Məhkəmə qərarları › İş №e-2(012)-4955/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4955/2023

16.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4955/2023 16.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında olan cehiz aşyalarının (1 ədəd oturacaq divan, 1 ədəd şüşə qapılı qorka, 1 ədəd taxt, 1 ədəd güzgülü tirmo, 2 ədəd xalça (2x4 və 1,5x2 metr ölçülərdə), 1 ədəd çilçıraq, 1 ədəd tozsoran, 1 ədəd soba, 1 ədəd ətçəkən maşın, 2 ədəd ədyal, 3 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd pərdə, 1 ədǝd stəkan nəlbəki və boşqab dəsti, dəsmal və yataq dəstləri, 1 ədəd üçtutumlu qazan, 1 ədəd elektrik çaydan (Tefal markalı)) həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında olan mənzil onun mülkiyyəti olmasa da, istifadəsindədir. Cavabdeh onun rəhmətlik qardaşı ilə xx.xx.2012-ci ildə ailə qurmuş və onun mənzilinə 10 il bundan öncə gəlin gəlmişdir. Rəhmətlik qardaşı məcburi köçkün olduğundan, Füzuli rayonunda dövlət tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin tikintisi hazır olmadığı üçün o, məcbur olaraq qardaşı ilə həyat yoldaşının onun evində yaşamasına icazə vermişdir. Qardaşı sonradan ölmüşdür. Cavabdeh onun mənzilində beş il yaşadıqdan sonra, altı il bundan öncə öz ata evinə, yəni Beyləqan rayonuna getmiş və geri qayıtmamışdır. Dəfələrlə cavabdehə onun mənzilindən əşyalarının çıxarılmasını təklif etsə də, heç bir nəticə verməmişdir. Mübahisəli evin tikilməsində nə qardaşının, nə də cavabdehin zərrə qədər əməyi olmamışdır. Oğlunun on iki yaşı var. Qeyd edilən mənzil darısqaldır, cavabdehin əşyaları isə onlara mane olur. Həmin əmlaklar bunlardır: 1 ədəd oturacaq divan, 1 ədəd şüşə qapılı qorka, 1 ədəd taxt, 1 ədəd güzgülü tirmo, 2 ədəd xalça (2x4 və 1,5x2 metr ölçülərdə), 1 ədəd çilçıraq, 1 ədəd tozsoran, 1 ədəd soba, 1 ədəd ətçəkən maşın, 2 ədəd ədyal, 3 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd pərdə, 1 ədǝd stəkan nəlbəki və boşqab dəsti, dəsmal və yataq dəstləri, 1 ədəd üçtutumlu qazan, 1 ədəd elektrik çaydan (Tefal markalı). Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəməməsinin səbəbləri barəsinə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 1854/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı ünvan 2 ünvanında olan yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan "xxxx" ASC “X3” İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, istehlakçı kimi su təchizatına görə vətəndaş İddiaçı ilə ünvan 3 ünvanında yerləşən evə dair xx.xx.2020-ci il tarixdə, 42899220 saylı müqavilə bağlanmışdır. Müqavilə bağlanmaqla "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinin abonent bazasında İddiaçı adına **********024 abonent kodu açılmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 4 ünvanında, ona məxsus evdə xx.xx.2020-ci il tarixdə quraşdırılmış CSS-20 tipli, 18052823 nömrəli, B8830520 plomblu, sonradan dəyişdirilərək xx.xx.2021-ci il tarixdə quraşdırılmış CSS-20 tipli, 21015540 nömrəli, C478389 plomblu su sayğaclarının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İşdə olan Xırdalan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli tədiyyə bildirişindən görünür ki, bələdiyyədə əmlak vergisini ödəyən kimi İddiaçı qeydə alınmışdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının qardaşı ilə Cavabdeh rəsmi nikahda olmuşlar. Nikahdan sonra cavabdeh ünvan 1 ünvanında olan fərdi yaşayış evinə köçmüş, cehiz əmlaklarını burada yerləşdirmişdir. Cavabdehin əri 2014-cü ildə ölmüşdür. Buna baxmayaraq, cavabdeh qeyd edilən evdə 2018-ci ilədək yaşamış, 2018-ci ildən isə valideynlərinin yanında yaşamağa başlamışdır. Lakin ona məxsus əşyalar mübahisəli evdə qalmışdır. İşdə olan sənədlərlə (əvvəlki məhkəmə qətnaməsilə) cavabdehin cehiz əşyalarının hal-hazırda da həmin evdə qalması öz təsdiqini tapır. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktından da görünür ki, cavabdehin mübahisəli evə dair hər hansı hüququ yoxdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1854/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən ev özbaşına tikilidir. Həmin tikili 2009-cu il tarixdə Cavabdeh qaynatası Böyükağa Abbasov tərəfindən tikilmişdir. Cavabdehin əri 2014-cü ildə, qaynatası isə 2016-cı ildə ölmüşdür. Cavabdeh 2018-ci il tarixə kimi övladı ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçı 2018-ci il tarixdən sözügedən mübahisəli evdə yaşayır. "xxxx" ASC və “Azərişıq" ASC tərəfindən quraşdırılmış sayğaclar əvvəllər X1 adına olsa da, müvafiq olaraq 2019-cu il və 2020-ci il tarixlərdə İddiaçı adına keçirilmişdir. Beləliklə, işdəki mötəbər sənədlərlə müəyyən olunur ki, mübahisəli ev hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmasa da, onun faktiki sahibi hazırda İddiaçıdır. Sahiblik hüququ isə mülkiyyət hüququnun bir elementi kimi kənar qəsdlərdən qanunla qorunur. Hazırda isə qardaşının keçmiş arvadı Cavabdeh cehiz əşyalarının onun sahibliyində və istifadəsində olan evdə qalması bu evdən sərbəst istifadə və sahiblik hüququnu məhdudlaşdırır. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunla nəzərdə tutulan hüquqlarından sərbəst istifadə etməsi üçün cavabdehə məxsus əmlaklar iddiaçının sahibliyindəki evdən çıxarılmalıdır. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Beləliklə, işin hallarına əsasən Cavabdeh öz cehiz əşyalarını İddiaçı sahibliyində olan evdən çıxarmaması nəticəsində sonuncunun davamlı şəkildə yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərini əsas tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh məxsus iddia ərizəsində qeyd edilmiş cehiz əşyalar İddiaçı sahibliyində və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, İ.Məmmədov küçəsində yerləşən 47B saylı evdən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əmlaklar – 1 ədəd oturacaq divan, 1 ədəd şüşə qapılı qorka, 1 ədəd taxt, 1 ədəd güzgülü tirmo, 2 ədəd xalça (2x4 və 1,5x2 metr ölçülərdə), 1 ədəd çilçıraq, 1 ədəd tozsoran, 1 ədəd soba, 1 ədəd ətçəkən maşın, 2 ədəd ədyal, 3 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd pərdə, 1 ədǝd stəkan nəlbəki və boşqab dəsti, dəsmal və yataq dəstləri, 1 ədəd üçtutumlu qazan, 1 ədəd elektrik çaydan (Tefal markalı) İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, İ.Məmmədov küçəsində yerləşən 47B saylı evdən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar