Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4518/2024 27.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, Cavabdeh X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh iştirakı ilə, İddiaçı Zirvə Liseyi MMC-nin cavabdeh X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Zirvə Liseyi MMC cavabdeh X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 valideyni (qanuni nümayəndəsi) Cavabdeh Zirvə Liseyi MMC-nin xeyrinə ümumilikdə 866 manat, o cümlədən 734 manat əsas borcun, 132 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi Abşeron rayon Məhkəməsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh Zirvə Liseyi MMC-nin xeyrinə ümumilikdə 866 manat, o cümlədən 734 manat əsas borcun, 132 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi Nümayəndə2 Elsevər oğlu məhkəməyə xx.xx.2024-cü il tarixində ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş iddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə təhsilalan X2 valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında 737/2022 (T2019-2020) saylı xx.xx.2022-ci il tarixli, müqaviləyə əsasən İddiaçı MMC X3 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, Cavabdeh 2022-2023-cü il üçün ümumilikdə 2334 manat məbləğində təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladına təhsil verilsə də, o təhsil haqqının 1600 manat hissəsini ödəmiş, 734 manat borcu qalmışdır. Bununla bağlı bocluya məsələ ilə bağlı pretenziyalar edilsə də, o borcun ödənilməsini təmin etməmişdir. xx.xx.2022-ci il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən, yəni xx.xx.2023-cü il tarixdən 340 gün üçün ödənilməli dəbbə pulu 132 manat təşkil edir. Göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Zirvə Liseyi MMC-də depozit 1500 manatdır və o, hətta 1600 manat depozit qoymuşdur. Onun övladı X5 isə dərsə getməmişdir və getmədiyi halda da iddiaçı tərəfindən ona xəbərdarləq edilərək müqaviləyə xitam verilməli idi. Lakin iddiaçı ümumiyyətlə uşağın gəlməməsi barədə maraqlanmamış və müqaviləyə xitam verməmişdir. Onun borcu olduğu təqdirdə iddiaçı tərəfindən onun övladına attestat verilməsi də qəribə haldır. O, iddiaçıya yalnız 1 ay yəni 300 manata yaxın borcunun olduğunu qəbul edir. Lakin o, iddia ərizəsindəki məbləğ ilə razı deyildir və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Zirvə Liseyi MMC ilə təhsil alacaqlar X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 737/2022 (T2019-2020) saylı Təhsilin təşkili müqaviləsindən görünür ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.6-cı bəndinə əsasən bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin vəzifəsidir. xx.xx.2022-ci il tarixli 737/2022 (T2019-2020) saylı müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçındə Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 4500 manat təşkil edir. “AAAF-Park” Yaşayış Kompleksində sakin olduğundan və 300 manat güzəşt tətbiq olunmaqla, 2022-2023-cü tədris ili üçün təhsil haqqı məbləği 4200 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Müqavilənin 3.2-ci bəndinə əsasən valideyn xx.xx.2022-ci il tarixinədək İddiaçınin təqdim etdiyi hesaba 1500 manat depozit məbləğini köçürməlidir. Valideyn Təhsilalanın İddiaçındə 2022-2023-cü tədris ili üçün təhsil almasından imtina etdikdə ödənilmiş depozit məbləği ona geri qaytarılmır. Müqavilənin 5.1.2.4-cü bəndinə əsasən valideyn tərəfindən müqavilədə nəzərdə tutulan müddətədək, təhsil haqqi ödənilmədikdə digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər. -Zirvə Liseyi MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 500/24- 26 saylı pretenziyadan görünür ki, MMC tərəfindən Cavabdeh müqavilə üzrə borc 10 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Zirvə Liseyi MMC-nin xx.xx.2024-cü il tarixli 100/24-223 saylı arayışından görünür ki, İddiaçı MMC-də təhsil alan X1 valideyni Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında xx.xx.2022-ci il tarixli 737/2022 (T2019-2020) saylı müqavilələrə əsasən İddiaçı MMC-nin xeyrinə 2022-2023 tədris ili üzrə 734 manat təhsil haqqı borcu və 132 manat dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilələr üzrə ümumi təhsil haqqı 2334 manat təşkil edir,bu məbləğdən 1600 manat ödənilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xirdalan şəhəri, X7, 167, ev 24, mənzil 147 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 58.4. maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. maddəsinə əsasən dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 60.3. maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən: 14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. Göründüyü kimi, pulsuz icbari ümumi orta təhsil almaq hüququ olduğu halda, özəl təhsil müəssisəsində təhsil almaq seçimini edən “təhsilalacaq” X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh Zirvə Liseyi MMC ilə xx.xx.2022-ci il tarixli 737/2022 (T2019- 2020) saylı Təhsilin təşkili müqavilələrini bağlamış, həmin müqavilələrə əsasən İddiaçı təhsilalanların ümumi təhsil almasını həyata keçirməyi, Təhsilalanların valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilələrin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırki müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən, iddiaçı 734 manat əsas, 132 manat cərimə olmaqla, ümumilikdə cəmi 866 manat borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşin digər materiallarından görünür ki, borc barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun əsas borca görə 734 manat, cərimə borcuna görə 132 manat olmaqla cəmi 866 manat borcu yaranmışdır. Cavabdeh həmn borcu qəbul etməmiş, əsas kimi uşağının təhsilə getməməsi ilə əlaqələndirmişdir Lakin bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, qanun tərəfin istinad etdiyi hallara dair sübutetmə vəzifəsini onun üzərinə qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən təhsil haqqı, bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi təqdirdə valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0.2 faiz məbləğində dəbbə pulu ödəməlidir. Müqaviləyə əsasən cərimə barədə şərtlər cavabdeh tərəfindən qəbul edilmiş, könüllü qaydada öz iradə ifadəsinə uyğun şəkildə imza etməklə müqavilə şərtləri ilə razılaşmışdır. İddiaçı isə haqlı olaraq qeyd olunan müqavilə bəndinə istinad edərək 132 manat cərimə borcu hesablamışdır. Bununla da, işin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 132 manat cərimənin azaldılaraq 5 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Zirvə Liseyi MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 737/2022 (T2019- 2020) saylı Təhsilin təşkili müqavilələri üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə 734 manat əsas, 5 manat cərimə olmaqla, ümumilikdə cəmi 739 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh 734 (yeddi yüz otuz dörd) manat əsas borcu, 5 (beş) manat dəbbə pulu olmaqla, cəmi 739 (yeddi yüz otuz doqquz) manat və 30 (otuz) manat dövlət rüsumu iddiaçı Zirvə Liseyi MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4518/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4518/2024
27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver