Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4087/2023 04.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Mirfazil oğlunun sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən maddi ziyana görə 500 (beş yüz) manat, qızının qətlə yetirilməsinə görə dəymiş mənəvi zərərə görə 30.000 (otuz min) manat, onun sağlamlığına vurulmuş xəsarətlərə görə dəymiş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 45 nömrəli evin yaxınlığında, əvvəllər nikahda olduğu, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-437/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş X1 qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmiş, həmin vaxt üzərində olan bıçaqla Kəmalə Sultanovanın ilkin olaraq ürək və qarın boşluğu nahiyələrinə zərbə vurmuş, K.Sultanovanın yıxılmasına, onun yalvarışlarına, ətrafda olan şəxslərin müdaxiləsinə, həmin vaxt yaxınlıqda olan azyaşlı uşaqlarının “ata eləmə” demələrinə baxmayaraq, öz ictimai borcunu yerinə yetirərək cinayətin qarşısını almaq istədiyi zaman Cavabdeh onu qəsdən 1.9 metr hündürlükdən itələyərək, yenidən K.Sultanovanın yanına qaçmış və müstəsna qəddarlıq nümayiş etdirərək, azyaşlı uşaqlarının gözü qarşısında həm azyaşlı övladlarına, həm də mərhum K.Sultanovaya xüsusi əzab verdiyini dərk edərək K.Sultanovanın həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrinə ümumilikdə 25 bıçaq zərbəsi vuraraq K.Sultanovanı qətlə yetirmişdir. Cavabdeh onu 1.9 metr hündürlükdən qəsdən itələyərək yıxması nəticəsində ona sol yanaq, sağ almacıq, sağ said, sol ayaq pəncəsinin sıyrıqları, sağ bazu, sol said nahiyəsinin qançırları, sağ ayağının iç topuğunun və pəncə nahiyələrinin aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşaiyət olunan qançırşişkinliyi kimi sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik və 1 bel fəqərəsinin kompression sınığı kimi sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə, həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Hadisədən sonra Cavabdeh barəsində Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 127.2.1-ci maddələri ilə cinayət işi başlanmış, Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilərək və o, isə zərərçəkmiş şəxs qismində tanınaraq cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-154/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 120.2.4 və 127.2.1-cimaddələri ilə təqsirli bilinərək ona qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd edir ki, Cavabdeh əməlləri nəticəsində o qızını itirmiş, özü isə əlil olmuşdur. Nəticədə o əzab-əziyyət çəkərək, fiziki və mənəvi iztirablar keçirməklə onda dərin psixolojistress yaranmışdır. Bu hadisələrin nəticəsində o əsəb gərginliyindən və yuxusuzluqdan əziyyət çəkir, tibbi və psixoloji müalicəyə ehtiyacı vardır. Hadisədən sonra o uzun müddətdir ki, müalicə alır, əmək qabiliyyəti itirmiş, müayinələr və müalicələr üçün böyük məbləğdə xərclər ödəmiş və bu gün də ödəyir. Bundan başqa, hadisədən sonra o “Şəkərli diabet” xəstəliyinə düçar olmuş və hazırda xəstəliklə bağlı müalicələr alır. Cavabdeh isə hadisə törədildiyi gündən bu günədək qızına və ona qarşı törətdiyi cinayət nəticəsində çəkilmiş xərcləri ödəməmiş və heç bir maddi köməklik göstərməmişdir. Cavabdehin ona qarşı törətdiyi cinayət hadisəsi nəticəsində onun sağlamlığına vurulmuş ziyana görə çəkdiyi xərcin məbləği təxminən 500 (beş yüz) manat təşkil edir. Həmçinin cavabdehin qızına və ona qarşı törətdiyi cinayət nəticəsində qızının qətlə yetirilməsi, onun müxtəlif xəsarətlər alaraq xəstəxanada yatmağı, ona heç bir dəstək olunmaması onun fiziki və psixoloji sıxıntılar keçirməyinə, iztiraba və mənəvi sarsıntıya səbəb olmuşdur. Bunun nəticəsində ona mənəvi zərər vurulmuşdur. O, qızının qətlə yetirilməsinə görə dəymiş mənəvi zərəri 30.000 (otuz min) manat, onun sağlamlığına vurulmuş xəsarətlərə görə dəymiş mənəvi zərəri 10.000 (on min) manat məbləğində qiymətləndirir. Cavabdeh tələb etməyinə baxmayaraq, o, tələbi yerinə yetirməkdən, ona vurulmuş maddi və mənəvi zərəri ödəməkdən imtina edir. Ona görə də hazırda Cavabdeh onun sağlamlığına vurduğu ziyana görə çəkdiyi maddi ziyanı, qızının qətlə yetirilməsinə və onun sağlamlığına vurulmuş xəsarətlərə görə dəymiş mənəvi zərəri könüllü olaraq ödəmədiyindən ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili-nümayəndəsi iddia ərizəsinin müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, hadisədən sonra İddiaçı əzab-əziyyət çəkərək, fiziki və mənəvi iztirablar keçirməklə dərin psixoloji stress yaranmışdır. Bu hadisələrin nəticəsində əsəb gərginliyindən və yuxusuzluqdan əziyyət çəkir, tibbi və psixoloji müalicəyə ehtiyacı vardır. İddiaçı uzun müddətdir ki, müalicə alır, əmək qabiliyyətini itirmiş, müayinələr və müalicələr üçün böyük məbləğdə xərclər ödəmiş və bu gün də ödəyir. Bundan başqa, hadisədən sonra İddiaçı “Şəkərli diabet” xəstəliyinə düçar olmuş və hazırda xəstəliklə bağlı müalicələr alır. Cavabdeh isə hadisə törədildiyi gündən bu günədək qızına və ona qarşı törətdiyi cinayət nəticəsində çəkilmiş xərcləri ödəməmiş və heç bir maddi köməklik göstərməmişdir. Cavabdehin ona qarşı törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı sağlamlığına vurulmuş ziyana görə çəkdiyi xərcin məbləği təxminən 500 (beş yüz) manat təşkil edir. İddiaçı qızının qətlə yetirilməsinə görə dəymiş mənəvi zərəri 30.000 (otuz min) manat, mənim sağlamlığıma vurulmuş xəsarətlərə görə dəymiş mənəvi zərəri 10.000 (on min) manat məbləğində qiymətləndirir. Lakin hazırda İddiaçı sağlamlığına vurulmuş ziyana görə çəkdiyi 500 (beş yüz) manat xərcə dair hər hansı sübutu yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə travmatik şok səbəbindən ölmüşdür. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə anadan olan Dadaşzadə (Sultanova) Kəmalə Gülmirzə qızının anası X2, atası X5r. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı həyat yoldaşı X5r. - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-154/2022 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, ilk olaraq qeyd edir ki, iddiaçının sağlamlığına yüngül zərər vurulması və qızının cavabdeh tərəfindən qəsdən həyatdan məhrum edilməsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-154/2022 saylı qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, həmçinin hesab edir ki, qızının ölümü ilə bağlı və sağlamlığına yüngül zərərlə vurulma ilə bağlı iddiaçıya mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəllənin 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Qeyd olunan plenum qərarında göstərilmişdir ki, Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, MM-in 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, övladının qətlə yetirilərək ölməsi və sağlamlığına yüngül zərər vurulması iddiaçıya yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Övladının ölməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və oğlunun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “vurulmuş maddi ziyana görə 500 manat” hissəsində əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, “Tibbi sığorta haqqında” 28 oktyar 1999-cu il tarixli Azərbaycan Respublikası qanununun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Həmin qanunun 15-4.1.2-ci maddəsinə əsasən bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək sığortaolunanın hüququdur. İddiaçı iddia ərizəsində əmək qabiliyyətini itirdiyini, əlil olduğunu, muayinələr və müalicələr üçün böyük xərclər çəkdiyini bildirsə də, bu tələbi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş və bununla bağlı sübutlarının mövcud olmadığını bildirmişdir. Eyni zamanda yuxarıda sadalanan qanunvericilikdən aydın olur ki, bütün vətəndaşlar dövlət təminatı ilə icbari qaydada tibbi sığorta olunur. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının qızının qətlə yetirilməsinə görə dəymiş mənəvi zərərə görə 15000 (on beş min) manat, iddiaçının özünün sağlamlığına dəymiş mənəvi zərərə görə 2.000 (iki min) manat məbləğindəə pul iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 141 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatdək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə qızının qətlə yetirilməsinə görə vurulmuş mənəvi ziyana görə 15000 (on beş min) manat, özünün sağlamlığına vurulmuş xəsarətlərə görə vurulmuş mənəvi ziyana görə 2000 manat olmaqla, cəmi 17000 (on yeddi min) manat pul tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 141 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4087/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4087/2023
04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver