Məhkəmə qərarları › İş №e-2(012)-4241/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4241/2025

22.09.2025 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4241/2025 22.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və evin cavabdehə bağışlanmasına dair iddiaçı ilə cavabdeh arasında bağlanaraq 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 10 iyul 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında DƏDR-də cavabdehin adına aparılmış qeydiyyatın ləğv edilərək müqavilədən əvvəlki vəziyyətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 56 yaşı var, cavabdeh onun oğludur, tərəflər mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 2 ünvanda yaşamış, cavabdeh 2021-ci ildə ailə qurmuşdur. Oğlu mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan və birlikdə yaşadıqları evi ona bağışlamağı 2023-cü il tarixdə ona təklif etmiş, iddiaçı bu təklifi qəbul etmişdir. Bundan sonra iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsini və evi onunla cavabdeh arasında bağlanaraq 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında cavabdehə bağışlamış və DƏDR-də həmin daşınmaz əmlaklar cavabdehin adına xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Onunla cavabdeh arasında bağışlama müqaviləsi bağlandıqdan sonra tərəflər birlikdə yaşamaqda davam etmiş, lakin 2024-cü ilin avqust ayından başlayaraq cavabdeh onunla birlikdə yaşamaq istəmədiyini bildirərək iddiaçını incitməyə başlamış, iddiaçı birlikdə yaşamaqları üçün oğluna yalvarmış, lakin müsbət nəticəsi olmamış, oğlu fikrini dəyişməmişdir. Cavabdeh iddiaçını incidərək ümumən həyətdən çıxmağını tələb etmiş, iddiaçı ona yalvararaq övladın valideyninə baxmalı və hörmət etməli olduğunu və yaşlı anasını küçəyə atmamalı olduğunu bildirmiş, lakin bunun heç bir nəticəsi olmamışdır, onun harada - körpü altında, tuneldə və s. yaşayacağının onu maraqlandırmadığını bildirmişdir. Cavabdehin iddiaçıya qarşı olan münasibəti və hərəkəti iddiaçının qəlbini ağrıdır və onu dəli olmaq dərəcəsinə gətirir. Mövcud vəziyyətdə cavabdeh onun həyətdə olan tikilidən də çıxarılması üçün ona qarşı iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən evə olan istifadə hüququna xitam verilərək qeydiyyatdan çıxarılması və 0.045 ha torpaq sahəsindən çıxarılması barədə məhkəməyə iddia vermişdir. Bununla da cavabdeh anası qarşısında olan övlad vəzifələrini yerinə yetirməyərək kobudcasına pozduğu və onunla bağladığı bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın onun adına mülkiyyət kimi qeydiyyata alınmasından iddiaçının zərərinə sui-istifadə etdiyi üçün iddiaçı bağışlamaqdan imtina edərək hədiyyənin geri qaytarılmasını istəyir. Bununla bağlı cavabdehə xx.xx.2025-ci il tarixli bildiriş göndərilmiş, cavabdeh xx.xx.2025-ci il tarixdə bildirişi almışdır. Odur ki, göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında, həmçinin xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ünvanladığı etirazında bildirmişdir ki, iddiaçı heç vaxt anasına qarşı qanunsuz, qeyri-etik və ailə münasibətlərinə zidd olan hərəkətlərə yol verməmiş, həmişə onun qayğısına qalmışdır. Cavabdeh uşaq olan zaman anası və atası iddiaçının (anasının) səhv hərəkəti nəticəsində ayrılmış, həmin səhv nəticəsində uşaqlar məhkəmə araşdırması zamanı atalarının himayəsinə verilmişlər. Həmin vaxt onlar bir ailə olaraq Qazaxıstanda yaşamış, sonradan iddiaçı Bakıya gəlmiş, qohumlarının təkidi ilə cavabdehin iddiaçı ilə Bakıya gəlməyinə atası könüllü razılıq vermişdir ki, anası təkbaşına qalmasın. Cavabdehin atası həmişə onların qayğısına qalmış, daima onlara pul göndərmişdir. 2013-cü ildə atasının köməkliyi ilə Abşeron rayonu, Masazır qəsəbəsində cavabdehin adına ev almış, cavabdehin anasının müdaxilələri nəticəsində ailə münasibətləri pozularaq ilk evliliyi dağılmış, nikahları pozulandan sonra keçmiş həyat yoldaşı həmin Masazırdakı evi ½ hissədə böldürərək yarı hissəsini götürmüş, daha sonra həmin evin cavabdehin payına düşən ½ hissəsindəki pul vəsaiti ilə Məhəmmədi qəsəbəsində yarımtikili formasında hazırki mübahisəli evi almışdır. 2-ci dəfə belə bir halla qarşılaşmamaq üçün həmin evi anasının (iddiaçının) adına almışdır. İkinci dəfə anasının məsləhəti ilə hazırki həyat yoldaşı ilə nikaha daxil olmuş, lakin qısa bir müddətdən sonra anası 2-ci həyat yoldaşı ilə də yola getməmişdir. Bundan əlavə anası heç bir yerdə işləməmiş, bu baxımdan ev almaq üçün hər hansı gəlir mənbəyi olmamışdır. Cavabdeh həmin vaxt işləyərək pul qazansa da, aldığı yarımçıq tikilidə lazımlı şərait yaratmaq üçün yenə atasının köməyi gərək olmuşdur. Qısaca mübahisəli ev cavabdeh və atasının pulu hesabına alınmış, sadəcə nikahın pozulması halında əmlakın bölünməməsi üçün formal olaraq onun anasının adına qeydiyyata alınmış, lakin istifadəsində olmamışdır. Növbəti ailəsinin də bu gedişlə dağılacağını görən cavabdeh bu halın qarşısını almaq üçün mübahisəli evin yanında anası üçün ayrıca ev tikmişdir. Anasının qonşuluqda yaşamasına baxmayaraq, o cavabdehin ailəsi ilə dalaşmağa davam etmiş, bu səbəbdən ona başqa yerdə ev almağı təklif etmiş, hətta onun üçün bir neçə ev də tapmışdır. Lakin iddiaçı qohumlarının müdaxiləsi nəticəsində oğlunun evini əlindən almaq fikrinə düşərək hazırki iddianı qaldırmışdır. Cavabdeh tərəfindən iddiaçıya və ya valideynlərinə qarşı heç vaxt kobud pozuntu törədilməmişdir. İddiaçının tələbinin əsassız və qanunsuz olması qənaətinə gələrək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək öz vəkilinümayəndəsinin izahatına uyğun izahat verərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, anasına (iddiaçıya) dair heç bir öhdəliyi olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, Səməd bəy Mehmandarov küçəsi ünvanda, sahəsi 0.045 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 95.5 m2 olan 25 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat, **********00-10301 reyestr nömrəsi ilə 232 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Hədiyyə verən İddiaçı və hədiyyə alan Cavabdeh arasında bağlanılmış xx.xx.2023cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.045 ha torpaq sahəsi və ümumi sahəsi 95.5 m2 olan fərdi yaşayış evini oğlu - Cavabdeh mülkiyyətinə vermişdir. -Həmin müqavilənin 5-ci bəndinə əsasən, AR Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu, habelə Vergi Məcəlləsinin 150-ci, 220-ci maddələrinin “İcbari Sığortalar haqqında” AR Qanununun 37-ci maddəsinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, Səməd bəy Mehmandarov küçəsi ünvanda, sahəsi 0.045 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 95.5 m2 olan 25 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023cü il tarixdə, ********** qeydiyyat, **********00-10301 reyestr nömrəsi ilə 232 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanan bağışlamadan imtina edilməsinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ona qarşı hüquqdan sui-istifadə edərək ailə hüquq münasibətlərindən irəli gələn öhdəliklərini kobud şəkildə pozduğu üçün Abşeron rayonu, Məmmədli kəndi, Səməd bəy Mehmandarov küçəsi ünvanda yerləşən 25 saylı evi və torpaq sahəsini Cavabdeh bağışlamaqdan imtina etdiyini bildirmişdir. -Cavabdeh vəkili-nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, bağışlama müqaviləsinin ləğvi ilə bağlı iddia müddətinin 1 il müəyyən edildiyini, hazırki bağışlama müqaviləsinin bağlanmasından da 1 ildən artıq müddət keçdiyini bildirmiş, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı keçmiş həyat yoldaşı, cavabdeh isə oğludur. İddiaçı ilə birgə nikahdan Rauf və Aqşin adlı 2 övladı dünyaya gəlmişdir. Uşaqlarına qarşı etinasız olduğu üçün aralarındakı nikah pozulanda məhkəmə qərarı ilə uşaqlar onun (atanın) himayəsinə verilmişdir. Daha sonra Qazaxıstanda yerləşən evlərini 14000 manata sataraq pulu aralarında bölmüşlər. Oğlu (cavabdeh) ailə qurduqdan sonra o Azərbaycana gəlmiş, oğluna ev almışdır. Oğlu ilk evliliyindən sonra boşanma olacağı təqdirdə ev bölünməsin deyə mübahisəli evi anasının, yəni iddiaçının adına keçirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evini xx.xx.2023cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə cavabdehin mülkiyyətinə vermişdir. Hazırda tərəflər arasında ailə mübahisələri olduğundan iddiaçı həmin müqavilənin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin vəkili-nümayəndəsi isə müqavilənin bağlanılmasından 1 ildən çox vaxt keçdiyini bildirmiş, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli Abşeron rayonu, Məmmədli kəndi, Səməd bəy Mehmandarov küçəsi ünvanda, sahəsi 0.045 ha olan torpaq sahəsi və ümumi sahəsi 95.5 m2 olan 25 saylı fərdi yaşayış evi əvvəlcə İddiaçı mülkiyyətində olmuş, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh bağışlanaraq onun mülkiyyətinə verilmiş, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat, **********00-10301 reyestr nömrəli çıxarış əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı prinsipi mülki qanunvericiliyin prinsiplərinə daxildir. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilikdən göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin tərəfləri - hədiyyə verən İddiaçı ilə hədiyyə alan Cavabdeh öz iradələrini sərbəst sürətdə təsdiq etmişlər. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilmiş, müqavilə tərəflərin iradə ifadəsinə uyğun olaraq imza edilərək təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin şərtlərinə əsasən, İddiaçı mülkiyyətində olan mənzili oğluna bağışlamış və DƏDKR PHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat, **********00-10301 reyestr nömrəli çıxarış əsasında Cavabdeh adına qeydiyyata alınmış, hazırda da cavabdehin mülkiyyətindədir. İddia tələbindən göründüyü kimi, iddiaçı həmin müqavilənin ləğv edilməsini tələb etməklə, başqa sözlə, sözügedən mənzilin yenidən onun mülkiyyətinə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin: 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4.maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülkihüquqi öhdəliklərinin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin: 666.1. maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1.1 maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 670.1. maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Mülki iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi tərəflərin iştirakı ilə notarial qaydada təsdiq edilmiş, hədiyyə alan – cavabdeh fərdi yaşayış evini xüsusi mülkiyyətinə qəbul etməklə onun həmin əmlak üzərində mülkiyyət hüquqları təsdiq olunmuş, başqa sözlə, fərdi yaşayış evinin hədiyyə verilməsi ilə cavabdeh “zənginləşmişlər”. Göründüyü kimi, bağışlama müqaviləsi onun etibarlı hesab edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmışdır. İddiaçı iddia tələbində Mülki Məcəllənin 670.1-ci maddəsinə istinad etməklə, hədiyyə verdiyi şəxsin, yəni oğlu - Cavabdeh müqavilə üzrə öhdəliklərini pozduğunu qeyd etsə də, məhkəmə qeyd edir ki, tədqiq olunmuş müqavilədə hədiyyə alanın müqavilə üzrə hər hansı vəzifənin icrasına dair öhdəlik götürmədiyi, tərəflər arasında buna dair razılığın olmadığı müəyyən olunmuşdur. Yəni müqavilənin şərtlə müəyyən edilərək bağlanılması təsdiq olunmur. Mülki Məcəllənin: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir. Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. MM-in 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında MMdə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. MM-in 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisədə İddiaçı Abşeron rayonu, Məmmədli kəndi, Səməd bəy Mehmandarov küçəsi ünvanda, sahəsi 0.045 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 95.5 m2 olan 25 saylı fərdi yaşayış evini bağışladığı oğlunun, yəni Cavabdeh müqavilə öhdəliklərini pozması səbəbindən müqavilənin ləğv edilməsini xahiş etsə də, həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, müqavilə bağlanan anda hədiyyə verən qismində iştirak etmiş İddiaçı müqavilənin şərtləri, müqavilə üzrə hüquq və vəzifələri izah edilmiş, iddiaçı həmin müqaviləni imzalamaqla müqavilə şərtlərini könüllü şəkildə razılaşmışdır. Başqa sözlə, sözügedən müqavilənin qanunvericiliyin tələbləri əsasında, hər hansı bir şərtlə bağlanılmadığı, cavabdehin isə hər hansı bir xidməti cavab ilə şərtləşdirilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2023-cü il tarixdə təsdiq olunmuşdur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin hazırki mübahisə üzrə ləğv olunması xahiş olunan müqavilə bağışlama müqaviləsi olduğundan, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını tənzimləsə də, Məcəllənin 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin fərqli xüsusi qaydasını və əsaslarını müəyyən etmişdir. Belə ki, sözügedən müddəa bağşlamaqdan imtina əsaslarını müəyyən etmiş, Məcəllənin 673.3-cü maddəsinə əsasən isə imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Mülki iş materiallarından göründüyü kimi isə hədiyyə verən, yəni İddiaçı mübahisəli fərdi yaşayış evinin hədiyyə verilməsinə dair xx.xx.2023-cü il tarixdə bağışlama müqaviləsi bağladığı halda hədiyyə alan tərəfindən öhdəliklərinin icra edilməməsini əsas gətirmiş və bağışlamaq barədə imtina edərək müqavilənin ləğvini tələb etmişdir. İddiaçı qeyd olunan əsasın ona məhz hədiyyə alanın öhdəliklərinin icra edilməməsi ilə əsaslandırmış, lakin bu barədə bildirişi hədiyyə alana xx.xx.2025-ci il tarixdə ünvanlamışdır. Bununla belə, məhkəmə xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilənin ləğvi tələbini irəli sürən iddiaçının müqavilənin bağlanmasından sonra təxminən 2 il yaxın müddət keçəndən sonra məhkəməyə müraciət etməsini, eyni zamanda hədiyyə alan tərəfindən öhdəliklərinin icra etməməsinə dair əsasını əsaslı olmadığına görə qəbul etmir. Beləliklə də, iddiaçı müqavilə tarixindən təxminən 2 ilə yaxın müddət keçəndən sonra məhkəməyə müraciət etməklə müddəti ötürmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək məhkəmə belə qərara gəlir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, həmçinin iddia müddətini ötürdüyündən, bununla da irəli sürülmüş tələblər əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar