Məhkəmə qərarları › İş №e-2(012)-580/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-580/2025

27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-580/2025 27.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehin zidd əməlləri nəticəsində iddiaçıya dəymiş zərər 6400 manat və vurulmuş maddi ziyan 768 manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 325 manat, dövlət rüsumuna görə ödənilmiş 96 manat olmaqla ümumilikdə 7589 (6400+768+325+96)manat pulun Cavabdeh alınaraq ona ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-36/2024 saylı, 09 aprel 2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Hökmlə ona dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etmədiyindən ona dəymiş maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun etibarından sui-istifadə edərək qaynı oğlu, qardaşı oğlu və bir qonşunu işə düzəldəcəyini vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı vasitəsilə sonuncunun qohumları olan X2 və X7 övladlarını “SOCAR” şirkətinə işə düzəldəcəyi ilə bağlı yalan vədlər verib inandıraraq, bu adla 04 oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri Səbail rayonu Bayıl qəsəbəsi, Bibiheybət yolu 20-ci Sahə dairəsində yerləşən “Dostluq” kafesində onun vasitəsilə zərərçəkmiş şəxslər Zahid Həsənova məxsus 2000 manat və Kəmalə Mehdiyevaya məxsus 2000 manat, ümumilikdə 4000 manat məbləğdə pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxslərin hər birinə 2000 manat məbləğlərdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı-onun vasitəsilə X3 övladını “SOCAR” şirkətinə işə düzəldəcəyi ilə bağlı yalan vədlər verib inandıraraq, bu adla 30 oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri Səbail rayonu Bayıl qəsəbəsi, Bibiheybət yolu 20-ci Sahə dairəsində yerləşən “Dostluq” kafesində İddiaçı vasitəsilə Xanım Məmmədovaya məxsus 2400 manat məbləğdə pul alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxs Xanım Məmmədovaya 2400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ümumilikdə 6400 manat məbləğdə pulu alıb ələ keçirmişdir. Məhkəmənin hökmü ilə cavabdehin təqsiri sübuta yetirilərək barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd edir ki, Cavabdeh əməllərindən zərərçəkən kimi şikayət etsə də, iş üzrə şahid kimi tanınmışdır. Buna baxmayaraq zərərçəkənlərə dəyən ziyan tərəfimdən ödənilsə də, Cavabdeh tərəfindən ona ödənilməmişdir. Məhz onun tərəfindən zərərçəkənlər ziyan ödənildiyi üçün məhkəmə Cavabdeh barəsində yüngül cəza təyin etmişdir. Məhkəmə ziyanın Cavabdeh tərəfindən ona ödəniləcəyini bildirmişdir. Səbail rayon məhkəməsinin № 1(009)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minən hökmündən də görünür ki, tərəfindən Cavabdeh qaynı oğlu, qardaşı oğlu və bir qonşunun işə düzəlməsi üçün ümumilikdə 6400 manat pul vermişdir. Daha sonra Cavabdeh onları işə düzəltmədiyini bilmiş, bundan sonra həmin şəxslərin pullarını öz hesabına qaytarmışdır. Lakin Cavabdeh onun özünə olan maddi ziyanı ödəməmişdir. Dəymiş ziyan ödənilmədiyindən məhkəmədən bu barədə müvafiq tədbirin görülməsini xahiş etmişdir. Səbail rayon məhkəməsinin № 1(009)- 36/2024 saylı xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minən hökmündən də görünür ki, zərərçəkmiş şəxs X1 məhkəmədə elan olunan ifadəsində qeyd olunmuşdur ki, hal-hazırda İddiaçı tərəfindən dəymiş ziyan ödənildiyi üçün heç bir şikayəti yoxdur. (Hökm 3-cü vərəq ifadənin son cümləsi) Eyni məzmunlu ifadə digər zərərçəkənlərində ifadalərində də yer almışdır. Zərərçəkmiş şəxs X3 məhkəmədə elan olunan ifadəsində qeyd olunmuşdur ki, hadisə nəticəsində ona 2400 manat məbləğdə maddi ziyan dəymişdir. Hal-hazırda İddiaçı tərəfindən dəymiş ziyan ödənildiyi üçün heç bir şikayəti yoxdur (Hökm 3-cü vərəq ifadənin son cümləsi) Zərərçəkmiş şəxs X6 məhkəmədə elan olunan ifadəsində qeyd olunmuşdur ki, hal-hazırda İddiaçı tərəfindən dəymiş ziyan ödənildiyi üçün heç bir şikayəti yoxdur. (Hökm 4-cü vərəq ifadənin son cümləsi) Bundan başqa, qanuni qüvvəyə minmiş hökmdən bəlli olur ki, iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərin teleqram yazılarından görünür ki, İddiaçı tərəfindən onlara dəymiş ziyan ödənilmişdir və şikayətləri yoxdur. (Hökm 5-cü vərəq 9-cu abzas) Bundan əlavə, hökmdən müəyyən olunur ki, Cavabdeh İddiaçı vasitəsilə zərərçəkmiş şəxslər X2, X8 və X4 ümumilikdə 6400 manat pul alaraq dələduzluq etmişdir. Zərərçəkmiş şəxslərə dəyən maddi ziyan İddiaçı tərəfindən tamamilə ödənmişdir və şikayətləri yoxdur. (Hökm 5-cü vərəq 12-cu abzas) Həmin məbləğlər kredit götürülərək ödənilmişdir. Kreditin götülümə tarixi xx.xx.2022-ci il həmin pulları ödənilmə tarixi üst-üstə düşür. Belə ki, UNİBANK ASC-nin 15 saylı filialından 15192nkSTB2b/22 saylı kredit müqaviləsi ilə 2750 manat krediti götürmüşdür. Bunundan 150 manatı komissiya haqqı olaraq tutulmuşdur. 18 aylıq ödəniş etməklə ümumilikdə 3368,07 manat kredit qaytarmışdır. Ona kreditə görə, 618+150 olmaqla 768 manat əlavə ziyan dəymişdir. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı onun vəkili və nümayəndəsi iddiaçının izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, həqiqətəndə işə düzəltmək üçün iddiaçıdan 6400 manat məbləğində pul almışdır. Lakin o da aldadılmışdır. Bu məsələdə günahkar o olmadığından həmin məbləği iddiaçıya qaytarmayacaqdır. Bundan başqa onun bu məbləği qaytarmağa maddi imkanı da yoxdur. Məhkəmədə şahid qismində ifadəsi alınmış X10 ifadəsində bildirmişdir ki, İddiaçı onun atasının qohumudur. Belə ki, atası Həsənov Zahid Cavabdeh adlı şəxsin işə düzəlməsi üçün İddiaçı pul vermişdir. Onlar pulu və sənədləri göndərdikdən sonra Cavabdeh onlara 45 gün ərzində işə düzəldiləcəklərini bildirmişdir. Lakin 45 gün və aylar keçməsinə baxmayaraq atası işə düzəldilməmişdir. Onlar Cavabdeh zəng etsələr də, telefonuna zəng çatmamışdır. Bu hadisədən sonra İddiaçı özü onların pulunu qaytarmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahidin ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-36/2024 saylı, 09 aprel 2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 5000 (beş min) manat miqdarında cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Cavabdeh 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək, 06 noyabr 2023-cü il tarixdən 09 aprel 2024-cü il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin edilmiş cərimə məbləğinin yüngülləşdirilməsi və üzərində qəti olaraq 4000 (dörd min) manat miqdarında cərimə cəzasının saxlanılması hökm edilmişdir. Hökmdə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zeynal Ağalarov adlı şəxslə “Green city” yaşayış kompleksində işləyərkən tanış olub. Həmin şəxs onun tanıdığı şəxslər olsa, işə düzəldə biləcəyini deyib. Bundan 2-3 ay sonra Zeynal Ağalarov işçi axtardığını, Cavabdeh kömək məqsədi ilə bu barədə elan verməsini xahiş edib. O elanı “Whatsapp” sosial şəbəkəsi vasitəsilə paylaşdıqdan sonra Rusif adlı şəxs ona yazaraq bir tanışının öz qaynı oğlunu işə düzəltmək istədiyini deyib. O da lazımlı sənədləri Rusifin tanışı olan İddiaçı alaraq Zeynal Ağalarova təqdim edib. Daha sonra Zeynal Ağalarov adlı şəxsə əvvəlcə 2500 manat, sonra isə 2200 manat razılaşdırılaraq verilib. Ümumilikdə 9 nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onlardan 6-nın pulunu ödəyib, qalan 3 nəfərlə də pulu ilin sonuna qədər ödəyəcəyi barədə razılaşıb. Lakin sonradan bu barədə ondan şikayət edilib. Həmin 3 nəfərə ümumilikdə 6400 manat borcunun olduğunu bildirmişdir. Dövlət orqanları tərəfindən ona X5 Respublikasında həbsdə olduğu barədə məlumat verilib və bu səbəbdən onların pulunu geri ala bilmir. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Tovuz rayonu, Əlibəyli Ə/D, Əlibəyli kəndi, Cavabdeh isə ünvan 1i ünvanında qeydiyyatdadır. -İş materiallarına əlavə edilmiş 202433-bfd176b6-3aa1-4579-9c9b-3ed154a78234 saylı qəbzdən görünür ki, İddiaçı hüquqi yardım üçün Vəkil (“De Fondo” vəkil bürosuna) 325 manat ödəniş etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı iddiasına görə Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə işə düzəldəcəyi üçün onu və digər şəxsləri aldadaraq pullarını ələ keçirmişdir. İddia ərizəsində göstərilənlərə əsasən, iddiaçı hətta onun cavabdehlə tanış etdiyi qohumlarının pullarını da cavabdehin əvəzinə qaytarmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin zidd əməlləri nəticəsində iddiaçıya dəymiş zərər 6400 manat və vurulmuş maddi ziyan 768 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. -68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: -65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. -180.2.-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Mülki iş materiallarından məlum olur ki, Cavabdeh tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə işə düzəldilməsinə köməklik göstərməsi üçün İddiaçını aldadaraq iddiaçının 6400 manat pulun ələ keçirmişdir. Bu hal Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-36/2024 saylı, 09 aprel 2024-cü il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə işə düzəlməsində köməklik göstərməsi üçün iddiaçını aldadaraq 6400 manat pulunu ələ keçirməklə, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh təqsiri Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)- 36/2024 saylı, 09 aprel 2024-cü il tarixli hökmü ilə sübuta yetirilmiş, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 5000 (beş min) manat miqdarında cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Cavabdeh 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək, 06 noyabr 2023-cü il tarixdən 09 aprel 2024-cü il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin edilmiş cərimə məbləğinin yüngülləşdirilməsi və üzərində qəti olaraq 4000 (dörd min) manat miqdarında cərimə cəzasının saxlanılması hökm edilmişdir. Cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadələrində tamah niyyəti ilə onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə ondan ümumilikdə 6400 manat məbləğində pul götürdüyünü etiraf etmişdir. Eyni zamanda məhkəmə iclasında Cavabdeh İddiaçı 6400 manat borcu olduğunu etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində vurulmuş maddi ziyan olaraq 768 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, həmin maddi ziyanın nədən ibarət olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin; 121.1. maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 122.1. maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 122.2. maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. 122.3. maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. İddiaçının hazırki işlə əlaqədar hüquqi yardıma görə vəkilə 345 manat məbləğində pul ödəməsi iş materialları ilə öz əksini tapdığından, məhkəmə hesab edir ki, 345 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6400 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6400 (altı min dörd yüz) manat, hüquqi yardıma görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumuna görə 96 (doxsan altı) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar