Məhkəmə qərarları › İş №e-2(012)-2939/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2939/2025

14.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2939/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobustan kəndi ünvanında yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsinin ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payının naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində yox, Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli qərarının 10.14-cü bəndində göstərilir ki, Mülki Prosessual Məcəllənin işlərin ərazi aidiyyətini tənzimləyən 4-cü fəslində ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblər üzrə iddiaçının seçiminə görə aidiyyət qaydası nəzərdə tutulmadığı üçün belə mübahisələrə bir qayda olaraq, həmin Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır (ümumi aidiyyət). Həmin plenum qərarının 10.15-cü bəndinə əsasən Konstitusiya Məhkəməsinin “Mülki Prosessual Məcəllənin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərdən də görünür ki, ərarvadın ümumi əmlakda hər birinin payının müəyyən edilməsi onların mülkiyyət hüquqlarının tanınması hesab edilmədiyi üçün daşınmaz əşyalarla bağlı verilmiş belə tələblərə ümumi aidiyyət qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun “Mülki Prosessual Məcəllənin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarına əsasən ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Qeyd olunanan məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, cavabdehin Abşeron rayonununda yaşayış yerinin (qeydiyyatda olduğu ünvanın) olmaması səbəbindən mövcud iddia ərizəsinə Abşeron Rayon Məhkəməsində baxıla bilməz. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı göstərilən yer üzrə məhkəməyə verilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci il tarixdə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114.1.3 və 152.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar