Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4735/2021 02.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsində ½ hissə olan payını almaqda üstünlük hüququ olan Cavabdeh tərəfindən payının dəyəri olan 40 000 manat pul məbləğinin alınaraq ona ödənilməsi, payın dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsindən imtina edildiyi təqdirdə həmin əmlakın boşaldılaraq açıq hərracda satılması, əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, iddiaçının ünvan 1 ünvanında (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ yarandığı 02.06.2020-ci il tarixdən həmin evin açıq hərracda satılaraq payların mülkiyyətçilər arasında bölünən günədək aylıq 300 manatın mənzildən istifadə edən cavabdehdən tutularaq mənzildən istifadə edə bilməyən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh 03.08.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, Şəki Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikaha xitam verilmişdir. Tərəflərin birgə nikahından olan uşaqları X3, X4 və X5 anaları iddiaçının yanında saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli 2(012)-4080/2019 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləsən 70.6 kv.m ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsinin ½ hissəsinə iddiaçının pay hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş elektron çıxarışdan da görünür ki, həmin fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsinin ½ hissəsi iddiaçıya, ½ hissəsi isə cavabdehə məxsusdur. (Qeydiyyat tarixi 02.06.2020). Abşeron rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(012)-455/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsinin ona məxsus ½ hissəsi olan payın cavabdehə məxsus ½ paydan naturada ayrılması barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı 03.05.2021-ci il tarixdə cavabdehə yazılı təklif göndərərək mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evinin ½ hissədə müəyyən edilmiş payının əvəzinə, cavabdeh tərəfindən ona 40000 manat ödənilməklə həmin payını almağı təklif etmiş, əks halda həmin payın başqa şəxsə satılması və ya açıq hərracda satılması üçün məhkəməyə müraciət etməsi barədə bildirmiş, lakin cavabdeh həmin təklifi qəbul etməkdən imtina etmişdir. Hal-hazırda sözügedən mənzil cavabdehin istifadəsindədir. İddiaçı mülkiyyətindən istifadə edə bilmir. Cavabdeh maneə yaratdığı üçün iddiaçı 2 ilə yaxındır ki, başqa mənzildə 300 manata kirayədə qalır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 03.08.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, Şəki Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli qətnaməsi ilə onun iddiaçı ilə bağladığı nikaha xitam verilmiş, birgə nikahından olan uşaqları X3, X4 və X5 isə anaları iddiaçının yanında saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli 2(012)-4080/2019 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləsən 70.6 kv.m ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsinin ½ hissəsinə onun pay hüququ müəyyən edilmişdir. Hazırki mülki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evində o, növbəti dəfə nikaha daxil olduğu həyat yoldaşı ilə birlikdə yaşayır. O, fərdi yaşayış evinin satılması üçün müştəri tapmış, həmin evin 55 000 manat dəyərinə satılması barədə razılaşmışdır. Lakin fərdi yaşayış evi açıq hərraca çıxarılacağı təqdirdə isə həmin qiymətə satılması real olmayacaqdır. İddiaçı iddia ərizəsində pay hüququ olan fərdi yaşayış evindən 2 ilə yaxın müddətdir ki, istifadə edə bilmədiyini qeyd etsə də, bu, həqiqətə uyğun deyildir. Belə ki, o, iddiaçını həmin evdən qovmamışdır. İddiaçı evə gələcəyi təqdirdə onun fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşamağına razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron Rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli e-2(012)-4080/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsinin ½ hissəsinə İddiaçı pay hüququ müəyyən edilmiş, İddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 200 manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla ümumilikdə cəmi 230 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsinin ½ hissəsi Cavabdeh adına 27.02.2018-ci il tarixdə, ½ hissəsi isə İddiaçı adına 02.06.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 100 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydə alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli e-2(012)-455/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı ünvan 2 (Yeni qaydalarla Vüqar Əvəzov küçəsi, ev 41) ünvanında yerləşən 70,6 kv.m ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsinin ona məxsus ½ hissəsi olan payın Cavabdeh məxsus ½ paydan naturada ayrılması barədə iddia tələbi rədd edilmişdir. -İddiaçı Cavabdeh ünvanlandığı 03.05.2021-ci il tarixli təklifdən görünür ki, İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evinin ½ hissədə müəyyən edilmiş payının əvəzinə, Cavabdeh tərəfindən ona 40000 manat ödənilməklə həmin payını almağı təklif etmiş, əks halda həmin payı başqa şəxsə satmasının və ya açıq hərracda satılması üçün məhkəməyə müraciət etməsinin mümkünlüyünü bildirmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əzizova X1 rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi Xaqani küçəsi döngə 3, ev 7 ünvanında qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əzizov X2 rayonu, Masazır kəndi, Xəqani küçəsi, döngə 3, ev 7 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 03.08.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, Şəki Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikaha xitam verilmişdir. Tərəflər birgə nikah dövründə ünvan 4 ünvanında yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsini əldə etmişlər. Abşeron Rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli e-2(012)-4080/2019 saylı qətnaməsi ilə həmin fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.018 ha ölçülü torpaq sahəsinin tərəflərin hər birinin ½ hissəsinə payları müəyyən edilmişdir. Qeyd olunan daşınmaz əmlaka dair Abşeron Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli e-2(012)- 455/2021 saylı qətnaməsi ilə iddiaçının ona məxsus ½ hissəsi olan payının cavabdehə məxsus ½ hissə paydan naturada ayrılması barədə iddia tələbi rədd edilmişdir. İddiaçı ona məxsus payının cavabdeh tərəfindən 40 000 manata alınması, əks təqdirdə başqa şəxsə və ya açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi barədə cavabdeh təklif göndərmiş, lakin cavabdeh tərəfindən təklifə cavab verilmədiyindən iddiaçı həmin tələblə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq) 32-ci maddəsinə əsasən, 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlləsi adlandırılacaq): 213.1. maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri və hər birinin ½ hissədə paylarının müəyyən edildiyi ünvan 2 (Yeni qaydalarla Vüqar Əvəzov küçəsi, ev 41) ünvanında yerləşən 70,6 kv.m ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsinin məhkəmədən kənar qaydada İddiaçı ½ hissədə payının cavabdeh tərəfindən 40000 manata alınmasına dair tərəflər arasında razılıq olmadığından, məhkəmə iddiaçının iddia ərizəsinin daşınmaz əmlakın açıq hərracda satılaraq satışdan əldə olunmuş pul vəsaitinin tərəflərin paylarına mütənasib şəkildə bölünməsinə dair hissədə əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. Məhkəmə İddiaçı birgə nikah dövründə əldə etdikləri və hər birinin ½ hissədə paylarının müəyyən edildiyi ünvan 2 (Yeni qaydalarla Vüqar Əvəzov küçəsi, ev 41) ünvanında yerləşən 70,6 kv.m ölçülü fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,018 ha ölçülü torpaq sahəsinə dair onun ½ hissədə payının 40 000 manata almağa üstünlük hüququ olan cavabdeh tərəfindən alınmasına dair hissədə qeyd edir ki, iddiaçı həmin təkliflə bağlı cavabdehə 03.05.2021-ci il tarixdə müraciət etdiyindən, həmin təklifə dair cavabdeh tərəfindən iddiaçıya cavab təklifi ilə bağlı hər hansı məlumat daxil olmadığından, məhkəmə iclasında cavabdeh tərəfindən həmin payın 40000 manata alınmasına razılığının olmamasına dair izahat verildiyindən, paylara dair qiymətin müəyyən edilməsi tərəflərin könüllü iradə ifadəsi əsasında mümkün olduğundan, həmçinin qiymətlə bağlı razılıq əldə edilmədiyindən məhkəmə qətnaməsi əsasında icra mərhələsində daşınmaz əmlakın açıq hərracda satışından əldə olunmuş vəsait tərəflərin paylarına mütənasib şəkildə bölündüyündən məhkəmə iddia ərizəsini bu hissədə əsassız hesab edib təmin edilməməsi qərarına gəlir. Məhkəmə həmçinin, iddiaçının ünvan 1 ünvanında (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun yarandığı 02.06.2020-ci il tarixdən həmin evin açıq hərracda satılaraq payların mülkiyyətçilər arasında bölünən günədək aylıq 300 manatın mənzildən istifadə edən cavabdehdən tutularaq ona ödənilməsinə dair hissədə isə qeyd edir ki, iddiaçı iddia ərizəsində fərdi yaşayış evindən istifadə edə bilmədiyindən 300 manata kirayə qaldığını qeyd etsə də, fərdi yaşayış evindən istifadə etmədiyi müddətdə həqiqətən də 300 manat ödəniş müqabilində kirayə qalmasına dair mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab edib təmin edilməməsi qərarına gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə cıxarır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanında 0.018 ha ölçülü torpaq sahəsində yerləşən 70.6 kv.m ölçülü fərdi yaşayış evi (Yeni qaydalarla: Vüqar Əvəzov küçəsi ev 41) açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə bölüşdürülsün. İddia ərizəsi qalan hissədə təmin edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4735/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4735/2021
02.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver