Məhkəmə qərarları › İş №e-2(012)-693/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-693/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-693/2023 18.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 569/REST saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 cəmi 13637,51 manat borcun (əsas borc 13257,62 manat, faiz borcu 379,89 manat), bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 131 manat dövlət rüsumunun, ümumilikdə 13813,51 manat pulun tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0,0185 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracda satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 13783,51 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh2 arasında 24 sentyabr 2019-cu il tarixli, 569/REST saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 ay müddətinə, illik 1 % olmaqla 15000 manat məbləğində kredit verilmişdir. 24 sentyabr 2019-cu il tarixli, 569/REST saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli, 569/REST saylı sonrakı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0,0185 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir (Yüklü edilən əmlakın reyestr nömrəsi **********52-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il). Lakin 569/REST saylı kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilməmişdir. Belə ki, 569/REST saylı, 12 sentyabr 2022–ci il tarixli arayışa əsasən, Cavabdeh2 İddiaçı ASC-yə cəmi borcu 13637,51 manat (əsas borc 13257,62 manat, faiz borcu 379,89 manat) manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən xx.xx.2019-cu il tarixli, 569/REST saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 cəmi borc 13289,03 manat (əsas borc 13229,32 manat, faiz borcu 59,71 manat), bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun, ekspertiza aparılması üçün ödənilmiş 400 manat məbləğində pulun və məhkəməyə müraciət üçün ödənilmiş 131 manat dövlət rüsumunun, ümumilikdə 13865,03 manat pulun tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0,0185 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracda satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 13783,51 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən MPM-nin 53-cü maddəsinə istinadən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 569/REST saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 cəmi borcu 13289,03 manat (əsas borc 13229,32 manat, faiz borcu 59,71 manat), bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun, ekspertiza aparılması üçün ödənilmiş 400 manat məbləğində pulun və məhkəməyə müraciət üçün ödənilmiş 131 manat dövlət rüsumunun, ümumilikdə 13865,03 manatın tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0,0185 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 13865,03 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə borc məbləğini tamamilə qəbul etdiyini bildirdi. O qeyd etdi ki, borcun müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsinə zərurət yoxdur. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixdə imzalanmış 569/REST saylı kredit sazişindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 1 % hesablanması şərti ilə 60 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 569/REST saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, 24 sentyabr 2019-cu il tarixli, 569/REST saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dədə Qorqud küçəsi ünvanında 0,0185 ha torpaq sahəsi və üzərində yerləşən 3 otaqlı 42 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir (Yüklü edilən əmlakın reyestr nömrəsi **********52-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il). Həmin əmlak tərəflərin razılığı ilə 30000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-yə əsas borc 13257,62 manat, faiz borcu 379,89 manat olmaqla, cəmi 13637,51 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-yə əsas borc 13229,32 manat, faiz borcu 59,71 manat olmaqla, cəmi 13289,03 manat borcu vardır. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, YDQM 012- 011/2023 saylı hesabatından görünür ki, ünvan 1 ünvanında 0,0185 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 53240 manat, likvid dəyəri isə 38599 manat təşkil edir. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanan müqavilənin şərtlərini cavabdeh əhəmiyyətli dərəcədə pozduğundan, habelə iddiaçı müqavilənin ləğvini tələb etdiyindən, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ləğv edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, ondan bankın xeyrinə əsas borc 13229,32 manat, faiz borcu 59,71 manat olmaqla, cəmi 13289,03 manat pul vəsaiti tutulmalıdır. Bu nəticəyə gələrkən məhkəmə cavabdehin nümayəndəsinin borcu tam qəbul etməsini də nəzərə alır. Eyni zamanda məhkəmə iddianın tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən qiymətləndirmə ekspertizası təyin edilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli müvafiq mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın likvid dəyərinin 38599 manat olduğu göstərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,0185 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildiriş müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeyd olunan iş materiallarından da görünür ki, iddiaçı ipoteka predmeti olan evə tutma yönəldilməsi barədə ipoteka qoyana bildiriş vermiş və həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona görə də məhkəmə işin faktiki hallarından, ipoteka müqaviləsindən və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0,0185 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun qaytarılması tələbinin qanuni əsasları vardır və buna görə də həmin tələb də təmin olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 38599 manat müəyyən edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 ilə İddiaçı ASC arasında imzalanmış 24 sentyabr 2019-cu il tarixli, 569/REST saylı kredit müqaviləsi ləğv edilməli, əsas borc 13229,32 manat, faiz borcu 59,71 manat olmaqla, cəmi 13289,03 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 0,0185 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 38599 manat müəyyənləşdirilərək açıq hərracda satılmalı, satışdan əldə olunacaq məbləğ hesabına banka olan borcun ödənilməsi təmin edilməli, ipoteka predmetinə tutma yönəldikdən və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılmalı və əmlak boşaldılmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, cavabdehlə birlikdə yaşayanların mübahisəli əmlakdan çıxarılması hissəsində tələb konkret olmadığından onun təmin edilməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 131 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydyyatına alınmasına görə 45 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsinə 400 manat vəsait sərf edilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 131 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 400 manat pul Cavabdeh2 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı ASC arasında imzalanmış 24 sentyabr 2019-cu il tarixli, 569/REST saylı kredit müqaviləsi ləğv edilsin. Həmin kredit müqaviləsi üzrə əsas borc 13229,32 manat, faiz borcu 59,71 manat olmaqla, cəmi 13289,03 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0,0185 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 38599 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsi təmin edilsin. Əmlaka tutma yönəldikdən və o, açıq hərracda satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılsın və əmlak boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 131 manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat və məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 400 manat pul Cavabdeh2 alınaraq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar