Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-540/2023 08.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı öhdəliyin icra edilməsi və əldən çıxmış gəlirin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı öhdəliyin icra edilməsi və əldən çıxmış gəlirin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının İ blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzilin xx.xx.2019-cu il tarixli, 196 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, binanın xarici tərtibatı və daxili arakəsmələrinin layihəyə müvafiq olaraq tikilməsi, giriş seyf qapısının qoyulması, divarın suvaq edilməsi, mənzilin giriş nöqtəsinədək elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi təmin edilməklə iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, 3600 manat (12x(300x3) əldən çıxmış gəlir və 56 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 196 saylı “mənzil tikintisi haqqında” müqaviləyə əsasən, cavabdeh ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İ blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzili pay kimi payçıya ayırmağı öhdəsinə götürmüşdür. Mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə şərtlərini kobud şəkildə pozaraq 2019-cu ildən bu günə kimi mənzili təhvil verməmişdir. Bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, “Tikinti işləri başa çatdıqdan sonra icraçı mənzili təhvil verir. Payçı mənzili qəbul edir. Təhvil-təslim tərəflərin imzası ilə təsdiq olunan aktla sənədləşdirilir.” Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə hər iki tərəf üçün hüquq və vəzifələr yaranmışdır. Belə ki, İddiaçı müqavilə şərtlərinə uyğun olaraq 1 otaqlı 45 saylı mənzilin dəyərini ödəməyi, Cavabdeh MTK isə mənzili alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə müddət müəyyən edilmədikdə kreditor onun dərhal icrasını, borclu isə onu ağlabatan müddətə icra etməyə borcludur. Lakin işin faktiki hallarından görünür ki, Cavabdeh MTK öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, sonuncu, müqavilənin bağlanmasından 3 il müddət keçməsinə baxmayaraq iddiaçıya məxsus mənzili ona təhvil verməmişdir. Əgər həmin müddət ərzində iddiaçı müqavilə əsasında aldığı mənzili icarəyə vermiş olsa idi, gəlir əldə etmiş olacaqdı. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, məhkəməyə təqdim olunmuş sənədlərdən də göründüyü kimi, tərəflər arasında müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə şərtlərinə əsasən, cavabdeh mənzilin təhvil verilməsi öhdəliyini icra etməli olmasına baxmayaraq, öhdəliyinin icrasından yayınmışdır. Beləliklə də, iddiaçının müqavilə əsasında dəyərini ödəyib aldığı 1 otaqlı 45 saylı mənzil iddiaçıya təhvil verilməmişdir. Cavabdeh "xxxx" MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" MTK ilə payçı İddiaçı arasında "xxxx" MTK ilə və ya hüquqi varisi "xxxx" MMC ilə əvvəllər bağlanmış xx.xx.2016-cı il tarixli, 34 saylı müqavilə əsasında yeni şərtlərlə bağlanmış xx.xx.2019-cu il tarixli, 196 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin blok İ, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.m olan, izolə olunmuş 1 otaqdan ibarət 45 saylı mənzili pay kimi payçıya ayırmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, icraçı a) binanın xarici tərtibatı və daxili arakəsmələrinin layihəyə müvafiq olaraq tikilməsi, b) giriş seyf qapısının qarşılıqlı razılaşmadan asılı olaraq qoyulması, divarın suvaq edilməsi, c) mənzilin giriş nöqtəsinədək elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi, d) pay haqqının vaxtında və tam ödəməyi payçıdan tələb etmək öhdəliklərini öz üzərinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, payçı a) bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olaraq vaxtında ödəmək, b) bina istismara verildikdən sonra ona ayrılmış mənzili qəbul etmək c) su, elektrik, qaz sayğaclarının quraşdırılması və müvafiq mənzilə dair bütün sənədlərin verilməsi ilə bağlı bütün xərcləri ödəmək və digər öhdəlikləri öz üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 420 manat təşkil edir, sahəsi 49.3 kv.m olan mənzil üçün cəmi 20706 manat ödənilməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən, tikinti işləri başa çatdıqdan sonra icraçı mənzili təhvil verir. Payçı mənzili qəbul edir, təhvil-təslim tərəflərin imzası ilə tədqiq olunmuş aktla sənədləşdirilir. -"xxxx" MTK-nın verdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında inşa olunan 5 bloklu, 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK-ya məxsusdur. Bu binanın İ blok, 13-cü mərtəbə, ümumi sahəsi 49.3 kv.m olan, 1 otaqlı, 45 saylı mənzilin dəyəri İddiaçı tərəfindən 20706 manat olmaqla tam şəkildə ödənilmiş, MTK-ya heç bir borcu yoxdur. -İddiaçı "xxxx" MTK-ya ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklər MTK tərəfindən 5 gün müddətində icra edilmədiyi təqdirdə məhkəməyə və ya müvafiq orqanlara müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" MTK adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2019-cu il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0100, ünvan 3mə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 31B saylı evin, 30 saylı mənzilində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" MTK ilə bağladığı xx.xx.2019-cu il tarixli, 196 saylı müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin blok İ, 13cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzili bir pay kimi almağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə üzrə alınmış mənzilin dəyəri 20706 manat müəyyən edilməklə həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş və bu barədə "xxxx" MTK tərəfindən iddiaçının borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Payçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək mənzilin dəyəri tam ödənilmiş, lakin icraçı tərəfindən mənzilin müqavilədə nəzərdə tutulmuş şərt əsasında payçıya təhvil verilməsi öhdəliyi icra edilməmişdir. Bu səbəbdən də, hazırda, İddiaçı xx.xx.2019-cu il tarixli, 196 saylı müqaviləyə əsasən, həmin mənzilin təhvil verilməsinin cavabdehə həvalə edilməklə əldən çıxmış faydanın cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İlkin olaraq, məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatı, mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında müəyyən etmişdir ki, mübahisə predmeti olan mənzilin xx.xx.2019-cu il tarixli, 196 saylı müqavilə əsasında İddiaçı satılması barədə tərəflər razılığa gəlmiş, iddiaçının borcunun olmamasına dair isə maliyyə arayışı təqdim etmişdir. Belə ki, məhkəmə daxili inamına və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq belə qənaətə gəlir ki, ilkin olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barədə razılığa gəlməklə müqavilə artıq bağlanmış hesab olunmuşdur. Eyni zamanda, Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə münasibətdə sahiblik və istifadə hüququ olmaqla, eyni zamanda, “gözlənilən mülkiyyət hüququ” da istisna edilmir. Mülki Məcəllənin 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. İddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdeh öhdəliyinə əməl etməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən, icraçı a) binanın xarici tərtibatı və daxili arakəsmələrinin layihəyə müvafiq olaraq tikilməsi, b) giriş seyf qapısının qarşılıqlı razılaşmadan asılı olaraq qoyulması, divarın suvaq edilməsi, c) mənzilin giriş nöqtəsinədək elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi öhdəliklərini öz üzərinə götürmüşdür. Bu səbəbdən də, iddia ərizəsi “müqavilə öhdəliklərinin icra edilməsi” hissəsində təmin edilərək qeyd olunan öhdəliklər icra edilməklə ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin blok İ, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-ya həvalə edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113-cü maddəsinə əsasən, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. İddia ərizəsinin mahiyyətindən eyni zamanda, göründüyü kimi, İddiaçı müqavilə öhdəliklərinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində əldən çıxmış faydaya görə 3600 (12x300x3=10800, 1 il müddət üçün 3600 manat) manat pul vəsaitinin də tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həmin hissəsinə münasibət bildirərək qeyd edir ki, göründüyü kimi, müqavilə predmeti olan ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin blok İ, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzili 20706 manat qarşılığında almağı öhdəsinə götürmüş alıcı tikilinin dəyərini tam şəkildə ödəmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, icraçı tikinti işləri başa çatdıqdan sonra mənzili təhvil verməyi öhdəsinə götürmüş və qeyd olunan öhdəliyin tərəflərin imzası ilə təsdiq olunmuş aktla rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Bununla da, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin müddətindən 4 ildən artıq müddət keçdiyindən bu hal iddiaçının mənzillə təmin olunmaq hüququnun pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nin 178.8 maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərancam vermək hüququnu əldə edirlər. Şərh olunan hüquq normasını, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan Konstitusiya Məhkəməsinin sözügedən qərarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirilən mənzilin dəyərini tam ödəmişdir. Belə ki, tikinti inşasında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməsə də tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Məhkəmə hesab edir ki, tikinti şirkəti üçün çoxmənzilli binanın tikilib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağlabatan müddət 3 il müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən pozulmamış, lakin müqavilənin bağlanmasından 3 illik müddət başa çatmışdır. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı iddia tələbində mənzillə təmin olunmadığı 2019-cu ildən etibarən hər ay 300 manata icarəyə verəcəyi təqdirdə 10800 manat gəlir əldə etmiş olacaqdı. Məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə qismən təmin edilməlidir. İlkin növbədə, məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə hüquqi qiymət verərək qeyd edir ki, sözügedən müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla, cavabdeh tərəf tikilinin inşa edilib hansı müddətdə təhvil veriləcəyinə dair hər hansı bir öhdəlik götürməmiş və bununla bağlı müqavilədə bir şərt-müddəa nəzərdə tutulmamışdır. Lakin bununla belə, məhkəmə hesab edir ki, tikilinin inşa edilib təhvil verilməsi müddəti müqavilədə nəzərdə tutulmamış olsa da, qeyd olunan öhdəliyin icrası ağlabatan müddətdə icra edilməlidir. Beləliklə də, ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə öhdəliyin icrasının mümkün zaman kəsiyində həyata keçirilməsi başa düşülür. Buna görə də məhkəmə qeyd edir ki, mənzilin təhvil verilməsi müddətinin ağlabatan müddəti təxmini də olsa, 3 il müəyyən edilə bilər. Beləliklə də, müqavilənin bağlanma tarixi xx.xx.2019-cu il tarixi nəzərə alınsa, 3 illik ağlabatan müddətə əsasən, xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixədək olan müddət ərzində keçən 7 ay müddət üçün hər ay 300 manat icarə haqqı hesablandıqda, iddiaçının əldən çıxmış faydaya görə ödənilməli olan 2100 (7 ay x 300 manat = 2100 manat) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Ona görə də iddia ərizəsi bu hissədə əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, 56 manat dövlət rüsumundan 33 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 23 manat pul vəsaiti isə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 196 saylı müqaviləyə əsasən, alınmış ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin blok İ, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzilin həmin müqavilənin 2.1-ci bəndinə əsasən, a) binanın xarici tərtibatı və daxili arakəsmələrinin layihəyə müvafiq olaraq tikilməsi, b) giriş seyf qapısının qarşılıqlı razılaşmadan asılı olaraq qoyulması, divarın suvaq edilməsi, c) mənzilin giriş nöqtəsinədək elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi öhdəlikləri icra edilməklə iddiaçıya təhvil verilməsi öhdəliyi "xxxx" MTK-ya həvalə edilsin. "xxxx" MTK-dan əldən çıxmış faydaya görə 2100 (iki min yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 33 (otuz üç) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-540/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-540/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver