Məhkəmə qərarları › İş №e-2(012)-371/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-371/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-371/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Paşa Sığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Paşa Sığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 921.63 manat sığorta ödənişinin, ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" MMC-yə məxsus ** PX *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsi 04.03.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 14.09.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi ** PX *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi nəticəsində ** SG *** dövlət qeydiyyat nişanlı BMW 528İ markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş 17.09.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** SG *** dövlət qeydiyyat nişanlı BMW 528İ markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 921.63 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 15.10.2020-ci il tarixli sığorta aktına əsasən avtonəqliyyat vasitəsinin təmir olunması üçün 921.63 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir. Eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 18.03.2022-ci il tarixli 9/622 saylı rəyi ilə o, razı deyildir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PPA********** müqaviləsi əsasında 04.03.2020-ci il tarixdən 04.03.2021-ci il tarixədək olan müddətdə Palıd 2015 MMC-nin mülkiyyətində olan Hyundai Accent minik markalı ** PX *** qeydiyyat nömrəli minik avtomobili sığorta haqqı 90 manat, bonus-malus əmsalı 0.9, yekun sığorta haqqı 81 manat olmaqla sığortalanmışdır. -Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, X1 mülkiyyətində olan BMW 528İ markalı, ** SG *** qeydiyyat nişanlı avtomobili şərtsiz azadolma məbləği 100 manat, sığorta predmetinin dəyəri 50000 manat, sığorta məbləği 50000 manat, sığorta haqqı 1450 manat olmaqla sığortalanmışdır. -İ-MİC-3240/20 saylı şəhadətnamənin ayrılmaz hissəsi sayılan 2 saylı əlavədən görünür ki, sığortalı X2 sığortaçı Paşa Sığorta ASC ilə razılığa gələrək bu sığorta şəhadətnaməsi üzrə avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə sığorta olunanın mülki məsuliyyətinin yaranmasına 5000 manat təminat verilmiş və əlavə 25 manat sığorta haqqı tətbiq edilmiş, bu sığorta şəhadətnaməsi üzrə avtomobilin istifadəsi ilə əlaqədar sürücü və (və ya) sərnişin(lər)in həyat və sağlamlığına dəyə bilən zərərlər: əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar İ, İİ, İİİ dərəcə əlilliyin müəyyən olunması, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudlaşması, ölüm təminatı üzrə sığorta məbləği 1 nəfər üçün 10000 manat olmaqla ümumi 40000 manat məbləğində müəyyən olunmuş və əlavə 48 manat sığorta haqqı tətbiq edilmişdir. -15.10.2020-ci il tarixli sığorta aktından görünür ki, Paşa Sığorta ASC-də PPA********** saylı sığorta şəhadətnaməsinə əsasən 04.03.2020-ci il tarixdən 03.03.2021ci il tarixədək 5000 manat dəyərində sığortalanmış, 14.09.2020-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 mülkiyyətində olan BMW 528İ markalı, ** SG *** qeydiyyat nişanlı avtomobilə 921.63 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 921.63 manat pul vəsaiti avtomobilin təmiri üçün Skaz Autohouse MMC-nin hesabına köçürülmüşdür. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Abşeron DYP bildirir ki, 14.10.2020-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsində saat 03:30-da arxadan toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, Palıd-2015 MMC-nin mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Cavabdeh tərəfindən idarə olunmuş Hyundai Accent minik markalı ** PX *** qeydiyyat nişanlı avtomobil X2 tərəfindən idarə olunmuş BMW 528İ markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə ziyan vurmuşdur. -14.09.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 14.09.2020-ci il tarixdə saat 03:30 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində Palıd-2015 MMC-nin mülkiyyətində olan və Cavabdeh tərəfindən idarə olunmuş Hyundai Accent minik markalı ** PX *** qeydiyyat nişanlı avtomobili idarə edərkən BMW 528İ markalı, ** SG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol hərəkət qaydalarını pozmuş, nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Skaz Autohouse MMC tərəfindən verilmiş 01.10.2020-ci il tarixli qüsur aktından görünür ki, BMW 528İ markalı, ** SG *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 781.04 manat, 18 faiz ƏDV vergisi daxil olmaqla 921.63 manat hesablanmışdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2021-ci il tarixli 9/625 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 01.10.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “BMW 528i” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 763,0 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 01.10.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “BMW 528i” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 763,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -- 613,0 manat; təmir-bərpa işlərinin qiyməti - 150,0 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, 14.10.2020-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Paşa Sığorta ASC-də icbari sığorta növü üzrə sığortalanmış, Palıd 2015 MMC-nin mülkiyyətində olan, hadisə baş verən anda Cavabdeh tərəfindən idarə edilmiş Hyundai Accent minik markalı ** PX *** qeydiyyat nişanlı avtomobil ilə X2 tərəfindən idarə olunmuş “BMW 528i” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə, sonuncu avtomobilə 921.63 manat zərər dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından göründüyü kimi, avtomobilə dəymiş zərərin məbləği 921.63 manat müəyyən edilmişdir ki, iddiaçı Paşa Sığorta ASC qeyd olunan sığorta ödənişinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş 14.09.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan cavabdehin yol hərəkət qaydalarını pozması nəticəsində X2 tərəfindən idarə olunmuş BMW 528İ markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi və cavabdehin hadisə yerindən yayınması müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinin tələblərinə əsasən, təqsirli bilinmişdir. İcbari Sığortalar haqqında Qanunun: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində BMW 528İ markalı ** SG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 921.63 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. Belə ki, iddiaçı tərəfindən hesablanmış 18 faiz ƏDV daxil olmaqla 921.63 manat dəymiş zərər məbləği tələb etdiyi halda, ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 763 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə uyğun olaraq hesablanmış 763 manat məbləğini 18 faiz ƏDV vergisi də əlavə olunmaqla (763 x 18/100=137.34, 763+137.34=900.34) ümumilikdə, cəmi 900.34 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 900.34 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı Paşa Sığorta ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 900.34 (doqquz yüz manat otuz dörd qəpik) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30.4 (otuz manat qırx qəpik) manat olmaqla cəmi 930.34 (doqquz yüz otuz manat otuz dörd qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı Paşa Sığorta ASC-nə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar