Məhkəmə qərarları › İş №e-2(012)-431/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-431/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-431/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh Heydər oğluna qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC cavabdehlər X3 və Cavabdeh Heydər oğluna qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105NFPK kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit üzrə cəmi 8036.83 (səkkiz min otuz altı manat, 83 qəpik) manat, bundan 7859,84 (yeddi min səkkiz yüz əlli doqquz manat 84 qəpik) manat əsas, 176.83 (yüz yetmiş altı manat 83 qəpik) manat faiz və 0,16 (0 manat 16 qəpik) manat cərimə borcu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100.36 (yüz manat 36 qəpik) manat dövlət rüsumunun cavabdeh X1 Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh Heydər oğluna məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22-də yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin X1 Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmşdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105NFPK №-li kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli 3254NF №-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 7860 (yeddi min səkkiz yüz altmış) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh Heydər oğluna məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22-də yerləşən 27 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh arasında 17 sentyabr 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi natarisu tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********0868 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh X2 xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 8036.83 (səkkiz min otuz altı manat, 83 qəpik) manat təşkil edir. Bundan 7859,84 (yeddi min səkkiz yüz əlli doquz manat 84 qəpik) manat əsas, 176.83 (yüz yetmiş altı manat 83 qəpik) manat faiz və 0,16 (0 manat 16 qəpik) manat cərimə borcu təşkil edir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə cavabdeh X4 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 105NFPK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, qeyd olunan kredit müqaviləsi üzrə 7859,84 (yeddi min səkkiz yüz əlli doqquz manat 84 qəpik) manat əsas, 176,83 (yüz yetmiş altı manat 83 qəpik) manat faiz, 0,16 (0 manat 16 qəpik) manat cərimə borcunun, eləcə də ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 (qırx beş) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,36 (yüz manat 36 qəpik) manat dövlət rüsumlarının mülkiyyət hüququ üzrə Cavabdeh Heydər oğluna məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22-də yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin sonrakı ipoteka müqaviləsində qeyd olunduğu kimi 40000 (qırx min) olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin yuxarıda qeyd olunmuş borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdeh X4 xx.xx.2021-ci ildə vəfat etmişdir. Digər Cavabdeh Heydər oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 sentyabr 2019-cu il tarixli 105NFPK saylı kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə cavabdeh X4 arasında bağlanmış həmin Müqaviləyə əsasən əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 7860 (yeddi min səkkiz yüz altmış) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. 2.1.6-cı bəndinə əsasən“Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. 3.4-cü bəndinə əsasən“Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli Maliyyə arayışından müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli 105NFPK saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 7859,84 (yeddi min səkkiz yüz əlli doqquz manat 84 qəpik) manat əsas, 176,83 (yüz yetmiş altı manat 83 qəpik) manat faiz, 0,16 (0 manat 16 qəpik) manat cərimə borcu, cəmi 8036.83 (səkkiz min otuz altı manat 83 qəpik) manat borcu vardır. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, 27 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh Heydər oğlunun mülkiyyətindədir. İş materiallarında olan 17 sentyabr 2019-cu il tarixli Sonrakı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı və ipoteka qoyan Cavabdeh Heydər oğlu arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh Heydər oğlunun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, 27 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 40000 (qırx min) manat olaraq müəyyən edilmişdir. İş materiallarından olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, 27 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü ildən başlayaraq 36 ay müddətinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 64 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından olan Abşeron rayon Xırdalan şəhəri 3 saylı MTİİTS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 150 №-li Arayışdan müəyyən edilir ki, X5 həqiqətən də, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən 27 saylı fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Ailə tərkibi: X7 q -1987, X6 q – 1981, X11 o – 1997, X8 q – 1980. İş materiallarında olan ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ipoteka premetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22 ünvanında yerləşən 27 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdehlər öhdəliklərinin icrası barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(012)-431/2023 saylı qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyi alınmağı qərara alınmış və xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, 03/2023 №-li “X12” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən 27 saylı fərdi yaşayış evinin likvid dəyəri 66.400 manat, ödəniləcək məbləğ 350 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək qeyd edir ki, borc məbləği 7859,84 (yeddi min səkkiz yüz əlli doqquz manat 84 qəpik) manat əsas, 176,83 (yüz yetmiş altı manat 83 qəpik) manat faiz, 0,16 (0 manat 16 qəpik) manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli tələb ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən 27 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə cavabdeh X4 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 105NFPK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh X4 xx.xx.2021-ci ildə , yəni iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl vəfat etmişdir. Bu hissədə məhkəmə hesab edir ki, iddia təmin edilməmlidir. Məhkəmə ipoteka predmetinin likvid dəyərini qiymələndirərək qeyd edir ki, iş materiallarında olan tərəflər arasında bağlanan17 sentyabr 2019-cu il tarixli Sonrakı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka predmetinin dəyəri 40000 manat olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilən qiymətləndiricilərin rəyinə əsasən fərdi yaşayış evinin likvid dəyəri 66.400 manat qiymətləndirilmişdir. Məhkəmə qeyd edilən sübutlara müqayisəli şəkildə məcmu halda qiymət verərəkən ipoteka predmetinin likvid dəyərinin iş üzrə alınmış mütəxəssis rəyi ilə 66.400 manat qiymətləndirilməsini ipoteka müqaviləsi ilə müəyyən edilən qiyməti ilə müqayisədə real hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, evin likvid dəyəri 66.400 manat müəyyən edilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 20 manat xidməti haqqı olmaqla, ümumilikdə 60 manat məhkəmə xərcinin 30 manat məbləğindəki hissəsi Cavabdeh Heydər qızından tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə mütəxəssis rəyi üzrə 350 manat məbləğində məhkəmə xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 150 manatı iddiaçıdan, 250 manatı da cavabdehdən tutulub “X12” MMC-nin hesabına keçirilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qeyd olunan kredit müqaviləsi üzrə 7859,84 (yeddi min səkkiz yüz əlli doqquz manat 84 qəpik) manat əsas, 176,83 (yüz yetmiş altı manat 83 qəpik) manat faiz, 0,16 (0 manat 16 qəpik) manat cərimə borcunun, eləcə də ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 (qırx beş) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,36 (yüz manat 36 qəpik) manat dövlət rüsumları mülkiyyət hüququ üzrə Cavabdeh Heydər oğluna məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22-də yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 66.400 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin yuxarıda qeyd olunmuş borcun ödənilməsinə yönəldilməli, iddia qismən təmin edildiyindən qiymətləndiricnin rəyi üzrə 350 manat məhkəmə xərcinin 150 manatı iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-dən, 200 manatı da Cavabdeh Heydər oğlundan tutulub “X12” MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə cavabdeh X4 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 105NFPK nömrəli kredit müqaviləsi üzrə 7859,84 (yeddi min səkkiz yüz əlli doqquz manat 84 qəpik) manat əsas, 176,83 (yüz yetmiş altı manat 83 qəpik) manat faiz, 0,16 (0 manat 16 qəpik) manat cərimə borcunun, eləcə də ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 (qırx beş) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,36 (yüz manat 36 qəpik) manat dövlət rüsumlarının mülkiyyət hüququ üzrə Cavabdeh Heydər oğluna məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22-də yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 66.400 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilsin. Qiymətləndiricnin rəyi üzrə 350 manat məhkəmə xərci olaraq 150 manatı iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-dən, 200 manatı da Cavabdeh Heydər oğlundan tutulub “X12” MMC-nin hesabına keçirilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar