Məhkəmə qərarları › İş №e-2(012)-403/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-403/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-403/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Paşa Sığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Paşa Sığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 12907.8 manat sığorta ödənişinin, ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 14.10.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan ** CC *** dövlət qeydiyyat nişanlı Nissan X-Trail markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** SX *** dövlət qeydiyyat nişanlı Audi A4 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq, sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** SX *** dövlət qeydiyyat nişanlı Audi A4 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 17907.8 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən dəymiş ziyana görə ümumilikdə 17907.8 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta şirkəti tərəfindən zərərvurana sığorta şirkətinin ödədiyi məbləğ çıxılmış və 12907.8 manat məbləğinin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2022-ci il tarixli 9/625 saylı rəyi ilə o, razı deyildir. Belə ki, iddiaçı tərəfindən iddia tələbində qeyd olunmuş məbləğ şişirdilmiş məbləğ deyildir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -20.02.2019-cu il tarixli AD 430159 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı Audi A4 minik markalı ** SX *** qeydiyyat nömrəli avtomobil X1 mülkiyyətindədir. -10.05.2019-cu il tarixli ƏN-Vİ № 776987 saylı etibarnamənin surətindən görünür ki, X2 mülkiyyətində olan Audi A4 minik markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobili 10.05.2020-ci il tarixədək idarə etməyi Cavabdeh etibar etmişdir. -10.10.2019-cu il tarixli AD 615349 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2001-ci il buraxılışlı Nissan X-Trail minik markalı ** CC *** qeydiyyat nömrəli avtomobil X3 mülkiyyətindədir. -26.12.2019-cu il tarixli sığorta aktından görünür ki, Paşa Sığorta ASC-də İ-MİC- 1582/19 saylı sığorta şəhadətnaməsinə əsasən 08.08.2019-cu il tarixdən 07.08.2020-ci il tarixədək 30000 manat dəyərində sığortalanmış, 14.10.2019-cu il tarixdə Sumqayıt şəhəri S.Vurğun küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 mülkiyyətində olan Audi A4 markalı, ** SX *** qeydiyyat nişanlı avtomobilə 17907.8 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 17907.8 manat pul vəsaiti avtomobilin təmiri üçün fiziki şəxs X6 hesabına köçürülmüşdür. -27.12.2019-cu il tarixli #001XOH********** saylı ödəniş tapşırığından görünür ki, Paşa Sığorta ASC tərəfindən X6 hesabına sığorta ödənişi olaraq 17907.8 manat köçürülmüşdür. -Paşa Sığorta ASC-nin Cavabdeh ünvanlandığı 12.03.2020-ci il tarixli subroqasiya hüququ ilə əlaqədar məktubdan görünür ki, ASC tərəfindən 12907.8 manat sığorta ödənişinin 15 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Ödəniş tapşırığından görünür ki, Xalq Sığorta ASC tərəfindən Paşa Sığorta ASC-nin hesabına CM-3032/2019 nömrəli zərər üzrə 17907.8 manat sığorta ödənişindən 5000 manat ödəniş həyata keçirilmişdir. -15.10.2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, 14.10.2019-cu il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhərində Cavabdeh tərəfindən idarə olunmuş Nissan X-Trail markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən S.Vurğun küçəsində Simurq şadlıq evinin bərabərliyində sola dönərkən qarşıdan düzünə hərəkət edən Audi A4 markalı, ** SX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, yol hərəkət qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 16.10.2019-cu il tarixli 2960 saylı arayışdan görünür ki, Sumqayıt Şəhər DYPŞ bildirir ki, 14.10.2019-cu il tarixdə Sumqayıt şəhəri S.Vurğun küçəsi saat 13:00-da toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Cavabdeh tərəfindən idarə olunmuş Nissan X-Trail markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətində olan və onun tərəfindən idarə olunmuş Audi A4 markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilin qabaq sağ hissəsinə ziyan vurmuşdur. -Dream Auto MMC tərəfindən verilmiş 25.12.2019-cu il tarixli qüsur aktından görünür ki, Audi A4 markalı, ** SX *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 17907.8 manat hesablanmışdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2021-ci il tarixli 9/625 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, fiziki şəxs X7 tərəfindən tərtib edilmiş 25.12.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Audi A4” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14944 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, nəzəri hesablama yolu ilə, fiziki şəxs X7 tərəfindən tərtib edilmiş 25.12.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Audi A4” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 17907,0 manat müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 16050,0 manat; təmir-bərpa işlərinin qiyməti - 1857,0 manat. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla, 5 il (2014-2019) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 13087,0 manat müəyyən edilmişdir: / 16050,0-4%/-4 dəfə Rəydən daha sonra görünür ki, qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, 14.10.2019-cu il tarixdə Sumqayıt şəhəri S.Vurğun küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Paşa Sığorta ASC-də fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası növü üzrə sığortalanmış, X1 mülkiyyətində olan, hadisə baş verən anda qüvvədə olan etibarnamə əsasında sürücü Cavabdeh tərəfindən idarə edilmiş Nissan X-Trail markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil Audi A4 markalı ** SX *** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncu avtomobilə ziyan dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş, mülki iş materiallarında olan qüsur aktına əsasən, Audi A4 markalı ** SX *** qeydiyyat nişanlı avtomobilə 17907.8 manat dəymiş zərərin olması müəyyən edilmişdir. Qeyd olunan zərərin 5000 manat hissəsi cavabdehin avtomobilinin icbari sığorta olunduğu Xalq Sığorta ASC tərəfindən ödənilmiş və bu, mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzi ilə də təsdiq olunmuşdur. Hazırda, iddiaçı Paşa Sığorta ASC qalıq qalmış 12907.8 manat dəymiş zərərin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, cavabdehin yol hərəkət qaydalarını pozması nəticəsində X4 tərəfindən idarə olunmuş Audi A4 markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə əsasən, əməli sübuta yetirilərək təqsirli bilinmişdir. İcbari Sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və mülki iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində Audi A4 markalı ** SX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 14944 manat hesablanmışdır. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. Belə ki, iddiaçı tərəfindən hesablanmış 17097.8 manat dəymiş zərər məbləğindən 5000 manat ödəniş edildiyi təqdirdə, iddiaçı 12097.8 manat dəymiş zərər məbləği tələb etmişdir. Lakin ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 14944 manat müəyyən edildiyindən, məhkəmə ekspert rəyinə uyğun olaraq hesablanmış məbləğdən ödənilmiş 5000 manat ödənişinin çıxılmaqla qalıq qalan (14944-5000=9944) 9944 manat pul vəsaitinin cavabdehdən tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 9944 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı Paşa Sığorta ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat pul vəsaiti isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 9944 (doqquz min doqquz yüz qırx dörd) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30.4 (otuz manat qırx qəpik) manat olmaqla cəmi 9974.4 (doqquz min doqquz yüz yetmiş dörd manat qırx qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı Paşa Sığorta ASC-nə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar