Məhkəmə qərarları › İş №e-2(012)-3979/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3979/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3979/2022 27.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılova Nərmin Allahverdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, öhdəliyin tam icra edilməli olduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 30 aylıq müddət üçün əldən çıxmış faydaya görə 5172.5 manat pulun birdəfəlik, xx.xx.2022-ci il tarixdən öhdəliyin tam icra ediləcəyi günə kimə hər ay Mərkəzi Bankın müəyyənləşdirdiyi fiziki şəxslər üçün depozit və əmanətlər üzrə statistik orta faiz dərəcəsi nəzərə alınmaqla 22989 manata görə əldən çıxmış fayda olan zərərin hesablanmış məbləği olan pulun aylıq və mənəvi zərərə görə 7500 manat pulun birdəfəlik cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixədək qaytarılmaq şərtilə cavabdehə 11000 ABŞ dolları və 4300 manat borc verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı məhkəməyə müraciət etməli olmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının xeyrinə cavabdehdən 11000 ABŞ dolları pul vəsaitinin manat ekvivalenti ilə 18689 manat və 4300 manat pulun tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin sözügedən qətnaməsi əsasında icra vərəqəsi verilmiş, təəssüf ki, bu günədək həm cavabdeh icra sənədinin könüllü icrasını təmin etməmiş, həm də görülmüş icra tədbirləri bir nəticə verməmişdir. Hazırda, cavabdehin həmin icra sənədi üzrə iddiaçıya 21130 manat borcu qalmışdır. Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə olan öhdəliyini cavabdeh bu günədək icra etməmişdir. Cavabdehin öhdəliyini pozması nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Maddi zərər onunla bağlıdır ki, cavabdeh öhdəliyini yerinə yetirmiş olsaydı, qaytarmalı olduğu 22989 manat pulu xx.xx.2020-ci il tarixdən bu günədək ən azından banka əmanətə qoymaqla qazanc əldə edə bilərdi. Lakin indi həmin qazancdan iddiaçı məhrum olmuş və bu mərhumiyyət cavabdehin öz öhdəliyini tam yerinə yetirənə qədər davam edəcəkdi. Mənəvi zərər isə onunla bağlıdır ki, bu günədək davam edən cavabdehin öhdəliyini pozması iddiaçının davamlı olaraq əsəb, stres və gərginlik yaşamağına səbəb olmuşdur ki, bu əsəb və gərginlik isə iddiaçının səhhətinə, sağlamlıq vəziyyətinə pis təsir etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytında yerləşdirilmiş məlumatdan aydın olur ki, banklarda depozit və əmanətlər üzrə orta faiz dərəcəsi fiziki şəxslər üçün 2020-ci ilin yanvar ayından bu günədək illik 9 faizdən az olmamışdır. Belə olan halda, hesab edir ki, cavabdehin öhdəliyini pozmasına görə əldən çıxmış fayda formasında vurulmuş maddi zərər Mərkəzi Bankın müəyyənləşdirdiyi fiziki şəxslər üçün depozit və əmanətlər üzrə statistik orta faiz dərəcəsi nəzərə alınmaqla hesablanmalıdır. Bu qaydada hesabladıqda, cavabdehin borcunu qaytarmalı olduğu xx.xx.2020-ci il tarixdən bu günədək keçən 30 aylıq müddət üçün əldən çıxmış fayda 22989 manat x 9 % = 2069 manat x 2.5 = 5172.5 manat təşkil edir. Bu zərərin hesablanaraq tutulması cavabdeh tərəfindən öhdəliyin tam icra edilməsinə qədər davam etməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin vaxtında və tam şəkildə ödənilməməsi ona maddi və mənəvi zərər vurmuşdur. Belə ki, o, cavabdehə borc şəklində verdiyi pulu vaxtında banka depozitə qoymuş olsaydı, əlavə gəlir əldə etmiş olacaqdı. Cavabdeh tərəfindən sonuncu dəfə ödəniş olaraq xx.xx.2022-ci il tarixdə 300 manat olmaqla ödəniş edilmişdir. Bununla yanaşı, Mərkəzi Bankın müəyyən etdiyi fiziki şəxslər üçün orta statistik faiz dərəcəsi nəzərə alınmaqla, əldən çıxmış faydaya görə pul vəsaitinin tutulmasını da tələb edir. Buna dair, hər hansı bir sübutu olmasa da, Mərkəzi Bankın rəsmi saytında bu barədə məlumat əldə etmək mümkündür. Cavabdehin ona qarşı borcu ilə bağlı çıxarılmış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra tədbirləri davam etdirilir, lakin bu icra hərəkətləri məhkəmə iclasından-iclasa olmaqla həyata keçirilir, başqa sözlə, məhkəmə iclasları ərəfəsində cavabdeh tərəfindən ödəniş həyata keçirilir. 3 il ərzində cavabdeh tərəfindən 2700 manat ödəniş edilmiş, pul karta köçürülür, lakin bununla belə, kartdan da pul vəsaiti çıxılmış olur. Onun cavabdehə vermiş olduğu pul vəsaitini banka depozitə qoymaq niyyəti var idi, lakin bununla belə, hesab edir ki, qeyd olunan məsələ onun şəxsi işi olduğundan bunu məhkəmə iclasında belə deməyə ehtiyac yoxdur. İddia ərizəsinə qarşı verilmiş etirazdan görünür ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi tamamilə qanunsuz və əsassızdır. Hazırki iş üzrə məhkəmənin qətnaməsi qanuni qüvvəsini almaqla icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh icra şöbəsinə dəvət olunaraq könüllü icra bildirişi ilə tanışlığa qol çəkmiş və dərhal sonra Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədova məktub yazaraq İcra şöbəsinin bank hesab rekvizitlərini (tələb üzrə ödənişlər üçün) istəsə də, təəssüflər olsun ki, məktuba rəsmi qaydada cavab verilməmişdir. Buna baxmayaraq, cavabdeh özü könüllü şəkildə icra şöbəsinin bank-hesab rekvizitlərini taparaq xx.xx.2021-ci il tarixdə Unibank KB ASC-nin 13 saylı filialından icra şöbəsinin depozit hesabına 301 manat pul köçürmüşdür. Bu və bundan da artıq ödənişlər cavabdeh tərəfindən müntəzəm olaraq ödənilir. Bundan sonra xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat pul ödənilmişdir. Cavabdeh Türkiyə Respublikasında olmağına baxmayaraq, xx.xx.2022-ci il tarixdə 120 ABŞ dolları (204 manat) pul ödəmişdir. xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə iddiaçıya 200 manat pul ödəmişdir. Yəni, indiyədək cavabdeh tərəfindən 2105 manat pul ödənilmiş və bacardığı qədər borcunu müntəzəm ödəməyə çalışır. Bu da cavabdehin qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmadığının bariz sübutudur. Yəni, iş materiallarından görünür ki, borclu heç bir yerdə işləməməsinə baxmayaraq, hər ay müntəzəm olaraq ödəniş etmişdir. Bundan əlavə, iddiaçının təkidi ilə icra məmuru Orxan Məmmədov tərəfindən protokol tərtib edilərək baxılması üçün İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edilmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə borclunun həmin norma ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə icra məmuru Orxan Məmmədov borclunun həyat yoldaşının mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin həyat yoldaşı X4 mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat təmin edilməmişdir. Göründüyü kimi, icra icraatı başlanıldıqdan sonra tələbkarın təkidi ilə icra məmuru borcluya qarşı hansı təqdimat ilə məhkəməyə müraciət etmişdirsə, əsassız olduğundan dolayı heç biri təmin edilməmişdir. Bundan başqa, AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 65 yaşı var. Bundan əlavə, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın **********4 saylı məktubundan görünür ki, Cavabdeh yaşa görə 259.78 manat əmək pensiyası alır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı “Dost” Mərkəzinin xx.xx.2021-ci il tarixli, **********9 saylı arayışından görünür ki, Cavabdeh X1 sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən, qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Yəni, Cavabdeh hazırda, işsizdir. Cavabdeh daimi yaşayış yeri Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektidir. Bundan əlavə, anası rəhmətə getdiyi üçün uzun müddət Şəki rayonunda olmuş, üzrlü səbəbdən icra şöbəsinə şəxsən gələ bilməmiş, buna baxmayaraq, 500 manat pulu onlayn qaydada tələbkarın hesabına ödəmişdir. İddia ərizəsində göstərildiyi kimi, heç də borclu tələbin könüllü icrasından qərəzli şəkildə boyun qaçırmamış və bunun əksinə, mütəmadi ödənişlər etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında da qeyd etmişdir ki, ümumi qəbul edilmiş tərifə görə, forsmajor müqavilədə və ya sazişdə nəzərdə tutulmuş öhdəliklərin, şərtlərin yerinə yetirilməsini qeyri-mümkün edən fövqəladə və qaçılmaz hallardır. Yəni, belə nəticəyə gəlmək olur ki, iqtisadi böhran, pandemiya, epidemiya şəraitində, restoranların fəaliyyət göstərmədiyi anda cavabdeh müqavilə öhdəliklərini yerinə yetirə bilməzdi. İddiaçının özü belə qeyd etmişdir ki, cavabdeh şadlıq sarayının sahibidir. Əgər şadlıq sarayı fəaliyyət göstərmirdisə və borclu pul qazanmırdısa hazırda, 23000 manat pulu tələbkara bütünlükdə necə ödəsin? O, bu pulun ödənilməsini yalnız hissə-hissə icra edə bilər və hər ay tələbkara bacardığı qədər ödəniş edir. Ölkədə karona virus infeksiyasına yoluxan və bu virusdan ölən kifayət qədər insan olduğuna görə uzunmüddətli karantin rejimi tətbiq olunmuş, müəssisələrin və iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılmış, restoranlarda toyların təşkili və keçirilməsi isə ümumiyyətlə, pandemiya dövründə qadağan edilmişdir. Toylar uzun müddət təşkil olunmamış və şadlıq sarayları faktiki olaraq uzun müddət işləməmişdir. Yayılmaqda olan epidemiyanın qarşısını almaq üçün dövlətlər, eləcə də Azərbaycan dövləti müqavilələrin icrasını və müəssisələrin fəaliyyətini iflic edən bir çox qadağalar tətbiq etmişlər. Həmçinin, vətəndaşların sərbəst hərəkətinə də məhdudiyyətlər qoyulur. Həmin qadağalar və məhdudiyyətlər borclunun cavabdeh olmadığı hal kimi qiymətləndirilə bilər və qətnamənin icrası zamanı nəzərə alına bilər. Fors-major hallar tərəflərin iradəsindən kənar baş verən elə bir hallardır ki, onların baş verməsi tərəflər üçün gözlənilən deyil və bu hallar müqavilənin icrasının qeyri-qanuni, ticari olaraq, qeyrimümkün sayılmasına gətirib çıxarır. Koronavirus infeksiyası (Covid-19) da belə hallardan biridir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin X6 Hospitalı tərəfindən verilmiş xəstəxanadan buraxılış formasından görünür ki, Cavabdeh Covid 19, viral pnevmaniya diaqnozu qoyulmuşdur. Daxil olarkən xəstənin vəziyyəti orta-ağır olaraq dəyərləndirilmişdir. Onun ciyərlərinin 90%-i “buzlu şüşə” olduğu üçün o tənəffüs aparatı cihazına qoşulmuşdur. Xəstəliyi olduqca ağır keçirmişdir. Cavabdehə qarşı qaldırılmış hazırki iddia habelə, aşağıdakılara görə əsassızdır: 1) MPM-nin 261.0.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi əsası müəyyən edilmişdir. Hazırki iş üzrə iddia eyni predmet və eyni əsasla bağlı olsa da, iddiaçı öz “iddiasına” don geyindirirək və “kamuflaj” edərək yenidən cavabdehdən pul istəyir. Bu da artıq cavabdehin bir əmələ (hərəkətə) görə iki dəfə cəzalanmasına, iki dəfə məsuliyyətə cəlb olunmasına gətirib çıxarır. 2) Bundan başqa, iddiaçı qeyd etmişdir ki, Mərkəzi Bankın rəsmi saytında yerləşdirilmiş məlumatdan aydın olur ki, banklarda depozit və əmanətlər üzrə orta faiz dərəcəsi fiziki şəxslər üçün 2020-ci ilin yanvar ayından bu günədək illik 9 faizdən az olmamışdır. Belə olan halda, hesab edir ki, cavabdehin öhdəliyini pozmasına görə əldən çıxmış fayda formasında cavabdehə vurulmuş maddi zərər Mərkəzi Bankın müəyyənləşdirdiyi fiziki şəxslər üçün depozit və əmanətlər üzrə statistik orta faiz dərəcəsi nəzərə alınmaqla hesablanmalıdır. Bu, tamamilə absurddur. Birincisi, ona görə ki, iddiaçının həmin pulu depozitə qoyubqoymayacağını sübut etməsi qeyri-mümkündür. İkincisi, iddiaçı bir dəfə də olsun hər hansı bir iclasda, hər hansı bir ərizəsində qeyd etməmişdir ki, onun həmin pulu depozitə qoymaq fikri var idi. Üçüncüsü, hesab edir ki, Mərkəzi Bankın müəyyənləşdirdiyi fiziki şəxslər üçün depozit və əmanətlər üzrə statistik orta faiz dərəcəsi əldən çıxmış faydanın tələb edilməsi üçün əsas ola bilməz. 3) İddia ərizəsinin “xahiş edirəm” hissəsində xx.xx.2022-ci il tarixdən öhdəliyin tam icra ediləcəyi günə kimə hər ay Mərkəzi Bankın müəyyənləşdirdiyi fiziki şəxslər üçün depozit və əmanətlər üzrə statistik orta faiz dərəcəsi nəzərə alınmaqla 22989 manata görə əldən çıxmış fayda olan zərərin hesablanmış məbləği olan pulun aylıq tutulması xahiş olunmuşdur. Buna münasibətdə isə bildirir ki, iddia ərizəsindəki tələb qeyrimüəyyəndir. İddia tələbi qeyri-müəyyən olmaqla qeyri-müəyyən dövrü əhatə edə bilməz. 4) İddiaçı mənəvi zərər olaraq 7500 manat pulun birdəfəlik cavabdehdən alınıb ona ödənilməsini xahiş etsə də, mənəvi sarsıntı və iztirab keçirməsinə dair heç bir mötəbər sübut təqdim etməmişdir. Mənəvi zərərin əvəzi üçün tələb olunan məbləğə baxmaq kifayətdir ki, iddia ərizəsində qeyd olunanlara nə qədər absurd və əsassız olduğu bilinsin. Qaldırılan iddia əsassız olmaqla sadəcə cavabdehə psixoloji təsir və incitmək xarakteri daşıyır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı borcunun olmasını sübuta yetirən, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamə icraya yönəldilmiş və cavabdeh özü şəxsən icra şöbəsinə müraciət edərək ödənişin edilməsi üçün bank hesab nömrəsini istəmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 301 manat, hətta bu ay 300 manat ödəniş edilmişdir. Bununla da cavabdehin müntəzəm olaraq ödəniş etməsi onun iddiaçıya olan borc öhdəliklərinin icrasından yayınmadığının bariz nümunəsidir. Bununla yanaşı, Azərbaycan Respulikası Mərkəzi Bankının saytında fiziki şəxslər üçün orta statistik faiz dərəcəsi 9 faiz müəyyən edilmişdir. İddiaçı cavabdehə borc olaraq verdiyi pul vəsaitini banka depozitə qoymaq istəyini heç bir məhkəmə iclasında bildirməmiş və hesab edir ki, iddiaçı bunu məhkəməyə bildirməlidir. Eyni zamanda, tərəflər arasında olan münasibətlər borc münasibəti olduğundan burada depozitin qoyulmasından bəhs edilə bilməz. Əldən çıxmış faydanın isə hər hansısa bir əsası yoxdur. Cavabdeh tərəfindən pul tam şəkildə ödənilmədiyi üçün iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının tələbi isə qeyri-müəyyəndir. Belə ki, pulun qaytarılması öhdəliyi qeyri-müəyyən olduğu halda, davam edən münasibət üçün pul tutula bilməz. Cavabdeh vaxtı ikən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, restoran idarəçisi olsa da, həmin fəaliyyəti uğursuzluqla nəticələnmişdir. Lakin bununla belə, cavabdeh hazırda, işsiz olsa da iddiaçıya borcunun ödənilməsindən qətiyyətlə yayınmır. Cavabdeh hazırda, Türkiyədədir və xx.xx.2022-ci il tarixdə sonuncu dəfə 300 manat ödəniş etmiş və müvəkkili ona güvəndiyi üçün sözügedən pul vəsaiti cavabdehin nümayəndəsi və vəkili olaraq onun şəxsən özü tərəfindən ödənilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(012)-1040/2020 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 11000 ABŞ dolları pul vəsaitinin manat ekvivalenti ilə 18689 manat və 4300 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin tutulması qət edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(012)-1303/2021 saylı qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilmişdir. Qərardan daha sonra görünür ki, məhkəmə araşdırmasında icra sənədi üzrə könüllü icra müddətindən cəmi 9 gün müddətin keçməsi, icra məmurunun məhkəmə qərarının icrası üçün hər hansı bir tədbir görmədiyi müəyyən olunmuşdur. Belə olan halda, Cavabdeh icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetirilməmişdir. -Unibank KB ASC-nin hesabdan çıxarışından görünür ki, Cavabdeh məhkəmə qətnaməsinin icrası ilə bağlı xx.xx.2021-ci il tarixdə 301 manat ödəniş etmişdir. -Ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh məhkəmə qətnaməsinin icrası üzrə ödənişinə görə xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 123 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş etmişdir. -X1 Sistemi Pensiya haqqında arayışdan görünür ki, Cavabdeh yaşa görə 259.78 manat pensiya alır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı Dost Mərkəzinin xx.xx.2021-ci il tarixli **********9 saylı arayışından görünür ki, Cavabdeh (FİN xxxxxxx) X1 sisteminin Əmək müqaviləsi bildirişi altsisteminə əsasən, qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-54/2022 saylı qərardadından görünür ki, borclu Cavabdeh həyat yoldaşı X5 mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilməmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq X7 Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 5869 saylı rəydən görünür ki, İddiaçı üzvi xəstəlik (beyin atrafeyası) nəticəsində yaranmış kəskin nəzərəçarpan şəxsiyyət pozuntusu, kobud davranış epizodlarla, yaddaş və intellektin qaparıq enməsi F07.8 diaqnozu qoyulmuşdur. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-22049-30 saylı məktubundan görünür ki, Cavabdeh Abşeron rayon Məhkəməsinin 2(012)-104/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə tələbkar İddiaçı 21130 manat borcu qalmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 20 saylı evin 50 saylı mənzilində, Cavabdeh isə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3M-1567 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında, borcverən borcalana 11000 ABŞ dolları pulu manat ekvivalenti ilə 18689 manat və 4300 manat pul vəsaitini borc şəklində verməyi, borcalan isə həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Kedit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən yerinə yetirilmədiyindən borcverənin ərizəsi əsasında Abşeron rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(012)-1040/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 11000 ABŞ dolları pul vəsaitinin manat ekvivalenti ilə 18689 manat və 4300 manat pul vəsaitinin tutulması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, borc məbləğinin cavabdeh tərəfindən tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı hazırda, cavabdehin ona borclu olduğu 21130 manat pul vəsaitinə görə 30 aylıq əldən çıxmış fayda, əldən çıxmış faydaya görə faiz məbləğinin, eyni zamanda, vurulmuş mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Məhkəmə qeyd edir ki, 2(012)-1040/2020 saylı mülki iş üzrə tədqiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, borcalan-Cavabdeh iddiaçı-borcverən İddiaçı 11000 ABŞ dolları pul vəsaitinin manat ekvivalenti ilə 18689 manat və 4300 manat pul vəsaitini borc şəklində alması hazırki işin mübahisələndirilməyən tərəfidir. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə borcunu müqavilə əsasında müəyyən edilmiş müddətə qədər iddiaçıya tam şəkildə qaytarmaması nəticəsində hazırda, iddiaçıya 21130 manat borcunun qalması Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-22049-30 saylı məktubu ilə də öz təsdiqini tapmışdır. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə borc vaxtında və tam şəkildə ona ödənilmədiyindən həmin məbləğə əsasən hesablanmış əldə çıxmış fayda, əldən çıxmış faydaya görə faizin və mənəvi zərərin tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki iş materialları əsasında müəyyən olunur ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, borcun verilməsi və qaytarılması öhdəliklərini öz üzərinə götürmüş tərəflər arasında mülki-hüquq münasibətlərindən irəli gələn mübahisə yaranmışdır. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, müqavilə tərəflər arasında heç bir məcburiyyət tədbiri tətbiq olunmadan, könüllü iradə ifadələrinə uyğun olaraq bağlanmışdır. Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““Aztelekom” İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarında göstərilir ki, “... Mülki hüquq və vəzifələrin yaranması üçün əsaslardan biri əqdlərdir. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin növlərindən biri kimi çıxış edən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır...”. “X2 üçün Unidroit Prinsipləri”nin 7.1.7-ci maddəsinə əsasən, müqavilənin icra edilməməsi o halda üzrlü hesab olunur ki, icraçı icra edilməmənin səbəbinin nəzarət edə bilmədiyi maneə ilə əlaqədar olmasını və müqavilə bağlanarkən maneənin ağlabatan formada nəzərə alınmasının, qarşısının alınmasının və nəticələrinin aradan qaldırılmasının mümkün olmadığını sübut etsin. Maneə müvəqqətidirsə, yalnız bu halda müqavilənin icrasına maneə olan təsir məqbul hesab olunan müddət üçün əsaslı hesab olunacaq. Əlavə olaraq, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, “... Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun...”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi müəyyənlik prinsipinə dair formalaşdırdığı hüquqi mövqedən görünür ki, bu prinsip hüququn ali prinsiplərindəndir. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı kredit müqaviləsi ilə bağlı olmasından asılı olmayaraq, məhkəmə hesab edir ki, bu müqavilə azadlığı sahəsində hüquqi müəyyənlik prinsipi, yəni müqavilənin mümkün qədər aydın olması və sadə şəkildə tərtibi bütün növ müqavilələr üzrə keçərlidir. Qanunvericiliyin tələblərindən və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə istinad edərək məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən sözügedən pul vəsaitlərini cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməyərək tam şəkildə qaytarmamasını, nəticə etibarı ilə onu maddi ziyana salması ilə əlaqələndirmişdir. Məhkəmə, Mülki Məcəllənin 448.4-cü bəndinə istinad edərək qeyd edir ki, qanunvericilik humanizm nöqteyi-nəzərindən çıxış edərək müqavilə tərəfi üzrə borclu tərəfindən müqavilə şərtinin pozulmasının heç də bütün hallarda onun əleyhinə hüquqi nəticələr yaratmadığını xüsusi vurğulamışdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin müqavilə öhdəliklərinin hazırki iş üzrə cavabdeh tərəfindən pozulmasının üzrlü hesab edilməsinə kifayət qədər əsaslar vardır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş ödəniş qəbzlərinə, arayışlara əsasən, müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mütəmadi olaraq, daha dəqiq şəkildə isə xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 123 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş olunmuş və bu hala heç də cavabdehin müqavilə tərəfi kimi iddiaçı qarşısında müqavilə öhdəliklərinin icrasından kobud şəkildə yayınma kimi qiymət verilə bilməz. Belə ki, Mülki Məcəllənin: 421.2. maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında cavabdehin iddiaçıya 22989 manat borcunun yaranması təsdiq olunmuş, cavabdeh tərəfindən müntəzəm olaraq davamlı şəkildə borcundan hər ay ödəniş edilməsi cavabdehin müqavilə öhdəliklərini icra etməməsini ehtiva edən əhəmiyyətli pozuntu deyildir. Mülki Prosessual Məcəllənin 82.1. maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd edir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar olaraq ölkə üzrə tədbirlər görülmüş, qeyri-iş günləri elan edilmiş, nəticə etibarı ilə, vətəndaşların əmək fəaliyyəti ilə məşğul olması məhdudlaşdırılmışdır. Hazırki iş üzrə Cavabdeh Covid-19 pandemiyası dövründə əmək fəaliyyəti ilə məşğul olmaması, həmçinin, onun sözügedən virusa yoluxması, nəticədə, maddi çətinliyinin də yaranması müqavilə öhdəliyinin vaxtında icra edilməməsini üzrlü hesab edən zəruri hal kimi müəyyən edilmişdir ki, Covid-19 pandemiyası ərəfəsində əmək fəaliyyəti məhdudlaşdırılmış vətəndaşların maddi çətinliyinin yaranmasının sübuta ehtiyacı yoxdur. Lakin iddiaçı müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin bir qismi ödənildiyi halda, Mülki Məcəllənin 484.4-cü maddəsinə istinad edərək, müqavilə öhdəliyinin cavabdeh tərəfindən gecikdirilməsinin üzrlü hesab edilən hallarını nəzərə almamış, müqavilə ödənişlərində güzəştə getməmiş, əksinə, müəyyən zaman kəsiyində gecikmələrin olmasının onun ağır maddi duruma gətirməsi ilə əlaqələndirərək, cavabdehdən əldən çıxmış faydaya görə 5172.58 manat pul vəsaitinin birdəfəlik, Mərkəzi Bankın müəyyən etdiyi orta statistik faiz dərəcəsinə görə 22989 manat vurulmuş zərərin də əlavə olaraq tutulmasını xahiş etmişdir ki, məhkəmə bu halı cavabdehin əmlak mənafelərinə zidd olaraq qiymətləndirməklə cavabdehin həmçinin, maddi cəhətdən əlavə yüklənməsinə də səbəb olur ki, bu da qanunla yolverilməzdir. Bununla yanaşı, cavabdehdən əldən çıxmış faydaya görə pulun tutulması sonuncunu əlverişsiz şəraitə salmaqla onun üzərinə maliyyə yükünün qoyulması qanunvericilikdən və müqavilə azadlığından sui-istifadədir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı cavabdehdən borcun gecikdirilməsinə görə əldən çıxış faydanın və əldən çıxmış faydaya görə vurulmuş zərərin tutulmasını tələb etsə də, həmin məbləğlərin hansı mənbə əsasında hesablanmasını göstərməmiş, məhkəmə iclasında Mərkəzi Bankın rəsmi internet səhifəsində qeyd olunduğunu kifayətlənməklə qeyd etdiyi hallara dair mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. Məhkəmə, qanunvericiliyin tələblərinə, mülki iş materiallarına istinad edərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar