Məhkəmə qərarları › İş №e-2(012)-3171/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3171/2023

26.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3171/2023 26.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və sayğacın quraşdırılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və sayğacın quraşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərə görə cavabdehdən iki min manat məbləğində pul kompensasiyasının ödənilməsi və Tovuz rayonu, Azaflı kəndində yerləşən fərdi yaşayış evinə texniki normativlərə cavab verən sayğacın quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki tələb istehlakçı İddiaçı faktiki yaşadığı Tovuz rayonu, Azaflı kəndindəki evinə elektrik sayğacının quraşdırılması barədədir. Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, mülki iş üzrə istehlakçı Abşeron rayonu ərazisində qeydiyyatda olsa da, hazırki mübahisə onun faktiki yaşadığı Tovuz rayonu, Azaflı kəndindəki evinə elektrik sayğacının quraşdırılması və bununla bağlı istehlakçıya vurulmuş mənəvi zərərin nəticələrinin aradan qaldırılması barədədir, yəni mülki işə MPM-nin 36.9 və 39.1-ci maddələrinin tələbləri baxımından Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və sayğacın quraşdırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar