Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5409/2025 01.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı qanunsuz müdaxilənin qarşısının alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı qanunsuz müdaxilənin qarşısının alınması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrinin qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3075/2025 saylı qərardadına əsasən, İddiaçı MMC-nin Cavabdeh qarşı sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış və inşaat mallarının topdan və pərakəndə satışını həyata keçirən hüquqi şəxsdir. Hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 54A ünvanda icarə müqaviləsi əsasında İddiaçı MMC-yə məxsus mağaza fəaliyyət göstərməkdədir və iddiaçı qanunla nəzərdə tutulmuş sahibkarlıq hüquqlarına malikdir. Cavabdeh İddiaçı MMC-yə məxsus mağazanın yerləşdiyi binada komendant kimi fəaliyyət göstərir. Cavabdeh İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edərək müxtəlif vasitələrlə maneələr yaradır, obyektin elektrik enerji təminatını əsassız olaraq dayandırır, süni mübahisələr yaradır və iddiaçını onunla müqavilə bağlamağa və əlavə ödəniş etməyə məcbur edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının sahibkarlıq fəaliyyəti pozulur, istehlakçıların obyektə sərbəst çıxışı və alış-veriş imkanları məhdudlaşır, ticarət dövriyyəsi azalır və hüquqi şəxs qismində işgüzar nüfuzuna ciddi zərər dəyir. Hal-hazırda İddiaçı MMC sahibkarlıq fəaliyyətini tam qanunauyğun şəkildə həyata keçirir, icarə müqaviləsindən irəli gələn bütün öhdəliklərini vaxtında və düzgün icra edir, kommunal və digər müvafiq ödənişlərlə bağlı öhdəliklərini gecikdirmədən yerinə yetirir. Buna baxmayaraq, cavabdeh tərəfindən göstərilən qanunsuz maneələr davam etməkdədir. İddiaçı dəfələrlə cavabdehlə müvafiq müzakirələr aparmış, ona xəbərdarlıqlar etmiş və yaranmış problemlərin danışıqlar yolu ilə həll olunmasına çalışmışdır. Lakin cavabdeh qanunsuz hərəkətlərini dayandırmaqdan imtina etmiş, sahibkarlıq fəaliyyətinə müdaxiləsini davam etdirmişdir. Mövcud vəziyyət iddiaçını qanuni hüquqlarının bərpası və pozulmuş maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməyə məcbur etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin İddiaçı MMC-nin direktoru Nümayəndə1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı MMC-nin vəkili-nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edilən ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğuldur və fəaliyyəti icarə müqaviləsinə əsaslanır. Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməyinə süni maneələr yaradılır. Kommunal xidmətlərlə bağlı problem yoxdur, hər zaman vaxtında ödənişlər edilmişdir. İddiaçı MMC 1-ci mərtəbədə fəaliyyət göstərdiyi üçün işçiləri liftdən və su motorundan istifadə etmir. Digər xidmətlərə dair öz əməkdaşları var, binanın xidmətlərindən istifadə etmirlər. Dəfələrlə işıq sayğacı söndürülmüşdür. Halbuki İddiaçı MMC-nin fəaliyyəti tamamilə işıqdan asılıdır. "xxxx" ASC-yə müraciət edilmiş, lakin sayğacın yerinin dəyişilməsinə etiraz edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, sakinlərin birgə iclası ilə onu binaya idarəçi təyin etmişlər. İddiaçı MMC isə "xxxx" MTK-nın birinci mərtəbəsində yerləşir. Cavabdehə qarşı qaldırılmış hazırki iddia heç bir əsas olmadan qaldırılmışdır. Tərəflərindən heç bir müdaxilə olunmamışdır. 9 ay əvvəl tərəflərindən ayda 50 manat kommunal ödənişlər edilirdi, lakin daha sonra İddiaçı tərəfindən kommunal ödənişi olunmadığına görə xidmət göstərilməmiş, onlar da bunu müdaxilə hesab etmişlər. Bundan əlavə iddiaçı tərəfindən sayğaca pul köçürülməyinə maneə törətməmişlər. Zirzəmidə yüksək gərginlik olduğundan mühafizə cavabdehin icazəsi olmadan ora sakinləri buraxmır. Zirzəminin qapısı bağlı olur, açar isə mühafizədə olur. Əlavə olaraq 2 dəfə su motoru xarab olmuş və cavabdeh təzəsini almışdır. Həmçinin hər il 1300 manat çənin yuyulmağına pul verir. Su çəninin yuyulmasına, su motorlarının təmizlənməsi xərclərini cavabdeh tərəf ödəməsinə baxmayaraq, İddiaçı MMC heç bir ödəniş etmədən və ödəniş etməkdən boyun qaçıraraq sudan istifadə edirlər. Qaraja sakinlərdən başqa heç kim buraxılmır, yalnız özləri işləri görür. Qarajlar üçün cavabdehə ayda 15 manat pul ödəyirlər. İddiaçının sayğacı mülkiyyətçinin adınadır, özü isə gəlmir. Xüsusi mülkiyyəti ilə aralarında müqavilə yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X1 və icarəçi İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1 saylı icarə müqaviləsindən görünür ki, icarəyəverən "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən adında olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 54A ünvanda yerləşən 14 mərtəbəli yaşayış binası kompeksinin 1-ci mərtəbəsindəki 510 kv.m olan qeyri-yaşayış sahəsini mağaza-anbar təyinatlı istifadə üçün icarəçinin icarəsinə verir. İcarəyəgötürən isə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılan hallarından görünür edilir ki, iddiaçı cavabdeh tərəfindən göstərilən qanunsuz maneələr nəticəsində iddiaçının sahibkarlıq fəaliyyəti pozulduğunu, hüquqi şəxs qismində işgüzar nüfuzuna ciddi zərər dəydiyini irəli sürərək İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətinə cavabdehin qanunsuz müdaxilələrinin qarşısının alınmasını xahiş etmiş, cavabdeh tərəf isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, iddiaç onun sahibkarlıq fəaliyyətinə cavabdeh tərəfindən qanunsuz müdaxilələrin törədildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız özünün mülahizələrinə əsaslanmış, həmçinin məhkəmə araşdırması zamanı da bu hal müəyyən edilməmişdir. Göründüyü kimi, qanunvericilik iddianın sübut edilməsi vəzifəsini iddiaçının üzərinə qoyur. Bununla əlaqədar iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində göstərilmiş İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətinə cavabdeh tərəfindən qanunsuz müdaxilələrinin yaradılmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, istinad etdiyi halı sübut edə bilməmiş, cavabdeh tərəf də göstərilən halı inkar etmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı qanunsuz müdaxilənin qarşısının alınması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı qanunsuz müdaxilənin qarşısının alınması tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Mirnəsir Mirhəsənli