Məhkəmə qərarları › İş №e-2(012)-3309/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3309/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3309/2021 06.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 356,96 manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla, cəmi 377,36 manat pulun Cavabdeh tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədə izahatında bildirdi ki, "Rəvan Sığorta” ASC ilə X5 arasında 15.08.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və PMİ-014074 №-li şəhadətnamə üzrə ** RE *** dövlət qeydiyyat nişanlı “Mazda CX-9” minik markalı avtomobil 5 il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil 01.01.2021-ci il tarixdə Abşeron rayonu, ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh məxsus olan və mülkiyyətçi tərəfindən idarə edilən ** CE *** dövlət qeydiyyat nişanlı, “Vaz 21214” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Abşeron DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh göstərilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri müştərinin müraciətinə müvafiq olaraq, "xxxx" MMC-nin servis mərkəzində həyata keçirilmiş və tərtib edilən MZ-55077 saylı, 08.01.2021-ci il tarixli “Qüsur aktı” na əsasən, avtomobilə dəymiş zərər 356,96 manat məbləğində hesablanmışdır. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin sığorta şəhadətnaməsinin” əlavə şərtlərinə dair razılaşmanın “c” bəndinə əsasən sığortalanmış avtomobil üzrə sığorta hadisəsi baş verdiyi zaman aşkar şəkildə bilinən subroqasiya tələbi mövcud olduqda azadolma məbləği subroqasiya şəklində qarşı tərəfdən alınır, başqa sözlə, sığortalıdan azadolma məbləği tutulmur. Bununla əlaqədar olaraq azadolma məbləği çıxılmadan 356,96 manat həcmində sığorta ödənişi sığortalı avtomobilin təmiri üçün X4 ödənilmiş və bu ödəniş 10.02.2021-ci il tarixli 1412 №-li ödəniş tapşırığında öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Şirkətinin nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" Sığorta Şirkətində sığorta olunan “Vaz 21214” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil 01 yanvar 2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi “Mazda” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X3 idarə etdiyi “Mazda” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobil “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmışdır. "xxxx" Sığorta Şirkəti ASC avtomobilə dəyən zərəri "xxxx" MMC-də qiymətləndirmiş, nəticədə avtomobilə dəyən zərər 356,96 manat müəyyən edilmişdir. "xxxx" Şirkəti ASC qeyd edilənlərlə bağlı "xxxx" Sığorta Şirkətinə müraciət edərək, E.Z.Məmmədova ödənilən 356,96 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsini xahiş etmişdir. "xxxx" Sığorta Şirkəti 22 fevral 2021-ci il tarixli məktubunda “Mazda” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin araşdırıldığını, zərər məbləğinin 167 manat təşkil etdiyini və həmin məbləğdə subroqasiya tələbini təmin etməyə hazır olduğunu bildirmişdir. Mülki Məcəllənin 927.2-ci maddəsinə görə, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi (927.2.1); sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi (927.2.2); sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası (927.2.3); sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi (927.2.4). Göründüyü kimi, maddi hüquq normaları sığorta ödənişinin verilməsi üçün zərər məbləği barədə tərəflər arasında razılaşmanın olmasını əsas tələb kimi müəyyən edir. Baxılan halda "xxxx" Sığorta Şirkəti tərəfindən göndərilən 22 fevral 2021-ci il tarixli məktuba "xxxx" Sığorta Şirkəti tərəfindən həmin məbləğdə sığorta ödənişinin həyata keçirilməsinə razılıq cavabı verilməmişdir. Bu səbəbdən "xxxx" Sığorta Şirkəti tərəfindən müəyyən edilən zərər məbləği həddində sığorta ödənişi həyata keçirilə bilməmişdir. İş materiallarında olan hadisə ilə bağlı Abşeron DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh göstərilmişdir. İş materiallarında olan 05.02.2021-ci il tarixli sığorta aktından görünür ki, "Rəvan Sığorta” ASC ilə X5 arasında 15.08.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və PMİ-014074 №-li şəhadətnamə üzrə ** RE *** dövlət qeydiyyat nişanlı “Mazda CX-9” minik markalı avtomobil 5 il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil 01.01.2021-ci il tarixdə Abşeron rayonu, ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh məxsus olan və mülkiyyətçi tərəfindən idarə edilən ** CE *** dövlət qeydiyyat nişanlı, “Vaz 21214” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 356,96 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin müəyyən olunmuş faktiki hallarında görünür ki, "xxxx" Sığorta Şirkətində sığorta olunan “Vaz 21214” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil 01 yanvar 2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi “Mazda” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X3 idarə etdiyi “Mazda” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobil “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. "xxxx" ASC avtomobilə dəyən zərəri "xxxx" MMC-də qiymətləndirmiş, nəticədə avtomobilə dəyən zərər 356,96 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, iddiaçının sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 356,96 manat sığorta ödənişinin məbləğini Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməli, Cavabdeh 356,96 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 20,40 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 356,96 manat məbləğində sığorta ödənişi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla, cəmi 377,36 manat pul tutularaq LPO "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar