Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-504/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada dəymiş ziyana görə 816.09 manat sığorta ödənişinin və 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, "xxxx” MMC-yə məxsus ** TG *** dövlət qeydiyyat nişanlı X1 markalı avtonəqliyyat vasitəsi ilə 17.04.2018-ci il tarixində “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” növü üzrə sığortalanmış ** JK *** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinə, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən 18.04.2018-ci il tarixli TP 726563 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. “Autouniversal” tərəfindən tərtib olunmuş zərər aktına əsasən 99 JK. 945 dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 916,09 manat müəyyən edilmişdir. xxxx ASCnin 11.05.2018-ci il tarixli sığorta aktına əsasən xxxx ASC tərəfindən dəymiş ziyana görə 916,09 manat zərər məbləğindən 100,00 manat azadolma çıxmaqla 816,09 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərçəkmiş nəqliyyat vasitəsi təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 816,09 manat məbləğində vəsaitin xxxx ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu (delikt) cavabdeh “xxxx” MMCnin işçisi Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Mülki iş üzrə təyin edilmiş ekspertiza rəyi üzrə dəymiş zərərin məbləği artırılmışdır. Lakin iddiaçı iddia tələbi həcmində iddia ərizəsini müdafiə edir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 936.1. maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəlləsinin 936.2. maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -«xxxx» ASC-nin Cavabdeh1 MMC-yə ünvanladığı 06.02.2019-cu il tarixli 0602/1 saylı bildirişdən görünür ki, cavabdehə subroqasiya hüququ əsasında yaranmış 816.09 manat vəsaitin 15 gün müddətində «xxxx» ASC-nin bank hesabına köçürülmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Paşa Bank ASC-nin 18.05.2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, sığorta ödənişinə görə Paşa Bank ASC Autouniversal MMC-nin hesabına 916.09 manat məbləğində pul vəsaiti köçürülmüşdür. -«xxxx» ASC-nin 11.05.2018-ci il tarixli sığorta aktından görünür ki, Zeytun Pharmaceuticals MMC-də 13.05.2017-ci il tarixdən 12.05.2018-ci il tarixədək azadolma məbləği 100 manat olmaqla avtonəqliyyat vasitələrinin kasko sığortası növündə 17600 manat dəyərində sığortalanmış Fiat Doblo markalı ** JK *** qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş vermiş hadisə nəticəsində ziyan dəymiş, dəymiş ziyan olaraq 916.08 manat, azadolma məbləği 100 manat çıxılmaqla 816.09 manat avtomobilin təmiri üçün Autouniversal MMC-nin hesabına köçürülmüşdür. -18.04.2018-ci il tarixli TP 726563 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 17.04.2018-ci il tarixdə saat 13:00-da Bakı şəhəri Sabunçu rayonu ərazisində X1 avtobus markalı ** TG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat dəyərində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. -AC № 672987 saylı 02.05.2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2015-ci il buraxılışlı Fiat Doblo markalı ** JK *** qeydiyyat nişanlı avtomobil Zeytun Pharmaceuticals MMC-nin mülkiyyətindədir. -«xxxx» ASC-nin 21.04.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Fiat Doblo markalı ** JK *** qeydiyyat nişanlı avtomobilə yekun məbləğ 843 manat, güzəştli məbləğ 776.35 manat, ƏDV-li məbləğ olaraq 916.0930 manat dəyərində ziyan vurulmuşdur. -23.11.2020-ci il tarixli avtonəqliyyat vasitələrinin Kasko sığortası şəhadətnaməsindən görünür ki, Zeytun Pharmaceuticals MMC-nin mülkiyyətində olan «xxxx» ASC-də 13.05.2017-ci il tarixdən 12.05.2018-ci il tarixədək şərtsiz azadolma məbləği 100 manat, sığorta predmetinin dəyəri 18000 manat, sığorta məbləği 18000 manat, sığorta haqqı olaraq 630 manat olmaqla Fiat Doblo markalı ** JK *** qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. -Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyin təmin edilməsi qaydaları əleyhinə olan bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən 18.04.2018-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 18.04.2017-ci il tarixdə saat 13:30 radələrində X1 avtobus markalı ** TG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edən sürücü Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində idarə edərkən ara məsafəsi saxlamayıb qarşıdakı Fiat Doblo markalı ** JK *** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.02.2021-ci il tarixli 9/5847 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilmiş 21.04.2018-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat” məlumatlarına əsasən 2015-ci il buraxılışlı “Fiat Doblo’ markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin 2018-ci ilin aprel ayına təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 883,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 313,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 570,00 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 847,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 277,00 manat; Təmir-bərpa işlərinin qiyməti -570,00 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert təcrübə zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış «Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi»nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, "xxxx” MMC-yə məxsus ** TG *** dövlət qeydiyyat nişanlı X1 markalı avtonəqliyyat vasitəsi ilə 17.04.2018-ci il tarixində “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” növü üzrə sığortalanmış ** JK *** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinə, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Yol nəqliyyat hadisəsilə əlaqədar DYP tərəfindən 18.04.2018-ci il tarixli TP 726563 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. “Autouniversal” tərəfindən tərtib olunmuş zərər aktına əsasən 99 JK. 945 dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 916,09 manat müəyyən edilmişdir. xxxx ASC-nin 11.05.2018-ci il tarixli sığorta aktına əsasən xxxx ASC tərəfindən dəymiş ziyana görə 916,09 manat zərər məbləğindən 100,00 manat azadolma çıxmaqla 816,09 manat məbləğində sığorta ödənişi zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Zərərçəkmiş nəqliyyat vasitəsi təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 816,09 manat məbləğində vəsaitin xxxx ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu (delikt) cavabdeh “xxxx” MMC-nin işçisi Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Odur ki, iddiaçı subroqasiya hüququndan istifadə edərək cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 zərərin ödənilməsini məhkəmə vasitəsilə tələb etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin; 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında eksper rəyi tədqiq edilərkən müəyyən edildi ki, rəydə ekspert yol nəqliyyatı hadisəsi zamanı dəymiş zərərin yekun məbləğini 847,00 manat hesablamışdır. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirməsinə dair hesabatdan isə görünür ki, zərərin yekun məbləği 843 manat hesablanmış, sonra güzəşt nəzərə alınmaqla cəmi zərərin məbləği 776 manat müəyyən edilmiş və həmin məbləğə əlavə dəyər vergisi hesablanmaqla ümumilikdə 916 manat hesablanmışdır. Göründüyü kimi ekspert rəyində əlavə dəyər vergisi nəzərə alınmayaraq hesablanmış 870 manat məbləği, qiymətləndirmə barədə hesabatda göstərilən məbləğdən çoxdur. Bununla belə məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, rəy sübut kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ekspert rəyində göstərilmiş zərər məbləği çox hesablandığından iddia ərizəsində göstərilmiş avtonəqliyyat vasitəsinin qiymətləndirməsinə dair hesabatda nəzərdə tutulmuş məbləğ əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prossesual Məcəlləsi) 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırda isə iddia tələbindən kənara çıxılması üçün müstasna hal yoxdur. Mülki Məcəllənin; 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.3. maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qanunun tələbindən aydın olur ki, iddiaçının iddia tələbinin eyni zamanda digər Cavabdeh1 MMC-yə qarşı qoyulması düzgün və əsaslıdır, qanun onun subroqasiya hüququnu tanıyır. Mülki Prosessual Məcəllənin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bundan başqa, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu və ekspertiza xərcləri cavabdehlərə aid edilməlidir Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verib, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 816.09 manat (səkkiz yüz on altı manat doqquz qəpik) dəymiş ziyan, ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat olmaqla cəmi 846.49 (səkkiz yüz qırx altı manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 816.09 manat (səkkiz yüz on altı manat doqquz qəpik) dəymiş ziyan, ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat olmaqla cəmi 846.49 (səkkiz yüz qırx altı manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-504/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-504/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver