiz yüz on iki) manat müəyyən edilmişdir. Mənzilin dəyəri hissə-hissə ’’Alıcı” Cavabdeh2 tərəfindən tam ödənilmiş və bu barədə onun adına MTK tərəfindən maliyyə arayışı verilmişdir. İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsində qeyd etdiyi işin hallan həqiqətə uyğun deyildir. İddiaçı tərəfindən mübahisələndirilən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində bina 01,2-ci mərtəbə, 07 nömrəli, 3 otaqlı, sahəsi 109,72 kv.m olan mənzilə dair sənədlər əsl həqiqəti əks etdirmir. Belə ki, mübahisəli sözü gedən mənzil ilkin olaraq Cavabdeh2 sahiblik və istifadəsinə verilmiş olsa da, ona başqa mənzil veriləcəyi adı ilə torpaq sahibinə ümumi yığıncağın qərarı ilə ayrılmışdır. Buna baxmayaraq torpaq sahibi ilə MTK arasında yaranmış narazılğa görə torpaq sahibi həmin mənzili qəbul etməkdən imtina etmiş və Bakı şəhəri Nizami rayon məhkəməsinə MTK ilə aralarında bağlanmış müqavilənin ləğv edilməsi ilə bağl iddia qaldırmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsi tərəfindən iddia təmin olunsa da Bakı Apellyasiya Məhkəməsi tərəfindən müqavilənin müddətinin başa çatmadığı əsas gətirilməklə rayon məhkəməsinin qərarı ləğv edilmişdir. MTK tərəfindən torpaq sahibi üçün ümumi yığıncağın qərarı ilə ayrılmış 11 mənzil ayrı-ayrı şəxslərə müqavilə əsasında mənzillərin dəyərinin ödənilməsi şərti ilə verilmişdir. Həmin dövrdə MTK sədri Pespublika ərazisindən kənarda olduğundan təcrübəsiz şəxslər tərəfindən mənzillərin satılması ilə bağlı müqavilələr bağlansa da bir sıra maklerlərin Cəmşid, Əkbər, Asım və Müşfiq adlı şəxslər etibardan süi-istifadə etməklə təcrübəsiz Vasif Atakişiyevi aldatmaqla, guya həmin mənzillərin pullarının ödənilməsi ilə bağlı maliyyə arayışları qeyri-qanuni yolla ələ keçirilmişdir. Sonradan bu hadisənin üstü açılmış və həmin şəxslərlə MTK arasında borcun ödənilməsi ilə bağlı müqavilələr imzalamışlar. Həmin torpaq sahibinə ayrılmış mənzilləri alanlardan X6, X10, X14 vicdanlı alıcı olaraq maliyyə arayışı verilməsinə baxmayaraq, mənzillərin dəyərini ödəmədiklərini etiraf etməklə mənzilin dəyərini hissəhissə ödəmişlər. Hal- hazırda həmin mənzillər torpaq sahibinin razılığı əsasında onların sahibliyinə və istifadəsinə verilmişdir. Bundan başqa torpaq sahibinə ayrılmış mənzillərdən 8 mənzilin dəyəri ödənilmədiyi üçün xx.xx.2020-ci il tarixdə ləğv edilmiş və torpaq sahibi X7 adına sənədləşdirilməklə sahibliyinə və istifadəsinə verilmişdir. Birinci binanın 2-ci mərtəbəsində olan 07 saylı sözü gedən mənzilin ilkin sahibi Cavabdeh2 mənzilini başqa mənzillə dəyişdirilməsinə razı olmadığından mənzil Cavabdeh2 sahibliyində və istifadəsində saxlanılmış, X11 isə həmm binanın 118-ci mənzili verilmişdir. İddiaçı şəxsən özü MTK-dan heç bir mənzil almamış, ona həmin mənzil X8 xahişi ilə verilmiş və həmin mənzilin dəyərinin onun özü tərəfindən ödəyəcəyinə söz vermişdir. Bu barədə xx.xx.2019cu ildə borc razılaşması ilə bağlı müqavilə də bağlanmışdır. Sonradan araşdırma zamanı müəyyən olunmuşdur ki, X18 “AKORD” Şirkətlər Qrupunun istehsal etdiyi “NORM” Markalı Sementin satışı ilə məşğul olan X1 miqdarda etibardan sui-stifadə etməklə sement almış və sataraq pulunu ödəmədiyindən X20 onun barəsində Nərimanov Rayon Prokrorluğuna şikayət etmişdir. X18 həmin şikayətdən yaxa qurtarmaq üçün Cavabdeh1 Mənzil Tikinti Kooperativindən 3 mənzil ələ keçirməklə Vaqif Rəhimovun adına sənədləşdirmiş və hər bir mənzilin dəyərinin özü tərəfindən ödəyəcəyi adı ilə borc sazişi bağlamışlar. Asim Prişov sonradan həmin mənzillərin dəyərini ödəməkdə imtina etmişdir. Həmin 3 mənzildən 1-də 1-ci Binanın 7-ci mənzilidir. İddiaçı MTK-ya dəvət edilərək mənzilin dəyərini ödənilmədiyini bildirdikdə o, Vaqif Rəhimovun ona borcu olduğunu və həmin borcun əvəzində mənzili aldığını bildirmişdir. X17, Asim Prışovun və MTK əməkdaşlarının iştirakı ilə bu barədə müzakirələr aparılmış və X3 olan borcunun ödənilməsini tələb etmiş və mənzillərin sənədlərini, habelə İddiaçı mənzilin qaytarılması və ona olan borcunun Asim Prişovdan alıb verəcəyinə söz vermişdir. Bu razılaşmadan sonra başqaları kimi İddiaçı da mənzilin sənədlərini qaytrmağa söz vermişdir. Bu səbəbdən də 29 fevral 2020-ci il tarixdə İddiaçılə bağlanmış müqavilənin ləğv olunması ilə bağlı heç bir şikayət olunmamışdır. Lakin sonradan V.Rəhimovun ölməsindən istifadə edərək o, mülki iddia qaldırmışdır. Həmin mənzilin dəyəri ilə bağlı İddiaçı MTK-ya heç bir ödəniş etməmiş və bu səbəbdən də İddiaçı sözügedən mənzil təhvil verilməmiş, o, MTK-nın ortaq (assosiativ) üzvlüyünə qəbul edilməmiş və bundan sonra 29 fevral 2020-ci il tarixdə MTK-nın ümumi yığıncağı keçirilərək İddiaçılə bağlanmış müqavilə ləğv edilmiş və bu barədə ona məlumat verilmişdir. Həmin müqavilədən göründüyü kimi İddiaçılə MTK arasında bağlanmış müqavilə və maliyyə arayışı aldatma, etibardan sui-istifadə etməklə səlahiyyəti olmayan şəxsə imza etdirməklə MTK-nm əmlakının ələ keçirilməsinə cəhd edilmişdir. İddiaçı məhkəməyə heç bir kassa mədaxil çeki təqdim etməmiş, MTK-nın xəzinəsinə onun tərəfindən pul ödənilməsi ilə bağı heç bir sənəd yoxdur. Alıcı İddiaçı müqavilə üzrə ödənilməli vəsaitlərin MTK-nın bank hesabına ödəməli olduğu halda bu barədə də məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Yalnız aldatma yolu ilə əldə etmiş olduğu maliyyə arayışını əsas götürməklə MTK-nın hal-hazırda da əmlakını ələ keçirməyə cəhd edir. İddiaçı MTK-nın səlahiyyətinin və tam hüquqlu üzvü (payçısı) olmaq üçün ümumiyyətlə MTK-ya bu günə kimi heç bır müraciət etməmişdir. Yalnız onunla bağlanmış alqı-satqı müqaviləsi ləğv edildikdən 3 il müddət keçdikdən sonra nədənsə Vaqif Rəhimovun ölümündən sonra bu barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda 1-ci binanın 7 saylı mənzili Cavabdeh2 sahibliyində və istifadəsindədir. Odur ki, iddia ərizəsi qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 iddianı qəbul etməmiş və məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, iddiaçının irəli sürdüyü tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tələbində qeyd edir ki, xx.xx.2019-cu il tarixli müqavilə əsasında "xxxx" MTK tərəfindən ona Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində bina 01, 2-ci mərtəbə, 07 nömrəli, 3 otaqlı , sahəsi 109,72 kvm. olan mənzil ona satılmış və xx.xx.2019-cu ildən ona məxsusdur və pulun ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli müqavilə əsasında digər cavabdeh tərəfindən Cavabdeh2 satılmış, o, nəzərdə tutulmuş pul vəsaitini müqavilə şərtlərinə uyğun ödəyərək gözlənilən mülkiyyət hüququ əldə etmişdir. Mənzil Cavabdeh2 sərəncamındadır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında müqavilə, maliyyə arayışı, ödəniş qəbzləri və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin, məhkəmə tərəfindən MTT qaydasında mənzilin üzərinə qadağa qoyulmuşdur. İddiaçının iddia etdiyi tələb qərəzli xarakter daşılmaqla məhkəmə süründürməçiliyinə rəvac verir. Elektron məhkəmə sistemində yerləşdirilmiş sənədlər, sübutlar (cavabdehlər tərəfindən) bir daha təsdiq edir ki, mənzil Cavabdeh2 məxsusdur. Odur ki, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi 1 saylı binanın 2-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 109,72 kv.m, hər kv.m-i 630 manatdan olan 07 saylı mənzili tam dəyəri 69123.6 manat olmaqla alıcıya satmışdır. Müqavilənin 1.3-cü və 1.4-cü bəndlərinə əsasən, alıcı tərəfindən seçilən mənzilin dəyəri bu müqavilənin 1.2-ci bəndinə əsasən müəyyən olunur və 69123.6 manat təşkil edir. Mənzilin dəyərinə tikinti xərcləri və rüsumlar daxildir. Müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı mənzilin dəyərinin ödənişini müqavilənin 2.2.1. bəndində göstərilən birdəfəlik tam ödəniş üsulunu seçir, belə ki, müqavilənin 1.3. bəndində göstərilən 69123.6 manat məbləğin 100%-ni müqavilə bağlandığı tarixdə satıcıya ödəyir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən, tərəflərin bu müqavilə ilə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi halda bu müqavilə pozula bilər. -Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli B1/07 saylı maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən, Abşeron rayonu, Masazır qəsəbəsində Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış kompleksində AZ/B01/MR02/MN07/NGD/251019 saylı xx.xx.2019-cu il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 2, sahəsi 109,72 kv.m olan 3 otaqlı 07 saylı mənzilin 69123.6 manat dəyərini tam ödəmişdir. -Satıcı Cavabdeh1 MTK ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AZ/B01/MR02/MN07/NGD/170817 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi 1 saylı binanın 2-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 109,72 kv.m, hər kv.m-i 600 manatdan olan 7 saylı mənzili tam dəyəri 65832 manat olmaqla alıcıya satmışdır. Müqavilənin 1.3-cü və 1.4-cü bəndlərinə əsasən, alıcı tərəfindən seçilən mənzilin dəyəri bu müqavilənin 1.2-ci bəndinə əsasən müəyyən olunur və 65832 manat təşkil edir. Mənzilin dəyərinə tikinti xərcləri və rüsumlar daxildir. Müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı mənzilin dəyərinin ödənişini müqavilənin 2.2.1. bəndində göstərilən birdəfəlik tam ödəniş üsulunu seçir, belə ki, müqavilənin 1.3. bəndində göstərilən 65832 manat məbləğin 100%-ni müqavilə bağlandığı tarixdə satıcıya ödəyir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən, tərəflərin bu müqavilə ilə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi halda bu müqavilə pozula bilər. -Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 24 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 həqiqətən, Abşeron rayonu, Masazır qəsəbəsində Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış kompleksində AZ/B01/MR02/MN07/NGD/170817 saylı xx.xx.2017-ci il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 2, sahəsi 109,72 kv.m olan 3 otaqlı 7 saylı mənzilin 65832 manat dəyərini tam ödəmişdir. -xx.xx.2017-ci il tarixli 1 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, bina 1, mərtəbə 2, 7 saylı mənzilə görə 50000 manat pulu ödəmişdir. -xx.xx.2017-ci il tarixli 2 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, bina 1, mərtəbə 2, 7 saylı mənzilə görə 10000 manat pulu ödəmişdir. -xx.xx.2017-ci il tarixli 3 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, bina 1, mərtəbə 2, 7 saylı mənzilə görə 5832 manat pulu ödəmişdir. -xx.xx.2017-ci il tarixli aktdan görünür ki, MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli AZ/B01/MR02/MN07/NGD/170817 saylı müqavilə əsasında 109,72 kv.m ümumi sahəsi olan, 07 saylı mənzili Cavabdeh2 satıldığından və mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam ödənildiyindən 1-ci binanın 7 saylı mənzili ona təhvil verilmiş, həmin evin təmir olunmasına sahiblik və istifadə hüququnun olması izah edilmişdir. Cavabdeh2 1-ci binanın 7 saylı mənzilinin açarlarını qəbul edərək, həmin mənzili öz sahiblik və istifadəsinə qəbul etmişdir. -Cavabdeh1 MTK-nın İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 65 saylı bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqavilə üzrə mənzilin dəyəri olan 69123.6 manat pulun 5 iş günü müddətində ödənilməsi, əks təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi və mənzil sahəsinin satılmamış hesab edilərək, yenidən satışa çıxarılacağı bildirilmişdir. -Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağına dair xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqaviləyə xitam verilməsi, həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, müqavilənin xitamı ilə əlaqədar ödənişlərin hesablanması və qaytarılmasının təmin olunması qərara alınmışdır. Sorğu edilərək alınmış, Cavabdeh1 MTK-nın məktubdan görünür ki, "xxxx" MTK-ya məxsus 1-ci binanın 07-ci mənzili xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına sənədləşdirilmiş və onun tərəfindən mənzilin dəyəri tam ödənilmiş, ona həmin vaxt Maliyyə arayışı verilmiş, sonradan onun sahibliyinə keçmişdir. Sözügedən mənzil xx.xx.2018-ci il tarixdə X5 adına torpaq sahibinə torpağın dəyəri üçün verilmişdir. Həmin mənzil üçün Nizami Kərimov tərərfindən MTK-ya pul ödəməmiş və sonradan isə onun tərəfindən həmin mənzildən imtina edilmişdir. xx.xx.2019-cu ildə sözügedən mənzil X12 adına sənədləşdirilmiş, müqavilə tərtib edilmiş, lakin mənzilin dəyəri onun tərəfindən ödənilmədiyi səbəbindən Vaqif Rəhimov mənzildən imtina etmişdir. xx.xx.2019-cu ildə İddiaçı Zahid oğlu ilə sözügedən mənzillə bağlı müqavilə bağlanmış və onun tərəfindən mənzilin dəyərinin ödənilməsi imtina edildiyindən xx.xx.2020-ci il tarixdə MTK-nin ümumi yığıncağı ilə onunla olan müqavilə və maliyyə arayışı ləğv edilmiş, bu barədə ona məlumat verilmişdir. 08.06.20-ci il tarixdə həmin mənzil torpaq sahibi X7 adına sənədləşdirilmiş olsa da, Cavabdeh2 evin başqası ilə dəyişdirilməsinə razı olmadığından X11 həmin binanın 118-ci mənzili müqavilə əsasında verilmişdir. Hazırda həmin mənzil Cavabdeh2 sahibliyində və istifadəsindədir. Hazırda həmin mənzilin bir hissəsi təmir edilmişdir. Həmin sənədlərlə bağlı olan sənədlərin bir hissəsi 3 il müddət keçdiyindən məhv edilmiş, qalan olan sənədlər isə məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 MTK ilə bağladığı xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqaviləyə əsasən, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 1 saylı binanın 2-ci mərtəbəsindəki 3 otaqlı ümumi sahəsi 109,72 kv.m olan 7 saylı mənzili bir pay kimi almağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə üzrə alınmış mənzilin dəyəri 69123.6 manat müəyyən edilməklə dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə Cavabdeh1 MTK tərəfindən iddiaçının borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Payçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək mənzilin dəyəri tam ödənilmiş, lakin icraçı tərəfindən mənzilin payçıya təhvil verilməsi öhdəliyi icra edilməmişdir. Bu səbəbdən də, hazırda, İddiaçı müqaviləyə əsasən, həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınmasının cavabdehlərin üzərinə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilin xx.xx.2017-ci il tarixli AZ/B01/MR02/MN07/NGD/170817 saylı müqavilə əsasında Cavabdeh2 satılması barədə tərəflər razılığa gəlmiş, mənzilin dəyəri olan 65832 manat pul məbləği xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli ödəniş qəbzlərinə əsasən tam olaraq ödənilmiş və ona borcunun olmamasına dair maliyyə arayışı təqdim edilmişdir. Həmçinin, həmin mənzilin açarları xx.xx.2017-ci il tarixli akt əsasında Cavabdeh2 təhvil verilmişdir. Bundan sonra mübahisə predmeti olan həmin mənzilin xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqavilə əsasında İddiaçı satılması barədə tərəflər razılığa gəlmiş, iddiaçının borcunun olmamasına dair isə maliyyə arayışı təqdim etmişdir. Lakin həmin mənzil iddiaçıya təhvil verilməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçıya mənzilin dəyərinin 5 iş günü ərzində ödənilməsinə dair bildiriş göndərilmiş, lakin mənzilin dəyəri tam olaraq ödənilmədiyindən həmin mənzilə dair müqaviləyə xitam veriləcəyi və mənzlin satışa çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. Verilmiş vaxt ərzində mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmədiyindən, Cavabdeh1 MTK-nın ümumi yığıncağının xx.xx.2020-ci il tarixli protokoluna əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqaviləyə xitam verilmiş və xx.xx.2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Həmçinin, iddiaçı mənzilə dair müqavilənin ləğv edilməsindən, digər şəxslə müqavilə bağlandığından məlumatlı olsa da, həmin müqaviləni mübahisələndirmədən və mübahisəli mənzilin dəyərini tam şəkildə ödəmədən mənzilə sahiblik hüququnun təhvil verilməsi və maneənin aradan qaldırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda isə həmin mənzil Cavabdeh2 istifadəsində və sahibliyindəir, müqaviləsi ləğv edilməmiş qüvvədədir., onun tərəfindən mənzil təmir edilmişdir. Bu Cavabdeh1 MTKnın məktubdan da öz təsdiqini tapışdır. Ona görə də göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı sahiblik hüququnun tanınması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-290/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-290/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver