Məhkəmə qərarları › İş №e-2(012)-4115/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4115/2021

14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4115/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın razılığı olmadan xarici ölkəyə aparılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın atanın razılığı olmadan xarici ölkəyə aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 dekabr 2005-ci il təvəllüdlü övladı – X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, 2004-cü ildə Cavabdeh ilə faktiki ailə münasibətlərində olmaqla ailə qurmuş, həmin münasibətlərdən 25.12.2005-ci il tarixində X3 dünyaya gəlmişdir. Cavabdehlə nikah münasibətləri rəsmiləşdirilmədiyindən atalıq müəyyən olunmuş və onun əsasında müvafiq qaydada doğum haqqında şəhadətnamə alınmışdır. 2016-cı ilin dekabr ayının 31-də cavabdeh tərəfindən şiddətə tab gətirməyərək birgə yaşadıqları evi tərk etmiş və o vaxtdan bəri atasına məxsus olan evdə yaşayır. Cavabdeh uşağa aliment ödənilməsinə dair qətnamə olmasına baxmayaraq hər hansı formada aliment ödəmir, övladı ilə maraqlanmır, təhsili və tərbiyəsi ilə məşğul olmur, bir sözlə üzərinə qanunla qoyulmuş vəzifələri yerinə yetirmir. Bütün qeyd edilənlərin yükünü tək özü çəkir və uşağın təhsili tərbiyəsi və cəmiyyətdə layiqli yer tutmasına dair əlindən gələni edir. Bildirir ki, övladının istirahətinin təşkil edilməsi, dünyagörüşünün artırılması, o cümlədən zərurət yarandıqda, onun müalicə və müayinəsinin təmin edilməsi məqsədilə, ölkə xaricinə aparmaq niyyətindədir. Lakin bunun üçün cavabdehin razılığı tələb olunur ki, o, bu razılığı verməkdən yayınır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil İddiaçı izahatı ilə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, uşağının saxlanılması üçün alimenti vaxtlı-vaxtında ödəyir. Lakin iddiaçı uşağını görməyinə maneə yaradır. Özü fəhlə işləyir, daimi olaraq pulu ödəyir, növbəti dəfə nikaha daxil olmuş, həmin nikahdan övladı vardır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş 25.12.2005-ci il təvəllüdlü X3 izahatında ona anasının baxdığını, xarici ölkəyə anası ilə getmək istədiyini, təhsil və yaşayış yerinin isə burada olacağını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 703596 nömrəli Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, 25.12.2005-ci il tarixində X1 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı övladı - 25.12.2005-ci il təvəllüdlü X2 Cavabdeh icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarmasına icazə verilməsi barədə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı (anaya) 25.12.2005ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Cavabdeh (atanın) icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarmasına icazə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (anaya) 25.12.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Cavabdeh (atanın) icazəsi olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarmasına icazə verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar