Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-584/2023 16.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli ABB YM-0113 saylı “Mənzilin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki 21 saylı küçədə inşa edilmiş 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 49.7 kv.m olan, 1 otaqlı 7 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumuna görə 103.6 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM-0113 saylı “Mənzilin alqı-satqı müqaviləsi”nə əsasən, cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivində 21 saylı küçədə inşa edilmiş 5 saylı yaşayış binası, mərtəbə 1, ümumi sahəsi 49.7 kv.m olan, 1 otaqdan ibarət, ümumi dəyəri 42245 manat olan 7 saylı mənzilə hər bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə cavabdehə satılmışdır. Müqavilənin 2.1.1-ci bəndinə görə, alıcıdan müqavilə öhdəliklərini, o cümlədən, "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən, yaranmış aylıq annuitet ödəniş və digər öhdəliklər daxil bütün vəzifələri vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək cəmiyyətin hüququdur. Belə ki, müqavilənin 2.1 və 2.2-ci bəndlərinə müvafiq olaraq, cavabdeh-alıcı Cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə mənzilin dəyərini ödəməmiş, müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı müqavilənin 4.3cü bəndində qeyd olunan hüquqlarından istifadə edərək müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. "xxxx" QSC BOKT-un ("xxxx" ASC tərəfindən tələb hüququ güzəşt edilmiş) İdarə Heyətinin qərarına əsasən, borcalan Cavabdeh kredit borclarını cəmiyyət üzərinə götürdüyünə görə maliyyələşdirilmiş alqı-satqı predmeti olan mənzilə görə bütün tələb hüququ da cəmiyyətə ötürülmüşdür. Hazırda, cavabdehin müqavilə üzrə ödənilməmiş borcu 42504.74 manat təşkil edir. Mülki Məcəllənin 385.1, 386.1, 421.3, 424.5, 442.1, 447.1, 448.1, 448.2, 464.1, 462.1-ci maddələrinin tələbləri, xüsusilə, müqavilə müddəaları müqavilə üzrə 7 saylı mənzilin cavabdeh tərəfindən boşaldılaraq cəmiyyətə təhvil verilməsinə; hesablanmış cərimə borcunun və digər xərclərin iddiaçının xeyrinə tutulmasına əsas verir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh bağladığı müqavilə üzrə 42504.74 manat borcu qalmışdır. Daşınmaz əmlakın ümumi qiyməti isə 42245 manat təşkil edir. Cavabdeh mənzili "xxxx" ASC-dən kreditləşmə qaydasında almışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə hüquqlar "xxxx" QSC BOKT-a ötürülmüş, cavabdeh öhdəliklərini icra etmədiyindən öhdəliklər üzrə tələb hüququ "xxxx" MMC-yə ötürülmüşdür. Mənzilin ödənilməmiş məbləği və faiz borcu qeyd olunan sənəddə öz əksini tapmışdır. Məktuba əsasən, borc məbləği MMC tərəfindən ödənilmiş, lakin bu barədə sənəd yoxdur. Belə ki, "xxxx" QSC BOKT ilə iddiaçı arasında "xxxx" müqavilə vardır, həmin müqavilə üzrə tələb hüququ MMC-yə keçmiş, müştərinin adından borc silinir, bununla da, MMC sərbəst formada əmlakı satıb realizə edərək öhdəliyi tələb etmək hüququ yaranmışdır. Tələb hüququnun ötürülməsi məktubda qeyd olunmuşdur. Borcun silinməsi ilə bağlı hazırda, onda sənəd yoxdur, lakin dəqiqləşdirib təqdim edə bilər. İddiaçının 29000000 manatlıq partnerləri var, müştəri ödəmirsə, iddiaçı zamin olduğu üçün tələb hüququ MMC-yə keçir və MMC həmin hüquqdan istifadə edə də bilər, etməyə də bilər. Lakin hazırki iddia tələbi mənzil tələbidir. Mənzilin dəyəri 42245 manat, ümumi borc isə 42500 manat təşkil etdiyi halda cavabdeh mənzildən sözün həqiqi mənasında faydalanır. O, cavabdeh və üçüncü şəxslə telefon əlaqəsi saxlamış və tərəflər müqavilə üzrə ödəniş etməmişdir. Nəticədə, "xxxx" QSC BOKT müqavilə üzrə mənzilə tələbi yönəldə bilmir, bu səbəbdən də, iddiaçı tələb etmək hüququ olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Üçüncü şəxs cavabdehin həyat yoldaşıdır və o da həmin mənzildə yaşayır. X1 üçüncü şəxs qismində qoyulmasının səbəbi sonradan onun məlumatının olmaması ilə bağlı pretenziya irəli sürməsinin qarşısını almaqdır. Məhkəmə qətnaməsi ilə sırf cavabdehin çıxarılması qət edilmiş olsa belə, üçüncü şəxsin çıxarılması məsələsi nəzərə alınacaqdır. Mənzil cavabdeh tərəfindən bir müddət kirayə verilmişdir. Üçüncü şəxsin cavabdeh qismində qoyulmamasının başlıca səbəbi isə onun Xaçmaz şəhərində yaşamasıdır. Cavabdeh və üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -Satıcı »AAAF-İnşaat» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM-0113 saylı “mənzilin alqı-satqısı haqqında” müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivi 21 saylı küçədə inşa edilən 5 saylı binanın 1-ci mərtəbə, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda, divarın çöl hissəsindən hesablanmaqla) 49.7 kv.m olan 1 otaqlı 7 saylı mənzili alıcıya verməyi, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada mənzilin dəyərini ödəməyi və nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, MMC-nin alıcıdan müqavilə öhdəliklərini, o cümlədən, "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən, yaranmış aylıq annuitet ödəniş və digər öhdəliklər daxil olan bütün vəzifələri vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Müqavilənin 2.4.4-cü bəndinə əsasən, alıcı tərəfindən alıcı və bank arasında imzalanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda alıcı müqavilənin predmeti olan mənzili "xxxx" ASC-nin müvafiq müraciəti əsasında boşaltmalıdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 850 manat olmaqla müqavilənin qiyməti cəmi 42245 manat müəyyən edilmişdir, müqavilə qiymətinin 4225 manat məbləği alıcının şəxsi vəsaiti hesabına, qalan 38020 manat isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilməlidir. -"xxxx" QSC BOKT tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3-5/2631 saylı arayışdan görünür ki, ipoteka kreditləri hesabına »AAAF-İnşaat» MMC-dən alınmış mənzillərdən imtina etmiş 43 fiziki şəxslə cəmiyyət arasında imzalanmış kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilələrə əsasən, "xxxx" ASC-dən "xxxx" QSC-yə ötürülmüş problemli aktivlər üzrə həmin şəxslərin "xxxx" QSC-yə olan cəmi 2342081.26 manat (2078356.21 manat əsas borc, 263725.05 manat ABB faiz borcu) borc öhdəliklərinin cəmiyyətin "xxxx" QSC-yə olan borcunun üzərinə əlavə edilməsi, həmçinin, həmin mənzillər üzrə tələb hüququnun cəmiyyətə ötürülməsi məsələsinə "xxxx" QSC-də baxılmış və məqsədəuyğun hesab edilərək müvafiq qərar qəbul edilmişdir. -"xxxx" QSC BOKT tərəfindən borcların »AAAF-İnşaat» MMC-nin borcunun üzərinə ötürülməsinə razılıq verilmiş 43 fiziki şəxsin siyahısından görünür ki, Cavabdeh müqavilə üzrə cəmi 42504.74 manat borcu tələb hüququ üzrə »AAAF-İnşaat» MMC-yə ötürülmüşdür. -»AAAF-İnşaat» MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, MMC alıcıya müqavilə üzrə borc 7 gün müddətində ödənilmədiyi təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və mənzilin təkrar satışa çıxarılacağı barədə xəbərdarlıq etmişdir. -Çıxarışın surətindən görünür ki, "xxxx" MMC - adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, qanuni təmsilçi X3 olmasına dair xx.xx.2022-ci il tarixli, **********831210 nömrə ilə çıxarış verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2015-ci il tarixli “ABB YM- 0113” saylı mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivi 21 saylı küçədə inşa edilən 5 saylı binanın 1-ci mərtəbə, ümumi sahəsi 49.7 kv.m olan 1 otaqlı 7 saylı mənzili "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi ilə aylıq annuitet ödənişlər hesabına almışdır. Sözügedən mənzilin 1 kv.m sahəsi 850 manat müəyyən edilmiş, iddiaçı ümumi dəyəri 42245 manat təşkil edən mənzilin dəyərinin 4225 manat hissəsini öz şəxsi vəsaiti hesabına, qalıq qalan 38020 manat pul vəsaitini isə bankla bağladığı kredit vəsaiti hesabına almışdır. Göründüyü kimi, mənzilin dəyərini təşkil edən pul vəsaitinin çox hissəsi bankdan götürülmüş kredit vəsaiti hesabına təmin edilmiş, bununla da, cavabdehin dolayısı ilə bank qarşısında kredit öhdəlikləri yaranmışdır. Mülki iş materiallarından və iddiaçının nümayəndəsinin izahatından göründüyü kimi, borclunun bank qarşısında kredit öhdəliyi üzrə tələb hüququ "xxxx" QSC BOKT-a ötürülmüş və "xxxx" QSC tərəfindən isə öz növbəsində, həmin öhdəliklərin hazırki iş üzrə iddiaçıya ötürülməsi məqsədəmüvafiq hesab edilmişdir. Hazırda, "xxxx" MMC ona ötürülmüş tələb hüququ üzrə cavabdeh ilə bağladığı müqavilənin ləğv edilərək mənzilin boşaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin: 14.2.1. maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 389.1. maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarına əsasən, tərəflər arasında xx.xx.2015-ci il tarixli ABB YM- 0113 saylı mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Müqavilə iki tərəfin azad iradə ifadəsini əks etdirdiyi şərtlərə uyğun bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq hər bir tərəf öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, iddiaçı "xxxx" MMC müqavilə şərtləri əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, yəni, mənzili təhvil versə də Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə, müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş 42504.74 manat borcu yaranmışdır. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsində məhkəmə qeyd edir ki, tələb müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğundur, cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən xx.xx.2015-ci il tarixli ABB YM-0113 saylı mənzilin alqı-satqısı müqaviləsi vaxtından əvvəl ləğv edilməlidir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında iddiaçının bankla bağladığı kredit müqaviləsinə əsasən, götürdüyü kredit vəsaiti hesabına mənzil alması müəyyən edilmiş, həmin mənzil üzrə ödənişləri isə tələb hüququ ötürülmüş hazırki iş üzrə iddiaçı "xxxx" MMC-yə ödəmədiyi öz təsdiqini tapmışdır. Başqa sözlə, müqavilə üzrə ödənişlərini 90 gün müddətində ödəmədikdə mənzili tələbkarın müraciəti ilə boşaltmağı öz üzərinə götürmüş cavabdehin öhdəliyini icra etməməsi öz təsdiqini tapdığından iddiaçı haqlı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM-0113 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilməli, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivi 21 saylı küçədə inşa edilən 5 saylı binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 49.7 kv.m olan 1 otaqlı 7 saylı mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməli, ödənilmiş dövlət rüsumuna görə 103.6 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, alqı-satqı müqaviləsi ləğv edildiyindən və mənzil satıcıya təhvil verildiyindən mənzilin dəyərinə görə cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair cavabdehin banka qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunur. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM- 0113 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilsin. Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF- Park” yaşayış massivi 21 saylı küçədə inşa edilən 5 saylı binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 49.7 kv.m olan 1 otaqlı 7 saylı mənzil Cavabdeh tərəfindən boşaldılmaqla mənzil iddiaçı "xxxx" MMC-yə təhvil verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 103.6 (yüz üç manat altmış qəpik) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-584/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-584/2023
16.02.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver