Məhkəmə qərarları › İş №e-2(012)-550/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-550/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-550/2025 13.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı əsassız varlanmaya görə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 876.19 manat məbləğində əsas borc, 100.58 manat məbləğində faiz borcu, cəmi 976.77 manat məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə müştəri Cavabdeh arasında xx.xx.2023-cü il tarixli birbank cashback debet kartına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Müştəri tərəfindən aparılan əməliyyatlara cashbacklər hesablanaraq Bank tərəfindən Müştərinin hesabına köçürülə bilər. Müştəri Umico saytı vasitəsilə məhsul alarkən həmin kartla ödənişlər edərək cashback əldə etmişdir. Lakin daha sonra həmin məhsulun alışından edərək istifadə etdiyi vəsaiti geri qaytarmışdır. Bu zaman həmin əməliyyat üzrə Bank tərəfindən hesablanmış cashbacklər də geri qaytarılmalı idi. Lakin texniki nasazlıq səbəbindən cavabdehin hesabına köçürülmüş cashbacklər geri qaytarılmamışdır. Cavabdeh bundan sui-istifadə edərək qeyd olunan əməliyyatı xx.xx.2023-cü il tarixində təkrarən ödəniş edərək (2) faktiki ödəniş etmədiyi və mal almadığı halda 928.02 manat cashback əldə etmişdir. Bu səbəbdən cavabdehin cashback hesabında mənfi balans yaradılmış, sonradan aparılmış ödənişlərə görə qazanılan məbləğlər həmin mənfi balansdan silinmişdir. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə əsassız varlanmışdır. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işin materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli birbank cashback debet kartına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Müştəri tərəfindən aparılan əməliyyatlara cashbacklər hesablanaraq Bank tərəfindən Müştərinin hesabına köçürülə bilər. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Umico Marketə 3159,70 manat dəyərində, xx.xx.2023-cü il tarixdə isə 13098,50 manat dəyərində məhsulu geri qaytarmışdır. Mülki işin materiallarında olan çıxarışdan görünür ki, 416973******6011 saylı kartla xx.xx.2023-cü il tarixdə 13098,50 manat və 3159 manat dəyərində kredit açılmış, bunun müqabilində 928,02 manat cashback hesablanaraq karta mədaxil edilmişdir. Həmçinin həmin tarixdə 928.02 manat debit alt hissəsi qeydi aparılmışdır. Həmin çıxarışdan görünür ki, müxtəlif vaxtlarda ümumilikdə 51,83 manat cashbakdan tutulmalar olmuşdur. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidi. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, həmin müqavilə üzrə ona verilmiş debet (kredit) kartındakı əməliyyatlar vasitəsilə bankın 928,02 manat (alınmış məhsula görə əldə edilmiş cashback) vəsaitini xərcləmiş lakin aldığı məhsulu geri qaytarsa da, həmin məhsulun əldə edilməsi üçün hesablanmış cashbacki geri qaytarmamışdır, yəni əsassız varlanmışdır. Həmçinin cavabdeh həmin pulu vaxtında qaytarmadığı üçün yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cashbakin və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əsassız varlanmaya görə Cavabdehdan 876,19 manat əsas, 100,58 manat faiz borcu olmaqla, cəmi 976,77 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 876,19 manat əsas, 100,58 manat faiz borcu olmaqla, cəmi 976,77 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar