Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-473/2023 17.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayonu 2 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-ci il tarixində Bərdə regional “ASAN xidmət” mərkəzində “kredit müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh 14000 manat pul vəsaitini iddiaçıya verməli, iddiaçı isə həmin pul vəsaitini xx.xx.2020-ci il tarixinədək qaytarmalı olmuşdur. Əslində həmin tarixdə iddiaçının 3000 manat pul vəsaitinə ehtiyacı olmuş cavabdeh isə pul vəsaitini yalnız 14000 manat rəsmi qaydada yazıldıqdan sonra verə biləcəyini bildirmiş və həmin gün 11000 manat pul vəsaitini geri götürmüşdür. Onuda qeyd etmək lazımdır ki, kredit müqaviləsinin 3-cü bəndində kreditin faizsiz verilməsi nəzərdə tutulsa da, qalan 3000 manat pul vəsaiti üçün cavabdeh iddiaçıdan aylıq olaraq faiz məbləğ tələb etmiş və 3000 manat pulu yalnız bu şərtlərlə verə biləcəyini bildirmişdir. Cavabdeh bu hallarla razı olmasa belə təcili pula ehtiyacı olduğundan razılaşmaq məcburiyyətində qalmışdır. Bundan sonra iddiaçı mütəmadi olaraq cavabdehə ödənişlər etmiş (təxminən 9000 manatdan çox) və hal-hazırda da ödəməkdədir. Lakin son günlərdə iddiaçı Ağayev X1 Rayon İcra və Probasiya şöbəsinə çağırılmış və məlumat verilmişdir ki, barəsində 14025 manat pul vəsaitinin tutulması barədə icra qeydi şöbənin icraatına daxil olmuşdur və ona tələbi könüllü icra etməsi barədə 10 gün könüllü icra müddəti verilir. Halbuki, iddiaçının belə bir icra qeydinin verilə biləcəyi barədə məlumatı olmamış, nə Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən nədə Cavabdeh1 tərəfindən ona belə bir məlumat verilməmişdir. İddiaçı belə bir tələbin olduğu barədə xx.xx.2022-ci il tarixdə məlumatılı olmuşdur. Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydi tam əsassız və qanunvericiliyin normaları kobud şəkildə pozuldumaqla açılmış və aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. Hesab edir ki, icra qeydi məhkəmə qaydasında ləğv olunmalıdır.
1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bildirir ki, cavabdeh Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli “İcra qeydi” tərtib olunan zaman qanunun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qanunda imperativ qayda da göstərilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin Cavabdeh1 tərəfindən belə bir məktub iddiaçıya göndərilməmiş, iddiaçı tərəfindən belə bir məktub qəbul edilməmişdir. Həmçinin iddiaçı icra qeydi tərtib olunan zaman cavabdeh Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən nə poçt, nə də zəng vasitəsilə məlumatlandırılmamış icra qeydinin tərtibindən xəbərsiz olmuşdur. Qeyd edilən hal cavabdehlər tərəfindən nəzərə alınmamış və bu hallar qanunvericiliyin normalarının pozulması ilə xarakterizə olunmaqdadır. 2. Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın(bundan sonra- Təlimat) 162-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Təlimatın 162-ci bəndində İcra qeydinin 2 halda aparılması göstərilmişdir: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Qanunvericilikdə icra qeydi institut tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, cavabdeh xüsusi notarius borcun ödənilməsi barədə iddiaçıya (borcalana) yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Həmçinin Təlimatda göstərilmişdir ki, müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Bundan əlavə müqavilənin 6-cı bəndində “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təstiq etməli olduğu göstərilsədə Cavabdeh1 cavabdeh notariusa icra qeydinin verilməsi barədə müraciət etdiyi zaman borc verdiyi pul vəsaitinin qaytarılması barədə hər hansı bir məlumat verməmiş, bununlada 14000 manat pul vəsaitinin iddiaçıdan tutulaması barədə icra qeydinin açılmasına nail olmuşdur. 3. Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın(bundan sonra-Təlimat) 161-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Təlimatda göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Daha sonra gösətrilir ki, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmçinin təlimatda tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməli olduğu göstərilir. Lakin cavabdehin belə bir müraciəti iddiaçıya olmamış, hər hansı bir xəbərdarlıq edilməmiş, 20 gün müddət verilməmiş, pul vəsaitinin hissə-hissə ödənilməsinə baxmayaraq əsassız olaraq Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusuna müraciət etmiş, notarius tərəfindən isə icra qeydi açılmışdır. Bununla da iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddiaçı xx.xx.2020-ci il də pulu hissə-hissə verib, qaytarmalı idi. O, sənədi notariusa vermiş və icra qeydi almışdır. Amma müharibə dövrünə düşdüyü üçün o, iddiaçını tapa bilməmişdir. Lakin 6 ay sonra məlum olmuşdur ki, Cəmşid sağdır və ona bildirmişdir ki, borcunu verəcəkdir. İddiaçı oğl, dövlət tərəfindən təsdiq olunmuş müqaviləni imzalamışdır. O, Cəmşidi aldatmamışdır. Cəmşidi aldadıb Notariusa aparmaq da qeyri-mümkündür. Cəmşidlə dəfələrlə əlaqə saxlayıb, onun pulunu qaytarmasını bildirmişdir. Bu işlə əlaqədar olaraq İcra və Probasiya şöbəsində icra qeydi aparılmışdır. O, Cəmşidlə yaxın olmuş, hər ikisi hərbiçi olmuş, hətta dost olmuşlar. Amma iddiaçı prosesi uzatmaqla vaxt qazanmaq istəyir. Cəmşid tərəfindən ona bir qədər pul ödənilmişdir, amma nə qədər olduğu yadında deyildir. Qeyd edilənlərə əsasən, əsassız olduğundan iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Abşeron Rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli, 8İ-3672 reyestr nömrəli icra qeydindən görünür ki, Cavabdeh1 xeyrinə İddiaçı 14000 manat pul və 25 manat dövlət rüsumu olmaqla, cəmi 14025 manat məbləğində pulun tutulması nəzərdə tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı nümayəndəsi iddia tələbinin hüquqi əsası kimi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci maddəsinə istinad edərək, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin verilməsi zamanı Cavabdeh1 icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, imperativ normaya əməl edilmədiyini, İddiaçı bildiriş göndərməməklə qeyd olunan qanunvricilik normasının tələblərinin kobud şəkildə pozulduğunu iddia etmişdir. Lakin,məhkəmədə sübutların tədqiqatı zamanı iddiaçının iddia ərizəsində və iddiaçının nümayəndəsinin məhkəmə iclasında göstərdikləri işin faktiki halları ilə uyğunluq təşkil etmədiyi, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin verilməsi zamanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci maddəsinin tələblərinin pozulmadığı və icra qeydinin qanuna müvafiq olaraq aparıldığı müəyyən edilmişdir.Belə ki, məhkəmənin təşəbbüsü ilə Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusundan 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin verilməsinə əsas olmuş sənədlər götürülərək iş matriallarına əlavə edilmiş və həmin sənədlərdən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinin tələbinə uyğun olaraq notariusa müraciət edilməmişdən xeyli əvvəl, icra qeydinin aparılacağı barədə İddiaçı göndərilən xx.xx.2021ci il tarixli bildiriş tərtib edilmiş və həmin bildiriş xx.xx.2021 ci il tarixdə sifarişli poçt göndərişi ilə iddiaçıya göndərilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı icra qeydi üzrə aparılmış tələbi məhkəmə qaydasında mübahisələndirmək hüququ olduğundan, iddiaçı tərəfindən icra qeydi üzrə müəyyən ödənişlərin aparılmasının 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin ləğvi üçün də əsas sayıla bilməz. Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinin səkkizinci bəndinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayonu 2 saylı Notariat Ofisinə qarşı Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV