Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-7007/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi və həmin nəqliyyat vasitəsindən istifadə zamanı tətbiq edilən cərimə tənbehlərinin cavabdehə aid edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «BMW 3231 MİNİK SEDAN» markalı, **-RR-*** dövlət nömrə nişanlı avtomobilin onunla Cavabdeh arasında paylarına mütənasib surətdə ½ nisbətdə naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracdan qiymətləndirilərək satılması və satışdan əldə edilən pulun onunla Cavabdeh arasında paylarına mütənasib surətdə ½ nisbətdə bölüşdürülməsi, həmin nəqliyyat vasitəsindən istifadə zamanı tətbiq edilən cərimə tənbehlərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-4095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə «BMW 3231 MİNİK SEDAN» markalı, **-RR-*** dövlət nömrə nişanlı avtomobil üzərində cavabdehin və onun hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Məhkəmə qətnaməsi 25 noyabr 2025-ci il tarixdə qanuni qüvvəyə minmiş, həmin gün də icraya yönəldilmişdir. Hələ cavabdeh ilə nikah pozulduqdan sonra «BMW 3231 MİNİK SEDAN» markalı, **-RR-*** dövlət nömrə nişanlı avtomobil cavabdehdədir. O, bu günə kimi həmin əmlakdakı payına mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququnu həyata keçirə bilmir. Cavabdeh ilə aralarında olan münaqişə səbəbindən o, avtomobildən istifadə edə bilmir. Onda olan məlumata görə cavabdehin onun mülkiyyətində olan nəqliyyat vasitəsindən istifadəsi zamanı yol hərəkəti qaydalarını pozması və digər inzibati xətalar törətməsi səbəbindən 2000 manatdan artıq məbləğdə cərimə tənbehləri tətbiq olunmuşdur. Cavabdeh ilə aralarındakı payın naturada ayrılması həmin nəqliyyat vasitəsinə tənasübsüz zərər vurmadan mümkün və məqsədəuyğun deyildir. Hesab edir ki, cavabdeh ilə paylı ümumi mülkiyyətində olan «BMW 3231 MİNİK SEDAN» markalı, **-RR-*** dövlət nömrə nişanlı avtomobil qiymətləndirilərək açıq hərracdan satılmalı və satışdan əldə edilən pul onunla cavabdeh arasında paylarına mütənasib surətdə ½ nisbətdə bölüşdürülməlidir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X1 məhkəməyə vəsatət göndərərək, iddia tələbini müdafiə etdiklərini, zəruri sübutların iddia ərizəsinə əlavə edildiyini bildirmiş, məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsi və məhkəmə baxışının təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi və həmin nəqliyyat vasitəsindən istifadə zamanı tətbiq edilən cərimə tənbehlərinin cavabdehə aid edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin hazırkı iş üzrə iddiaçı iddia ərizəsində Cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş AB0702946 nömrəli şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan təqdirdə Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 44.2.2-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələbinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 40, 44, 45, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi və həmin nəqliyyat vasitəsindən istifadə zamanı tətbiq edilən cərimə tənbehlərinin cavabdehə aid edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-7007/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-7007/2025
19.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver