Məhkəmə qərarları › İş №e-2(012)-692/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-692/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-692/2023 05.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Opel” markalı, **-TZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5000 manat və X1 dəymiş yüngül dərəcəli bədən xəsarətlərinə görə 750 manat olmaqla, ümumilikdə, cəmi 5750 manat və 77.90 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfdən idarə olunan “Vaz-2103” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Opel” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermiş, baş vermiş hadisədə sonuncu avtomobilə maddi ziyan və X1 yüngül dərəcəli bədən xəsarətləri yetirilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində, dəymiş zərəri aradan qaldıraraq “Opel” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5000 manat və X1 dəymiş yüngül dərəcəli bədən xəsarətlərinə görə 750 manat olmaqla, ümumilikdə, 5750 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadığına görə (sürücülük vəsiqəsinin müddəti bitmişdir) həmin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş ekspert rəyi ilə tanış olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun sürücülük vəsiqəsinin müddəti bitmiş, sərnişinin sağlamlığına ziyan dəymişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı bütün məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AA № 670585 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəd xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək verilmişdir. -xx.xx.2017-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də PAT********** saylı sığorta müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış, xx.xx.2017-ci il tarixdə ünvan 1i ünvanında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişin X8 yüngül dərəcəli xəsarətlərin yetirilməsi nəticəsində 750 manat sığorta ödənişi X2 yolu ilə ödənilmişdir. -xx.xx.2017-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də PAT********** saylı sığorta müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış, xx.xx.2017-ci il tarixdə ünvan 1i ünvanında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Famil Məmmədovun mülkiyyətində olan “Opel” markalı, **- TZ-*** qeydiyyat nişanlı avtomobilə 5000 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 5000 manat X3 yolu ilə ödənilmişdir. -Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş X6 və X5 yol nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı əsasında toplanmış HK-1/468 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Cavabdeh barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Qərardan daha sonra görünür ki, araşdırma zamanı izahatı alınmış X12 göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə, saat 21 radələrində həyat yoldaşı X10 idarə etdiyi “Opel Astra” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomaşınla Binəqədi rayonu, Novxanı-Goradil yolu ilə Novxanı qəsəbəsi istiqamətində hərəkət edən zaman qarşıdan gələn “Vaz-2103” markalı avtomaşın onların yoluna çıxmış, avtomaşınlar toqquşmuş, nəticədə, alın nahiyəsindən xəsarət aldığı üçün hadisə yerinə gələn təcili yardım avtomaşını ilə tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmışdır. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Binəqədi DYPİ bildirir ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Goradil yolu ünvanında saat 21:00-da toqquşma növündə yol nəqliyyat hadisəsi baş vermiş, X4 mülkiyyətində olan, hadisə baş verən anda Cavabdeh tərəfindən idarə olunmuş “Vaz- 2103” minik markalı, ** EX *** qeydiyyat nişanlı avtomobil X11 mülkiyyətində olan, hadisə baş verən anda X16 tərəfindən idarə olunmuş “Opel” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilin qabaq hissəsinə ziyan dəymiş, sərnişin X1 isə yüngül dərəcəli xəsarət yetirilmişdir. -Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 924 saylı “sağlamlığa zərər vurmanın təyini” haqqında ekspert rəyindən görünür ki, N.İ.Babayevanın bədən səthində aşkar olunmuş xəsarətlər-sol gözün ağlı qişasının qansızması ilə müşayət olunan sol alt göz qapağı və gözaltı nahiyənin qançırı, alın nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən, onun ilk tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına RKX-na müraciət etdiyi xx.xx.2017-ci il tarixdə əmələ gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 2. N.İ.Babayevanın bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, xx.xx.2017-ci il tarixdə onun sərnişini olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilər. -2017-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “Vaz-2103” minik markalı, **-EX-*** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi- Novxanı Goradil yolu ərazisində Cavabdeh tərəfindən idarə olunan zaman sürücünün sürücülük vəsiqəsinin müddəti bitdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 332.4-cü maddəsinə əsasən təqsirli bilinmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qüsur aktından görünür ki, “Opel” markalı, **-TZ-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 5000 manat hesablanmışdır. -Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(001)-2218/2017 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. -"xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh sığorta ödənişi məbləğinin 10 gün müddətinə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, "xxxx" ASC - adlı quruma VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair xx.xx.2017-ci il tarixli, **********103900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X15 xx.xx.2007-ci il tarixli Fərmanına əsasən, «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əliyev X13 rayonu, Xırdalan şəhəri, H.Arif küçəsi, dalan 3, 26 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/869 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, 2006-cı il buraxılışlı “Opel Astra” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən, 4725 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmış, X4 mülkiyyətində olan, hadisə baş verən anda Cavabdeh tərəfindən idarə edilmiş “Vaz-2103” minik markalı, **-EX-*** qeydiyyat nişanlı avtomobili ilə etibarnamə əsasında X16 tərəfindən idarə olunmuş “Opel” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə, sonuncu avtomobilə 5000 manat zərər, avtomobilin sərnişini X1 isə yüngül dərəcəli xəsarətlərin yetirilməsi ilə nəticələnən 750 manat dəyərində ziyan dəymişdir. İddiaçı "xxxx" ASC qeyd olunan sığorta ödənişlərinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 332.4. maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Mülki iş materiallarına əlavə olunmuş 2017-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, cavabdehin sürücülük hüququ olmadan, yəni, sürücülük vəsiqəsinin müddəti bitməklə nəqliyyat vasitəsini idarə etməsi ilə yol hərəkət qaydalarını pozması nəticəsində “Opel” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 332.4-cü maddələrinin tələblərinə əsasən, təqsirli bilinmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(001)-2218/2017 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/869 saylı rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində “Opel” markalı, **-TZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 5000 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. Belə ki, iddiaçı tərəfindən hesablanmış 5000 manat dəymiş zərər məbləği tələb edildiyi halda, ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 4725 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə uyğun olaraq hesablanmış 4725 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə iddiaçının iddia tələbinin sağlamlığa vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin cavabdehdən subroqasiya qaydasında tutulması tələbinə dair hissəyə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir: “İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu”nun: 50.1.-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 53.1.-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. 56.1.-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Mülki iş materiallarından göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkən-sərnişin X8 ödəniş tapşırığına əsasən, kompensasiya ödənişinə görə cəmi 750 manat pul vəsaiti köçürülmüş və həmin pul vəsaitinin Cavabdeh subroqasiya qaydasında tutulmasına dair iddiaçının hüququ yaranmışdır. “İcbari sığortalar haqqında Qanun”un: 14.1. maddəsinə əsasən, fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması. 14.2. maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması: 14.2.5. yüngül xəsarət alması - 15 faiz. Mülki iş materiallarında olan ödəniş tapşırığından göründüyü kimi, 5000 manat kompensasiya məbləği zərərçəkənin ailə üzvünə iddiaçı tərəfindən ödənildiyi üçün məsuliyyət daşıyan cavabdeh qarşısında tam həcmdə tələb etmək hüququ yaranmış iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, mülki iş materiallarına əlavə olunmuş “sağlamlığa zərər vurmanın təyini” haqqında ekspert rəyinə əsasən, zərərçəkən X1 yüngül xəsarət yetirilməsi təsdiq olunmuşdur ki, sağlamlığa yüngül xəsarət yetirilməsinə görə sığorta ödənişinin 15 faizi məbləğində ödəniş edilir. Bu səbəbdən də, iddiaçı sağlamlığa yüngül xəsarət yetirilməsinə görə 5000 manat sığorta ödənişinin 15 faizi miqdarında, yəni, 750 manat (5000 x 15/100=750) sığorta ödənişini ödəməklə həmin pul vəsaitinin subroqasiya qaydasında cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 4725 manat, sağlamlığa dəymiş zərərə görə isə 750 manat sığorta ödənişi olmaqla, ümumilikdə, cəmi 5475 manat pul vəsaiti Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 77.9 manat dövlət rüsumunun 74 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, qalan 3.9 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməli, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul vəsaitinin 47 manat hissəsi cavabdehdən, qalan 3 manat hissəsi isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş zərərə görə 4725 (dörd min yeddi yüz iyirmi beş) manat, sağlamlığa dəymiş zərərə görə 750 (yeddi yüz əlli) manat sığorta ödənişi və dövlət rüsumuna görə 74 (yetmiş dörd) manat olmaqla, ümumilikdə, cəmi 5549 (beş min beş yüz qırx doqquz) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitindən 47 (qırx yeddi) manat pul vəsaiti Cavabdeh, 3 (üç) manat pul vəsaiti isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar