Məhkəmə qərarları › İş №e-2(012)-570/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-570/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-570/2022 01.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 900 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Savalan yaşayış massivində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, cavabdeh tərəfindən idarə edilən "VAZ-21063" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Daewoo Nexia” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "VAZ-21063" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Sabunçu DYPŞ-nin xx.xx.2019-cu il tarixli, 043-27805 saylı YNH-nin təfərrüatları barədə arayışından, xx.xx.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin hadisənin törədilməsində cavabdeh İXM-nin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması) və 332.1-ci maddələri (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) ilə təqsirli bilinmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, zərərin məbləği olaraq 900 manat sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 bank hesabına ödənilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və dəymiş zərərin mütəxəssis tərəfindən tədqiq edilərək müəyyənləşdiriləcəyi məbləği ödəməyə hazır olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC-nin PXA 52345 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də 55000 manat dəyərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış Cavabdeh məxsus olan ** BD *** dövlət qeydiyyat nişanlı VAZ-21063 markalı nəqliyyat vasitəsi ilə X3 məxsus olan ** EP *** dövlət qeydiyyat nişanlı DAEWOO NEXİA markalı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı toqquşmuş və sonuncu avtomobilə 900 manat dəyərində ziyan dəymiş, sığorta ödənişinin məbləği avtomobilin təmiri üçün X1 hesabına köçürülmüşdür. - xx.xx.2019-cu il tarixli ********* saylı ödəniş tapşırığının surətindən görünür ki, X1 hesabına "xxxx" ASC tərəfindən sığorta ödənişinin məbləği olaraq 900 manat köçürülmüşdür. - xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, X3 məxsus olan ** EP *** dövlət qeydiyyat nişanlı DAEWOO NEXİA markalı avtomobilin ehtiyat hissələri üçün 405 manat, usta haqqı 495 manat olmaqla, 900 manat xərc qoyulmalıdır. - xx.xx.2019-cu il tarixli PXA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus olan ** BD *** dövlət qeydiyyat nişanlı VAZ- 21063 markalı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə sığorta haqqı 50 manat, Bonus-Malus əmsalı 0.70 olmaqla, yekun sığorta haqqı 35 manat olmaqla "xxxx" ASC-də 5000 manat dəyərində sığortalanmışdır. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 15:30 radələrində Bakı-Savalan yaşayış massivində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh tərəfindən idarə edilən "VAZ-21063" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Daewoo Nexia” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncunun avtomobilinə ziyan dəymişdir. - İnzibati Xəta haqqında xx.xx.2019-cu il tarixli İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh idarə etdiyi "VAZ-21063" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrinin tələblərini pozmuşdur. - İnzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrinin tələblərini pozduğuna görə 40 manat məbləğində cərimələnmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/943 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı “Daewoo Nexia” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 700 manat müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin qiyməti: 355 manat, təmir-bərpa işlərinin qiyməti isə 345 manat təşkil edir. - Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Savalan yaşayış massivində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə edilən "VAZ- 21063" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Daewoo Nexia” markalı, **- EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncunun avtomobilinə ziyan dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrinin tələblərini pozmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ziyan dəymiş, həmin ziyana görə 900 manat məbləğində pul xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən ödənilmiş, bununla da sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi məbləğinin avtomobili idarə etmiş şəxsdən, yəni cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq 900 manat pulun cavabdehdən tutulmasını tələb edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində dəymiş ziyanın məbləği 700 manat dəyərində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq ekspert rəyi ilə müəyyən edilmiş 700 manat pul vəsaitinin cavabdehdən tutulmasını daha ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi Cavabdeh, 30 manat hissəsi "xxxx" ASC-dən dövlət nəfinə tutulmalıdır. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 700 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi Cavabdeh, 30 manat hissəsi "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar