Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2932/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X2 kаtibliyi ilə, İddiaçı vəkili, nümayəndəsi Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin qanunsuz olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili, nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə 2022-ci ilin sentyabr ayında onlayn qaydada iddiaçının müraciəti əsasında 33800 manat məbləğində kredit iddiaçıya rəsmiləşdirilmişdir. Həmin krediti vaxtında iddiaçı ödəyə bilməmişdir. Buna baxmayaraq, bank iddiaçıdan süni şişirdilmiş əsassız faiz və cərimə rəqəmləri ilə kredit borcunu tələb edərək, Abşeron rayon 1 saylı Notariat Ofisinə müraciət edərək, 6254.57 manat məbləğində cərimə peniyası, cəmi 59976.09 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İcra qeydində DCLT00273626-03 nömrəli müqaviləyə istinad olunsa da, icra qeydində müqavilənin tarixi göstərilməmişdir. Burdan belə anlaşılır ki, Abşeron rayonu 1 saylı Notariat Ofisi rəsmi müqavilə olmadığı üçün mücərrad və mübahisəli rəqəmlərlə iddiaçı bankın tələbini qeyrimüəyyən formada təmin edərək icra qeydi vermişdir. Cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2024-cü il tarixli icra qeydi almış və Abşeron Rayon İcra Şöbəsinə göndərmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən tələb olunan 59976.09 manat məbləğində tələb Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən öz maraqlarını nəzərə almaqla hesablandığı və həqiqətə uyğun olmadığı üçün və onun əsasında qanunsuz və əssasız verilmiş icra qeydi ləğv olunmalıdır. Əlavə olaraq qeyd etmək istəyir ki, barəsində Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin mövcud olduğunu, xx.xx.2024-cü tarixində Abşeron rayon İcra şöbəsinin icra məmurundan götürdükdən sonra iddiaçının məlumatı olmuşdur. Beləliklə, cavabdehlə iddiaçı arasında bağlanmış onlayn kredit müqaviləsinə əsasən, iddiaçıdan 6254.57 manat məbləğində cərimə peniyası, cəmi 59976.09 manat olmaqla borcu tələb edilir. Hesab edir ki, rəqəmlər arasında olan ziddiyət Cavabdeh1 ASC tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanmış və həqiqətə uyğun deyil. Borclu kimi iddiaçının maraqlarına toxunan Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən mübasilə rəqəmləri əks etdirən verilmiş olan xx.xx.2024-cü il tarixli icra sənədi bu qayda da icra edilə bilməz və onun icrası İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 17.1.4cü maddəsininin tələblərinə uyğun olaraq icra məcburi dayandırılmalıdır. Göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı özünün qeyd etdiyi ünvana-Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanına bildiriş göndərilmiş, lakin ünvanda olmaması səbəbi ilə bildiriş iddiaçıya çatdırılmamışdır. İddiaçının öz ünvanını səhv qeyd etməsinə görə Cavabdeh1 ASC cavabdehlik daşımır. Bildirişdən sonra qanunvericiliklə nəzərdə tutulmuş müddətdən sonra icra qeydi verilmişdir. Odur ki, icra qeydi tam qanunidir və ləğvi üçün əsas yoxdur. Cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, PB-OUT- 00669-2024 nömrəli bildirişdən görünür ki, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən, tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. -Courier Service tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 ASC tərəfindən xx.xx.2024-cü il tarixində 845164 saylı qaimə ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi Ə/D, Aşağı Güzdək qəsəbəsi ünvanına İddiaçı məktubun göndərilməsi sifariş edilmişdir. Bildirilir ki, göstərilən ********** saylı telefon nömrəsi ilə heç bir əlaqə yaratmaq mümkün olmamışdır. Bu səbəbdən məktub geri qaytarılmışdır. -Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 8İ-4440 reyestr nömrəli icra qeydindən görünür ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, sənədlər üzrə Cavabdeh1 ASC-nin (VÖEN:**********) xeyrinə İddiaçı DCLT00273626-03 saylı müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 53696,52 manat tutulmalıdır. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Baki şəhəri, Suraxani rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəlləsi, ev 1, mənzil 78 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, borc münasibətlərindən irəli gələn mübahisəyə əsasən, İddiaçı Cavabdeh1 ASC ilə bağladığı kredit müqaviləsinə əsasən, Cavabdeh1 ASC tərəfindən İddiaçı 50000 manat kredit xətti açılmışdır. Lakin iddiaçı tərəfindən ödəniş edilməmişdir. Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-4440 reyestr nömrəli icra qeydi əsasında, Cavabdeh1 ASC-nin (VÖEN: **********) xeyrinə İddiaçı DCLT00273626-03 saylı müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 53696.52 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Hazırda, İddiaçı həmin icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 224-cü maddəsinə əsasən, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun vaxtında qaytarılma öhdəliyini öz üzərinə götürmüş borclunun öhdəliyini yerinə yetirməməsi nəticəsində tələbkarın ərizəsi əsasında Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-4440 reyestr nömrəli icra qeydi verilmiş və həmin icra qeydi icra edilməsi üçün aidiyyəti üzrə İcra şöbəsinə göndərilmişdir. “Notariat haqqında Azərbaycan Respublikası Qanunu”nun: 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 79-cu maddəsinə əsasən, tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın:
161. bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
162. bəndinə əsasən, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydindən müəyyən olunur ki, notarius “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, borcludan 53696.52 manat borcun tutulması barədə icra qeydi vermişdir. Müqavilə üzrə borcun geri qaytarılmaması tələbkarda onun ərizəsi əsasında müqaviləyə dair icra qeydinin verilməsi üçün əsas yaratmışdır. Belə ki, İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, PB-OUT-00669-2024 nömrəli bildirişdən göründüyü kimi borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən, tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Poçt xidmətləri aparan Courier Service tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan göründüyü kimi Cavabdeh1 ASC tərəfindən xx.xx.2024-cü il tarixində 845164 saylı qaimə ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi Ə/D, Aşağı Güzdək qəsəbəsi ünvanına İddiaçı məktubun göndərilməsi sifariş edilmiş, göstərilən ********** saylı telefon nömrəsi ilə heç bir əlaqə yaratmaq mümkün olmamışdır. Bu səbəbdən məktub geri qaytarılmışdır. Məktuba bu faktı təsdiq edən qəbz də əlavə edilmişdir. Odur ki, iş materiallarından göründüyü kimi tələbkar tərəfindən borcluya ödəniş etməsi barədə bildiriş göndərilmiş, lakin borclunun ünvanına gedilməsinə baxmayraq borclu ilə əlaqə saxlamaq mümkün olmamış, bildiriş borcluya çatmamış və bu barədə bildirişdə qeyd aparılmış, daha sonra isə icra qeydi verilmişdir. Bu səbəbdən də icra qeydi “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın bəndlərinə uyğun və qanuni şəkildə aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz və icra qeydi notarius tərəfindən verilərkən qanunvericiliyin tələbləri pozulmamış, qanunla nəzərdə tutulmuş qaydada verilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov