Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4303/2024 16.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən (VÖEN: **********) 4066,56 manat və ödənilən 61 manat dövlət rüsumu, cəmi olaraq 4127,56 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, İddiaçı atasıdır. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi 460-da yerləşən yaşayış kompleksində inşa olunan 26-cı binanın 4 otaqlı 27-ci mənzilinin alınması ilə bağlı 25 dekabr 2023-cü il tarixdə **********43349 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin qiymətinin bir hissəsi nağd şəkildə ödənilmiş, qalan məbləğ isə "xxxx" ASC (ABB) ilə xx.xx.2023-cü il tarixli, ******* nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödənilməlidir. Həmin müqaviləyə əsasən "xxxx" ASC mənzilin qalan qiymətini "xxxx" ASC-yə ödəməyi, iddiaçı isə həmin məbləği müəyyən edilmiş 4066,56 manat aylıq kredit kimi bankda açılmış hesaba ödəməyi öz öhdəsinə götürmüşdür. Onun tərəfindən birinci aylıq kredit ödənişi 23 yanvar 2024-cü il tarixdə aparılarkən bankın sənaye filialında səhv olaraq 4066,56 manat məbləğində pul "xxxx" ASC-nin hesabına ödənilmişdir. Pul ödəməsinin səhv aparılmasını bildikdən sonra, yəni 2024-cü ilin yanvar ayının sonundan başlayaraq səhvin aradan qaldırılması ilə bağlı həm banka, həm də cavabdeh tərəfə dəfələrlə müraciət etmişlər. Bank məsələni belə izah etmişdir ki, onlar müştərinin hesabına girib hər hansı məbləği geri çəkə bilmirlər, bu səbəbdən "xxxx" ASC sözügedən pul məbləğini geri qaytarmalıdır. Ancaq "xxxx" ASC-nin rəhbərliyi dəfələrlə müraciət edilməsinə baxmayaraq həmin məbləği geri qaytarmır. Bununla bağlı 24 may 2024-cü il tarixdə cavabdeh təşkilatın baş idarəsinə rəsmi ərizə ilə müraciət etsələr də bu günə kimi bildiriş-xəbərdarlığa heç bir cavab verilməmişdir. Poçt şöbəsindən aldığı məlumata görə ərizə 31 may 2024-cü il tarixdə ünvana çatmışdır. Qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, cavabdeh tərəf iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, həmin məbləğin cavabdehin hesabına ödənilməsi ilə bağlı iddiaçının heç bir öhdəliyi olmamışdır və iddiaçı həmin məbləği bilərək, könüllü surətdə "xxxx" ASC-yə ianə etməmişdir. İddiaçı tərəfindən bilməyərək, səhv nəticəsində cavabdeh təşkilatın hesabına ödəniş edilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" ASC İddiaçı məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla, əsassız varlanmış şəxs hesab edilməlidir. Hesab edirlər ki, cavabdeh "xxxx" ASC-dən (VÖEN: **********) 4066,56 manat və ödənilən 61 manat dövlət rüsumu, cəmi olaraq 4127,56 manat məbləğində pul alınaraq İddiaçı geri verilməlidir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli, **********43349 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC (satıcı) Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küç.,460-da yerləşən yaşayış kompleksində inşa olunan 26-cı bina, 2-ci blok, 10-cu mərtəbə, 27 (blok 2, mərtəbə 10, mənzil 1) №-li, 4 otaqlı mənzili tikib İddiaçı (alıcının) mülkiyyətinə verməyi, İddiaçı (alıcı) bu müqaviləyə əsasən 1.1-ci bənddə göstərilən ünvanda 26-cı bina, 2-ci blok, 10-cu mərtəbə, 27 (blok 2, mərtəbə 10, mənzil 1) №-li, 4 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin ödənilməsini və həmçinin yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 325991 (ƏDV daxil) manat məbləğində vəsait təşkil edir. Müqavilə dəyərinin ilkin ödənişi 39,90 faiz, yəni 130091 (ƏDV daxil) manat məbləğində vəsait təşkil edir. İddiaçı (alıcı) 130091 (ƏDV daxil) manat məbləğində ilkin ödənişi bu müqavilənin imzalanmasından sonrakı 5 iş günü ərzində "xxxx" ASCnin (satıcının) bu müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilə dəyərinin qalan 195900 (ƏDV daxil) manat məbləğində hissəsinin İddiaçı (alıcı) ilə "xxxx" ASC (bank) arasında bağlanacaq kredit müqaviləsinə əsasən İddiaçı (alıcıya) veriləcək kreditin hesabına hissəvi şəkildə ödənilməsi ilə həyata keçiriləcəyi, "xxxx" ASC (bank) tərəfindən aylar üzrə ödənişin əsas hissəsinin daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış və ya təminat qeydi verildikdən sonra 30 gün müddətində borc verənin xeyrinə ipoteka ilə yüklü edildikdən sonra qalan hissəsinin ödəniləcəyi qeyd edilmişdir. İş materiallarında olan 27 dekabr 2023-cü il tarixli, ******* nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC (borc verən) ilə İddiaçı (borc alan) arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" ASC (cəmiyyət) ilə "xxxx" ASC (borc verən) arasında baglanmış Birgə fəaliyyət haqqında saziş çərçivəsində "xxxx" ASC (borc verən) bu müqaviləyə əsasən İddiaçı (borc alana) 60 ay müddətində (2028-12-27 il tarixədək) 195900 manat məbləğində, kreditdən istifadəyə görə illik 9 faiz ödəmək şərtilə kredit verməyi, İddiaçı (borc alan) isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri "xxxx" ASC-yə (borc verənə) ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı (Kreditin təyinatı: saziş çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, İ. Abışov küç. 460 yerləşən yaşayış kompleksində inşa olunan, bina 26, blok 2, mərtəbə 10, ümumi sahəsi 128.85 kv.m olan 4 otaqlı 27 nömrəli mənzilin alınması) üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli və ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə müvafiq olaraq 620,39 manat və 3446,61 manat olmaqla, cəmi 4067 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. İşin mübahisə edilməyən hallarından məlum olur ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi 460-da yerləşən yaşayış kompleksində inşa olunan 26-cı binanın 4 otaqlı 27-ci mənzilinin alınması ilə bağlı 25 dekabr 2023-cü il tarixdə **********43349 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, sözügedən alqısatqı müqaviləsinə əsasən müqavilə dəyərinin ilkin ödənişi olaraq 130091 manat məbləğində pul vəsaitinin bu müqavilənin imzalanmasından sonrakı 5 iş günü ərzində "xxxx" ASC-nin göstərilən bank hesabına ödənilməsi, müqavilə dəyərinin qalan 195900 manat məbləğində hissəsinin İddiaçı ilə "xxxx" ASC arasında bağlanacaq kredit müqaviləsinə əsasən İddiaçı veriləcək kreditin hesabına hissəvi şəkildə ödənilməsi ilə həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Daha sonra "xxxx" ASC ilə İddiaçı arasında 27 dekabr 2023-cü il tarixli, ******* nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında bank tərəfindən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ. Abışov küç. 460 yerləşən yaşayış kompleksində inşa olunan, bina 26, blok 2, mərtəbə 10, ümumi sahəsi 128.85 kv.m olan 4 otaqlı 27 nömrəli mənzilin alınması məqsədilə 60 ay müddətində illik 9 faiz ödəmək şərtilə 195900 manat məbləğində kredit verilmiş, İddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli və ********** nömrəli mədaxil qəbzlərindən göründüyü kimi iddiaçı tərəfindən 27 dekabr 2023-cü il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 23 yanvar 2024-cü il tarixdə kredit ödənişi həyata keçirildiyi zaman müvafiq olaraq 620,39 manat və 3446,61 manat olmaqla, cəmi 4067 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin əvəzinə yanlışlıqla cavabdeh "xxxx" ASC-nin hesabına ödənilmiş, ödəmə əməliyyatının səhv aparıldığı aydın olduqdan sonra qeyd edilən məsələnin həlli ilə bağlı cavabdeh təşkilata dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh həmin məbləğdə pulu iddiaçıya geri qaytarmamışdır. Qeyd edilən hallar iş materialları, habelə iddiaçının nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. Odur ki, cavabdeh "xxxx" ASC heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, həmçinin İddiaçı cavabdeh təşkilata səhvən ödənilmiş 4066,56 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etdiyindən, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-dən 4066,56 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 61 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 4066,56 manat pul və 61 manat dövlət rüsumu olmaqla, ümumilikdə, 4127,56 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4303/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4303/2024
16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver