Məhkəmə qərarları › İş №e-2(012)-3202/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3202/2021

31.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3202/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 788,4 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 818,4 manat pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 11.01.2019-cu il tarixli, AKX 0057534/01-2019 və AKX0057544/01-2019 saylı "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilələr” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin fərdi yaşayış evlərinə “Azəriqaz'’ İB tərəfindən **********64410 və **********03550 nömrəli abonent kodları verilmişdir Həmin ünvanları təbii qazla təchiz edən hər iki qaz xəttinin üzərində G-4 markalı, **********0 və **********9 nömrəli qaz sayğacları quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci bəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalarının tələblərinə əməl etmək) və Təbii qazdan istifadə Qaydalarının 4.9-cu bəndinin (istehlakçının təqsiri üzündən baş verdikdə) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaclara müdaxilə edərək təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında olan cavabdehin fərdi yaşayış evlərinə quraşdırılmış və istismarında olan qaz sayğaclarına baxış keçirilərkən qaz sayğaclarına müdaxilə edilməsi aşkar edilmişdir. Çıxarılan qaz sayğacı informasiya Texnologiyaları və Rabitə idarəsinin laboratoriyasına göndərilmiş. Labaratoriyada sayğaclar yoxlanılarkən sayğaclara müdaxilə edilməsi müəyyən edilmişdir. İTRİ-nin QSN 29/1710-00329/1-2 və QSN 29/1710-0.0329/1-99 saylı rəyləri əsasında İddiaçı İB tərəfindən itirilmiş qazın bərpası məqsədi İlə 31.01.2019-cu il tarixli ******* və ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, lakin cavabdeh həmin aktları imzalamaqdan imtina etmişdir. Həmin aktlar əsasında sayğacdan kənar təbii qazdan istifadəyə görə itirilmiş təbii qazın həcmi müvafiq olaraq 302,4 manat və 486 manat olmaqla, ümumilikdə 788,4 manat məbləğində müəyyən edilmişdir. İddiaçı İB-nin məsul işçiləri tərəfindən sayğaclara müdaxilə edilməsi nəticəsində dəymiş ziyan tərtib edilmiş aktlar təqsirli hərəkəti ilə təbii qazdan qeyri-qanuni istifadə nəticəsində Birliyə maddi ziyanın vurulması faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən dəymiş ziyanla və borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı İB-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, iddiaçı tərəfindən ona tərtib edilmiş 31.01.2019-cu il tarixli ******* və ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar qanunsuz və əsassızdır. Çünki sayğaclarla bağlı heç bir problem bugünə kimi olmamışdır. Əgər belə bir problem olsaydı, iddiaçı tərəfin əməkdaşları tərəfindən bu fakt aşkar edilən zaman onun iştirakı təmin edilərdi. Ona görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 11.01.2019-cu il tarixli, AKX 0057534/01-2019 və AKX0057544/01-2019 nömrəli müqavilələrə əsasən sonuncunun Abşeron rayonu Masazır kəndində yerləşən fərdi həyət evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********64410 və **********03550 nömrəli abonent kodları verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İddiaçı əməkdaşları tərəfindən abonent kodları **********03550 və **********64410 olan Cavabdeh Abşeron rayonu Masazır kəndində yerləşən evinə müvafiq olaraq 31.01.2019-cu il tarixdə baxış keçirilərkən həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada ******* №-li (302,40 manat) və ******* №-li (486 manat) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş və həmin aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər olaraq cəmi 788,4 manat pul vəsaiti hesablanmışdır. Lakin həmin aktlarda yoxlamanın yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır. Eləcə də, 31.01.2019-cu ildən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında dəfələrlə kənar qoşulma müəyyən edildiyi halda, həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülübgörülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin aktların tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh iştirak edib-etməməsi müəyyən olunmur. Təsvir edilənlərdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş qanunsuz qoşulmalarla əlaqədar tərtib edilən məlum aktların yuxarıda qeyd olunanlara əsasən mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəf “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 788,4 manat məbləğində dəymiş ziyanın” tutulmalı olmasının əsaslılığını təsdiq edən əlavə sübutları məhkəməyə təqdim etməmiş və həmin iddia tələbini heç bir hissədə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırki iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş məlum aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilibedilməməsi, edilməmişdirsə, hansı səbəblərə görə edilməməsi, edilmişdirsə, həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Eyni zamanda bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin sübutu kimi iş materiallarına əlavə edilmiş məlum aktların (çoxsaylı) tərtib edilmə dövriliyi və tərtib edilmə üslub və qaydaları, eləcə də hər bir qoşulma halı müəyyən edildiyi zaman İddiaçı müvafiq səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməməsi və zəruri tədbirlərin görülməməsi də qoşulmaların reallığını şübhə altına alır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə iddia tələbinin əsaslılığı, yəni Cavabdeh “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 788,4 manat məbləğində dəymiş ziyanın tutulması” barədə iddia tələbi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi, yəni “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 788,4 manat məbləğində dəymiş ziyanın tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş 788,40 manat məbləğində ziyanın ödənilməsi tələbi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar