Məhkəmə qərarları › İş №e-2(012)-310/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-310/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-310/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1239 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumu üçün 30,40 manatın iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-RV-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə «xxxx» ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh idarə etdiyi **-RV-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP 429401 saylı inzibati Xəta haqqında protokol tərtib olunmuşdur. «xxxx» ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-AN- *** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 1239 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilən hüquqazidd və təqsirli əməl nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. İddiaçı hazırda ödədiyi 1239 manat məbləğində sığorta ödənişinin əvəzini subroqasiya qaydasında cavabdehdən tələb edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan 460449 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, **-RV-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtonəqliyyat vasitəsinin sahibi X1r. Mülki işin materiallarından olan 496568 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin sahibi “xxxx” MMC-dir. Mülki işin materiallarından olan xx.xx.2008-ci il tarixli, 410 №-li etibarnamədən müəyyən edilir ki, “xxxx” MMC ilə X4 arasında bağlanmış “Daxili lizinq müqaviləsi” əsasında sonuncu lizinqə verilimiş **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin idarə edilməsində səlahiyyətlidir və etibarnamə xx.xx.2018-ci il tarixədək etibarlıdır. Mülki işin materiallarından olan icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, Cavabdeh idarə etdiyi **-RV-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtomobil PPA********** saylı sığorta müqaviləsi ilə xx.xx.2017-ci il tarixdə 1 il müddətinə «xxxx» ASC tərəfindən sığortalanmışdır. Mülki işin materiallarından olan 429401 saylı, xx.xx.2018-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın surətindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Masazır qəsəbəsi, Ə.Vahid küçəsində **-RV-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtonəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Yol nəqliyyat hadisəsi yerindən yayındığına görə nəqliyyat vasitəsi sürücüsü Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində 100 manat məbləğində cərimə tənbeh növü kimi tətbiq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, avtomobillə toqquşması nəticəsində **-AN-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin arxa bufer, arxa qanadlar və arxa yük yeri zədələnmişdir. Mülki işin materiallarından olan xx.xx.2018-ci il tarixli sığorta aktından müəyyən edilir ki, zərərçəkən şəxs olan “xxxx” MMC-yə dəyən zərər üçün «xxxx» ASC tərəfindən 1239 manat məbləğində sığorta ödənişinin fiziki şəxs X2 ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Müvafiq qəbz mülki işə əlavə edilmişdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5037 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə «xxxx» ASC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1134 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh idarə etdiyi **-RV-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtomobillə Masazır qəsəbəsi, Ə.Vahid küçəsində hərəkət edərkən «**-AN-***» dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobillə toqquşmuşdur. Cavabdeh tərəfindən törədilən yolnəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə «xxxx» ASC tərəfindən ümumilikdə 1239 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda şirkət subroqasiya qaydasına cavabdehdən həmin məbləğdə pul tələb edir. Məhkəmə tərəfindən tərəfindən işin araşdırılan hallarından göründüyü kimi avtomaşına dəyən ümumi ziyanın məbləği 1134 manat müəyyən edilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh sığorta ödənişi üçün 1134 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı «xxxx» ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun 20 manat məbləğindəki hissəsi Cavabdeh oğlundan alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 80 manatı cavabdehə, 20 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 1134 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaiti tutularaq «xxxx» ASC-yə ödənilsin. Cavabdeh 80 manat, «xxxx» ASC-dən isə 20 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Cəmilə Səfiyeva .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar