Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-473/2024 14.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və X7 küçələrinin kəsişməsindəki 578-ci məhəllə, X7 küçəsi 75 ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189,53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan 40000 manat hissəsinə mütənasib olaraq 461/500 hissəsinə, həmin qətnamə ilə eyni ünvanda yerləşən binadakı 58 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 15000 manat hissəsinə mütənasib olaraq ½ hissə və həmin qətnamə ilə eyni ünvanda yerləşən binadakı 59 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 8500 manat hissəsinə mütənasib olaraq 567/2000 pay hissəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının protokolundan çıxarışların və maliyyə arayışlarının verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4364/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və X7 küçələrinin kəsişməsindəki 578-ci məhəllə, X7 küçəsi 75 ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan 40000 manat hissəsi, həmin qətnamə ilə eyni ünvanda yerləşən binadakı 58 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 15000 manat hissəsi üzərində və həmin qətnamə ilə eyni ünvanda yerləşən binadakı 59 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 8500 manat hissəsi üzərində onun-İddiaçı pay hüququ tanınmışdır. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2023cü il tarixli 2(102)-1117/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin icra edilməsi üçün bəhs edilən ünvanda yerləşən daşınmaz əmlaklara dair pay hüququnu təsdiq edəcək ilkin hüquqmüəyyənedici sənədlər, Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının protokolundan çıxarış, pay hissəsinin yaranmasına əsas olan və məhkəmə qətnaməsində göstərilən pul məbləğinin ödənilmiş olmasını təsdiq edən maliyyə arayışının verilməsini xahiş etsə də, Cavabdeh tərəfindən sənədlərin verilməsindən imtina edilmişdir. Daşınmaz əmlaka dair pay hüquqlarının analoji sənədləşmələrdə qəbul olunmuş pay nisbətində qeyd edilməsi praktikasına uyğun olaraq göstərilməsini doğru sayır. Belə ki, bəhs edilən mənzilə pay hüququnun 461/5000 hissəsinə, 58 saylı qaraja olan pay hüququnun ½ pay hissəsinə, 59 saylı qaraja olan pay hüququ 567/2000 hissəsinə uyğundur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini, iddia tələblərinin tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 Mübariz oğlu xx.xx.2024-cü il tarixində ərizə yazaraq, iddiaçının dolayısı ilə əmlak bölgüsünü tələb etməklə cavabdehin üzərinə qanunda nəzərdə tutulmamış öhdəliklər qoymağa çalışdığını bildirmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini və ya əmlak bölgüsünə dair iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 Mübariz oğlu iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının pay bölgüsünü müəyyənləşdirən sənədi almağa qanunla elə bir vəzifəsi yoxdur. İddiaçının həmin əmlak üzərində pay hüququ tanınmamışdır. İddiaçı həmin əmlak üzərində iddia qaldırmaq istəyir. Həmin əmlak üzərində iddia qaldırsa belə, həmin iddiaya məhkəmədə baxıla bilməz. Çünki həmin işə məhkəmədə baxılıb, məhkəmənin qanuni qüvvəsini almış qərarı var. İddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üşüncü şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 4364/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1562/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X7 küçələrinin kəsişməsindəki 578-ci məhəllədə, X7 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan X6 tərəfindən ödənilmiş 80000 manat məbləğində pul vəsaitinin ½ hissəsi (40000 manat) və Bakı şəhəri Hüseyn Cavid prospekti, X7 küçəsi ilə Əbdürrəhimbəy Haqverdiyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasındakı 58 və 59 nömrəli qarajların alınmasına sərf edilmiş 47000 manat pul vəsaitinin ½ hissəsi (23500 manat) üzərində İddiaçı pay hüququnun tanınması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X7 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 333138 manat və mənzilin təmirinə sərf edilən 28000 manat, cəmi 361138 manat məbləğində pul vəsaitinin cavabdeh X1 alınaraq tələb irəli sürən şəxs X4 ödənilməsi, X3 iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə X6 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, nikahları Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnməsinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə olduqları müddətdə, yəni Cavabdeh MTK-nın Elmlər Akademiyası filialı ilə X6 arasında bağlanmış 24 iyul 2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X7 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8ci mərtəbə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzili, həmçinin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən, həmin binanın zirzəmi hissəsində yerləşən 59 saylı və 58 saylı avtomobil dayanacaqlarını əldə etmişlər. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1562/2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı X5 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi barədə ilk iddia tələbi rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, 12 oktyabr 2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və X7 küçələrinin kəsişməsindəki 578-ci məhəllə, X7 küçəsi 75 ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan X6 tərəfindən ödənilmiş 80000 manat məbləğində pul vəsaitinin ½ hissəsi (40000 manat) və həmin ünvanda yerləşən binadakı 58 saylı və 59 saylı qarajların alınmasına sərf edilmiş 47000 manat pul vəsaitinin ½ hissəsi (23500 manat) üzərində İddiaçı pay hüququ tanınmışdır. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(102)-1117/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Payçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək mənzilin dəyəri tam ödənilmiş, lakin icraçı tərəfindən mənzilin müqavilədə nəzərdə tutulmuş şərt əsasında payçıya təhvil verilməsi öhdəliyi icra edilməmişdir. Bu səbəbdən də, hazırda İddiaçı sözügedən əmlaklara görə birgə nikah dövründə ödənilmiş pul vəsaiti üzərində ½ hissədə pay hüququ olduğundan pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MTKnın üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İlkin olaraq, məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında müəyyən etmişdir ki, mübahisə predmeti olan əmlaklara görə ödənilmiş pul vəsaitinin ½ hissəsi üzərində iddiaçının pay hüququ tanınmışdır. Bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda, Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzil və qarajlara ödənilmiş pula münasibətdə ½ hissədə sahiblik və istifadə hüququ olmaqla, eyni zamanda, “gözlənilən mülkiyyət hüququ” da istisna edilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113-cü maddəsinə əsasən, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nin 178.8 maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərancam vermək hüququnu əldə edirlər. Şərh olunan hüquq normasını, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan Konstitusiya Məhkəməsinin sözügedən qərarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı ilə X6 birgə nikah dövründə yaşadıqları müddətdə mübahisələndirilən əmlakların dəyəri tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 109.1. maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109.3. maddəsinə əsasən kooperativin ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı və yalnız mütləq pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak etmək və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla səs hüququna malik olmayan fiziki və (və ya) hüquqi şəxsdir. 109.4. kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. 109.5. mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və dövlət qeydiyyatı üçün əsas hesab olunur: İşin araşdırılan hallarından göründüyü kimi, iddiaçının birgə nikahından olan X6 Cavabdeh MTK-nın pay hüququ ilə üzvü olmuş, Məhkəmə qətnaməsi ilə iddiaçının pul ödəməklə həmin payda ödədiyi pul həcmində hüququnun olması qüvvəyə minmiş Məhkəmə Qətnaməsində öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının sözügedən əmlaklara görə ödənilmiş pul vəsaiti üzərindəki pay hüququna dair Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının protokolundan çıxarış və maliyyə arayışlarının verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilməlidir. Məhkəmə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə, həmin ərizə ilə bağlı qeyd edir ki, iddiaçının tələbi daşınmaz əşyalarla bağlı olduğundan, həmçinin iddiaçı mübahisə predmeti olan əmlakın bölünməsini deyil, həmin əmlaka dair ödənilmiş pul vəsaiti üzərindəki pay hüququ ilə bağlı sənədlərin verilməsi öhdəliyinin qoyulmasını tələb etdiyindən, eyni zamanda iddia müddətinin axımı qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən hesablandığından, həmin ərizə iddia müddətinin tətbiq olunması üçün nəzərə alına bilməz. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi görə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və X7 küçələrinin kəsişməsindəki 578-ci məhəllə, X7 küçəsi 75 ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189,53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan 40000 manat hissəsinə, eyni ünvanda yerləşən binadakı 58 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 15000 manat hissəsinə və eyni ünvanda yerləşən binadakı 59 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 8500 manat hissəsinə mütənasib olaraq, Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışlarının verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilsin. Cavabdeh MTK-dan ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-473/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-473/2024
14.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver