Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3172/2023 06.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Tovuz rayonu, Azaflı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə uzun müddət qaz xəttinin çəkilməsinə maneənin törədilməsi, fərdi məlumatların səhv yazılması və dəyişikliklər etməkdən imtina olunması səbəbindən məruz qaldığı maddi və mənəvi zərərə görə cavabdehdən 2000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh İB-nin məsul şəxsləri tərəfindən istehlakçı hüquqlarının pozulması nəticəsində ona məxsus məlumatların dəyişdirilməsinə yol verilmiş və nəticədə, uzun müddət hüquqlarının bərpası ilə məşğul olmalı olmuşdur. Belə ki, onun atasının adı “Abbasov Kazım” kimi rəsmiləşdirilmiş və fərdi məlumatları dəyişdirilərək uzun müddət dəyişiklik etməkdən imtina edilmişdir. Bu səbəbdən, dörd il ərzində atasından miras qalmış fərdi yaşayış evinə təbii qaz çəkdirə bilməmişdir. Qurum tərəfindən fərdi yaşayış evinə uzun müddət təbii qaz xəttinin çəkilməsi üçün müraciətlərinin rədd edilməsi səbəbindən istehlakçı və konstitusion hüquqlarının pozulması baş vermiş və bununla bağlı şikayətçi kimi maddi və mənəvi zərər çəkmişdir. Bu səbəbdən də, məruz qaldığı mənəvi və maddi zərərə görə təzminat tələb edir. Miras qalmış fərdi yaşayış evinə faktiki sahiblik etməsini sübut edə bilməməsinin səbəbi cavabdeh qurum tərəfindən fərdi məlumatların və atasının fərdi məlumatlarının düzgün qeyd edilməməsi olmuş, bu səbəbdən, uzun müddət vərəsəlik hüquqlarını həyata keçirə bilməmiş, əlavə sübutlar əldə etməkdən ötrü xeyli miqdarda xərc çəkməli olmuş, cavabdehin məsul şəxslərinin təqsirli hərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qalmışdır. O, aidiyyəti qurumlara müraciət etmiş və 1990-2016-cı illərdə hərbi xidmətdə olmuşdur. Onun atasının pay torpağında inşa edilmiş fərdi yaşayış evində yaşadığını təsdiq edən arxiv arayışı vardır. İddia ərizəsində tələb etdiyi maddi ziyanı onunla əsaslandırır ki, o, nəqliyyat xərcləri sərf etmiş, aidiyyəti qurumlara dəfələrlə müraciət etmiş, ən mühüm məsələ isə onun valideynlərinin vərəsəsi kimi rəsmiləşdirməsində çətinliklərə məruz qalmasıdır. O, abonent kodunun atasına məxsus olması ilə bağlı Cavabdeh İB-yə müraciət etmiş, lakin cavab olaraq abonent kodunun qeydə alınmadığı bildirilmişdir. İşin mahiyyətini mülkiyyət hüququ ilə bağlı aidiyyəti qurumun yaratdığı çətinliklərdir ki, hazırki iş də mübahisənin tərkib hissəsini təşkil edir. 2012-ci ildə o, dəfələrlə müraciət etmiş olmasına baxmayaraq, 2016-cı ildə ona məxsus olan evə təbii qaz xətti çəkilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, abonent saldosu 2016-cı ildə İddiaçı adına rəsmiləşdirilmiş, sayğac quraşdırılmış, müqavilə bağlanmışdır. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin: 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -»Azəriqaz» İB ilə istehlakçı İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, AKX- 02528xx/xx-2020 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüş, müqaviləyə əsasən, Elster G4 diafraqma tipli 10028247 saylı qaz sayğacı xx.xx.2016-cı il tarixdə quraşdırılmışdır. -Abonentin saldosundan görünür ki, abonent kodu **********02890 olan, İddiaçı adına olan, Tovuz rayonu, Azaflı kəndində xx.xx.2016-cı il tarixdə Elster G4T Diafraqma tipli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), qızdırıcı radiator peçi (1/1). -Abonentin saldosundan görünür ki, abonent kodu **********700 olan, Abbasov Kazımın adına olan, ünvan 1 ünvanında xx.xx.2016-cı il tarixdə Elster G4T Diafraqma tipli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), qızdırıcı radiator peçi (1/1). -Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, müraciətdə qeyd edilən **********01700 abonent kodu, Tovuz xidmət sahəsində Kazım Abbasovun adına qeydiyyata alınmışdır. Araşdırmada o da məlum olmuşdur ki, Azaflı kəndində mərhum atası X2 adına heç bir abonent kodu qeydiyyata alınmamışdır. -“Payın mülkiyyətə verilməsi”nə dair JN-162A saylı, 50302018 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 23 nömrəli qərarı ilə verilmiş Tovuz rayonu, Azaflı kəndində yerləşən 0.3 ha torpaq sahəsi X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -Tovuz Rayon İcra Hakimiyyəti Başçısı Azaflı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 291 saylı arayışdan görünür ki, Tovuz rayonu, Azaflı kənd sakini İddiaçı mərhum atası X2 JN-162A saylı şəhadətnaməsi ilə mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində qeyd edilmiş 162AJ yaşayış sahəsi onun tərəfindən 2011-ci ildən sökülərək yenidən inşa edilmiş və 2015-ci ildən yaşayış sahəsi kimi istifadəyə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı mərhum atası X4 məxsus olan Tovuz rayonu, Azaflı kəndində yerləşən pay torpağında inşa edilmiş fərdi yaşayış evinə rəsmiləşdirilmiş abonent kodunun onun mərhum atasının deyil, başqa şəxsin adına rəsmiləşdirildiyini iddia edərək və bu səbəbdən, qeyd olunan yanlışlıq aradan qaldırılmadığından ona vurulmuş maddi və mənəvi ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir. İlkin olaraq, məhkəmə qeyd edir ki, İddiaçı onun mərhum atasına məxsus olan fərdi yaşayış evinə rəsmiləşdirilmiş abonent kodunun yanlış olaraq rəsmiləşdirilməsi səbəbindən aidiyyəti qurumlara müraciət etməsi səbəbindən ona vurulmuş maddi və mənəvi ziyan olaraq 2000 manat kompensasiyanın tutulmasını xahiş etsə də, həmin məbləğin nədən ibarət olmasına dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsində isə aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından qarşılıqlı iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X5 haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara və faktlara dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prоsеssuаl Məcəllənin: 217.4-cü mаddəsinə əsаsən, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 218.3-cü mаddəsinə əsаsən, hаkim işdə iştirаk еdən şəхslərin vеrdiyi tələblər üzrə qətnаmə çıхаrır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3172/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3172/2023
06.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver