Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-71/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının X1rşı «heyvandarlıq fəaliyyəti ilə məşğul olmanın qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında iri və xırdabuynuzlu heyvanların saxlanması məqsədilə cavabdehə heyvandarlıq fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və ölçüsü 0,0682 ha olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixində daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı qeyd olunan torpaq sahəsini 2012-ci ildə alqı-satqı yolu ilə əldə etmiş və həmin tarixdən fərdi yaşayış evinin tikintisinə başlamışdır. Tikinti işlərini yekunlaşdırdıqdan sonra iddiaçı 2014-cü ilin oktyabr ayından ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. İddiaçı mülkiyyətində olan ev iki mərtəbədən, 6 yaşayış otağından ibarət olmaqla ümumi sahəsi 255,5 kv.metrdir. Həmin evin tikintisinə və tam təmir olunmasına iddiaçı külli miqdarda vəsait xərcləmişdir. Qeyd olunan torpaq sahəsini aldıqdan sonra İddiaçı orada fərdi yaşayış evinin tikintisinə başlamamışdan əvvəl ona məxsus olan torpaq sahəsi ilə bitişik torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evində yaşayan Cavabdeh və onun oğlu X4 ilə tanış olmuş və həmin şəxslərlə mehriban qonşuluq münasibəti yaratmağa çalışmışdır. Belə ki, qonşu ilə iddiaçının sahəsini ümumi hasar ayırır. Həmin vaxt iddiaçının qonşusu Cavabdeh sahəsində yaşadığı fərdi yaşayış evinin yanında ölçüsü təxminən 6 kv.metr olan tövlə olmuş və həmin tövlədə 1 ədəd iribuynuzlu heyvan saxlanılmışdır. İddiaçı fərdi yaşayış evinin tikintisinə başlamamışdan əvvəl evin ön tərəfinin istiqamətinin və pəncərələrin yerlərinin müəyyən edilməsində qonşu kimi Cavabdehla məsləhətləşmiş və bu zaman qonşunun fərdi yaşayış evinin və həyətində olan kiçik tövlənin yerləşdiyi yeri də nəzərə almışdır. Cavabdeh özü də evin hazırki layihə əsasında tikilməsini iddiaçıya tövsiyə etmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı 2014-cü ilin oktyabr ayında evin tikintisini və təmirini bitirib ailəsi ilə bərabər oraya köçmüşdür. 2017-ci ilin son aylarında cavabdeh onlara məxsus torpaq sahəsinin aşağı hissəsində özlərinin yaşadıqları evin əks istiqamətində, iddiaçıya məxsus olan evin isə bir neçə metrliyində iki böyük tövlə inşa etmişdirlər. Dəfələrlə edilmiş etirazlara baxmayaraq cavabdeh öz qanunsuz hərəkətlərini dayandırmamışdırlar, həmin vaxtdan iddiaçı və ailə üzvləri mülkiyyətlərində olan evdə rahat yaşaya bilmirlər. İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı evin cəmi 5-6 metrliyində inşa edilmiş tövlələrdə müntəzəm olaraq ən azı 10-15 iribuynuzlu heyvan olur. Cavabdeh tərəfindən tikilmiş başqa bir tövlə İddiaçı məxsus fərdi yaşayış evi ilə cavabdehin evi arasında olan hasara bitişikdir və hazırda hasara bitişik tövlədə 8 ədəd mal-qara saxlanılır. Həmin tikililəri sahəsini və ölçüsünü nəzərə aldıqda ferma adlandırmaq daha doğru olar. Heyvanlar müntəzəm qaydada kəsilib satıldıqdan sonra hər həftənin cümə günləri “fermaya” yeni iribuynuzlu heyvanlar gətirilir. Ətrafda olan antisanitariya, səs-küy, iy-qoxu, xəstə inəklərin iniltisi və sair bu kimi neqativ halları ifadə etmək çox çətindir. Artıq uzun müddətdir ki, iddiaçı iki azyaşlı övladı, xəstə anası və həyat yoldaşı ilə birlikdə öz evlərinin nəinki həyətinə çıxıb istirahət edə bilmir, hətta yaşadıqları evin pəncərələrini belə aça bilmirlər. Evin içinə kimi girən dəhşətli üfunətin iyindən, ağcaqanad, milçək və bu kimi həşəratların əlindən evdə dayanmaq olmur. Dəfələrlə cavabdehə qanunsuz fəaliyyətlərinə son qoymaları, qəsəbənin heyvan saxlanması üçün deyil, insanların yaşaması üçün nəzərdə tutulduğu, qonşuluq hüquqlarına hörmət etmələri xahiş edilsə də heç bir nəticəsi olmamış, əksinə cavabdeh öz fəaliyyətlərini daha da genişləndirmiş, heyvanların sayını artırmışdır. Bununla əlaqədar Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş, uzun çəkən məhkəmə proseslərindən sonra Sumqayıt Apellyasiya Məhkəməsində qarşı tərəf ilə xx.xx.2021-ci ildə barışıq sazişi imzalanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1024/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki işə xitam verilmişdir. Daha sonra qərardad icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin qarşı tərəf barışıq sazişinin şərtlərinə əməl qoymamışdır. Həmçinin iddiaçının xəbəri olmadan Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur” kimi nəticəyə gələrək işə xitam verilmişdir. Halbuki cavabdeh əməllərinə davam etmişdir. İddiaçının mülkiyyətində olan evdə yaşamağın artıq qeyri-mümkün olduğunu nəzərə alaraq məcburən məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Cavabdehin qanunsuz hərəkətləri barədə dəfələrlə aidiyyəti orqanlara iddiaçının müraciətləri olmuşdur. Lakin görülən tədbirlər müvəqqəti xarakter daşımış, bir müddət sonra cavabdeh öz qanunsuz fəaliyyətlərinə davam etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının ilk növbədə mülkiyyət hüququ pozulmuşdur. Belə ki, cavabdehin hərəkətləri nəticəsində yaranmış dözülməz vəziyyət iddiaçının mülkiyyətində olan əmlakdan (fərdi yaşayış evindən) istifadə səlahiyyətini həyata keçirməyə mane olur. Burada dərhal qeyd etməyi zəruri hesab edir ki, hər iki torpaq sahəsinin, yəni həm iddiaçının, həm də cavabdehin mülkiyyətində olan torpaq sahələrinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsidir. Başqa sözlə torpaq sahələrinin xarakteristikası heyvandarlıqla məşğul olmaq, ferma və ya bu tipli tikililər inşa edilməsi üçün nəzərdə tutulmamışdır. Tərəflərindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə verilmiş sorğu əsasında müəyyən edilmişdir ki, iddiaçının və cavabdehin yaşadıqları Abşeron rayonu, Saray qəsəbəsi şəhərtipli qəsəbə olmaqla yaşayış məntəqəsi kateqoriyasına aiddir və qəsəbənin infrastrukturu, sosial-məişət obyektləri orada ferma təsərrüfatı ilə məşğul olmaq, çox sayda iri və ya xırdabuynuzlu heyvan saxlamaq üçün nəzərdə tutulmamışdır. Burada yenə zəruri olan bir məsələ qeyd edilməlidir ki, cavabdehin şəhərtipli qəsəbə ərazisində heyvandarlıqla məşğul olmaları qanunvericiliyə zidd olmaqla yanaşı, inşa edilən fermalar da qüvvədə olan tikinti norma və qaydalarına əsasən qanunsuz tikililərdir. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, cavabdehin hüquqazidd hərəkətləri, yəni iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaxınlığında ferma tipli tikililər inşa edərək orada çox sayda iribuynuzlu heyvan saxlamaqla yüksək səs-küyün, ağır və üfunətli iy-qoxunun, yenə həmin fəaliyyətin nəticəsində müxtəlif həşəratların iddiaçının və ailə üzvlərinin yaşadığı evə dolması nəticəsində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadəyə maneələr yaranmışdır. Buna görə də hesab edirlər ki, İddiaçı həmin maneələrin aradan qaldırılmasını, hüququnun pozulması anına kimi mövcud olan vəziyyətin bərpa edilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Qeyd edir ki, hazırkı iş üzrə mütəxəssis rəyi verilmişdir, iddiaçının qarşı tərəfə şəxsi qərəzliliyi yoxdur və tək istəyi qarşı tərəfin heyvandarlıqla bağlı işlərlə məşğul olmaması və təmiz havadır. Mütəxəssis rəyindən sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş həmin tövlə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin içində yerləşir. Qarşı tərəf iddia edir ki, heyvan saxlamaqla ondan məhdud miqdarda istifadə edirlər. Ancaq cavabdeh təqribən 8-9 baş heyvan saxlamaqla heyvandarlıqla məşğul olurlar. Onlarda cavabdehin həmin yerdə heyvan saxlamasını sübut edən disklər mövcuddur. Rəy verilərkən cavabdeh heyvanları Zirvə idman kompleksində saxlamış və daha sonra yenidən tövləyə gətirmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili Vəkil2 iddia tələbinə etirazında və izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər və hesab edirlər ki, mülki iş materiallarına əlavə edilmiş müvafiq rəy və arayışlardan göründüyü kimi hazırki iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı 24B ünvanında yaşayan vətəndaş Cavabdeh "heyvandarlıq fəaliyyəti ilə məşğul olmanın qadağan edilməsi" ilə bağlı ekoloji cəhətdən pozuntu hallarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə mütəxəssis rəyinin təqdim edilməsinə dair müraciətə əsasən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə tərəflərindən sözügedən ünvanda ekoloji monitorinq keçirilmiş, şikayətçi İddiaçı vəkili Vəkil1 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq monitorinqə dəvət olunsa da vəkil iştirak etməkdən imtina etmişdir. Keçirilən monitorinq zamanı qeyd olunan ünvanda vətəndaş Cavabdeh məxsus həyətyanı sahədə 3 baş iri buynuzlu heyvan saxlanıldığı müəyyən edilmişdir. Araşdırma zamanı ərazidə iy-qoxu müşahidə olunmamışdır. Bununla əlaqədar olaraq, ərazidə Ankat 64M3-03 səyyar cihazı vasitəsilə atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədilə analiz-ölçmə işləri aparılmış, nəticəyə əsasən dəm qazının miqdarının CO-1,6 mq/m³ (norma:5,0 mq/m³), ammonyak qazının miqdarının NH3 0,1 mg/m³ (norma:0,2 mq/m³) təşkil edərək ətraf mühit üçün yol verilən hədd norması daxilində olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbinin əsası kimi göstərdiyi nüans mütəxəssis rəyi ilə tam təkzib edilmişdir. Həmçinin iddiaçı tərəfin qeyd etdiyi və tərəflər arasında bağlanmış barışıq sazişinə cavabdeh tərəfindən əməl olunmuşdur. Əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən sadəcə ətindən və südündən istifadə edilməsi üçün iri buynuzlu heyvanlar saxlanılmışdır və həmin ərazidə ekoloji cəhətdən təmiz hava vardır. Odur ki, qeyd edilənlərə əsasən o, İddiaçı Cavabdeh qarşı «heyvandarlıq fəaliyyəti ilə məşğul olmanın qadağan edilməsi» tələbinə dair iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X5 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən fərdi yaşayış evlərinin yalnız həyət sahəsində iyqoxunun norma həddində olub-olması yoxlanıla bilər və bu zaman saxlanılan mal-qaranın sidiyindən əmələ gələn amonyak turşusunun miqdarı ölçülür. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X6 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, hazırkı mübahisənin araşdırılması Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə aid deyildir. Belə ki, dövlət orqanı olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nizamnaməsində xüsusi mülkiyyətdə olan tövlənin tikintisi və həmin ərazidə iy-qoxunun olub-olmadığının aydınlaşdırılması ilə bağlı məsələlər nəzərdə tutulmamışdır. Bildirir ki, hazırki mübahisə qonşuluqda yaranmış mülki xarakterli mübahisədir. Qeyd edilən məsələnin araşdırılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də bu sahə ilə məşğuldur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə işə həmin qurumun iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0682 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 255,5 m2 olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X2-X9 tərəfindən məhkəməyə ünvanlanmış 23 iyul 2024-cü il tarixli, 3-44-2/2-734/24 nömrəli məktubdan görünür ki, Agentliyin X3nin əməkdaşları tərəfindən ünvan 5 ünvanında fiziki şəxs Cavabdeh məxsus həyətyanı təsərrüfatına baxış keçirilmişdir. Baxış zamanı fiziki şəxs Cavabdeh məxsus həyətyanı təsərrüfatda 3 baş iribuynuzlu heyvan, 10 baş toyuq, 10 baş cücə və 10 baş göyərçin saxlanıldığı və heyvanların saxlandığı yerlərdə təmizlik işlərinin aparıldığı aşkar edilmişdir. Məlumat üçün bildirilir ki, əməkdaşlarımız tərəfindən fiziki şəxs Cavabdeh həyətyanı təsərrüfatında vaxtı-vaxtında dezinfeksiya işlərinin aparılması, heyvanlarda və quşlarda proflaktiki tədbirlərin aparılması, zoogigiyena və sanitariya qaydalara riayət edilməsi ilə bağlı icrası məcburi tapşırıqlar verilmişdir. Həmçinin fiziki şəxs Cavabdeh məxsus həyətyanı təsərrüfata baxış keçirilən zaman sanitargigyenik qaydaların pozulması halları müşahidə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Monitorinq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 09 avqust 2024-cü il tarixli, 3-14-25/2- 191/2024 nömrəli məktubdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı 24B ünvanında yaşayan vətəndaş Cavabdeh “heyvandarlıq fəaliyyəti ilə məşğul olmanın qadağan edilməsi” ilə bağlı verilmiş mülki işlə əlaqədar ekoloji cəhətdən pozuntu hallarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə mütəxəssis rəyinin təqdim edilməsinə dair müraciətə əsasən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə tərəfimizdən sözügedən ünvanda ekoloji monitorinq keçirilmişdir. Şikayətçi İddiaçı vəkili Vəkil1 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq monitorinqə dəvət olunsa da, o, iştirak etməkdən imtina etmişdir. Keçirilən monitorinq zamanı qeyd olunan ünvanda vətəndaş Cavabdeh məxsus həyətyanı sahədə 3 baş iri buynuzlu heyvan saxlanıldığı müəyyən edilmişdir. Araşdırma zamanı ərazidə iy-qoxu müşahidə olunmamışdır. Bununla əlaqədar olaraq, ərazidə Ankat 64M3-03 səyyar cihazı vasitəsilə atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədilə analiz-ölçmə işləri aparılmış, nəticəyə əsasən dəm qazının miqdarının CO-1,6 mq/m3 (norma:5,0 mq/m3), ammonyak qazının miqdarının NH3- 0,1 mq/m3 (norma:0,2 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd norması daxilində olduğu müəyyən edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında cavabdeh tərəfindən ferma tipli tikililər inşa edilərək orada çox sayda iribuynuzlu heyvan saxlanılmaqla yüksək səs-küyün, ağır və üfunətli iy-qoxunun, yenə həmin fəaliyyətin nəticəsində müxtəlif həşəratların onun və ailə üzvlərinin yaşadığı evə dolması nəticəsində həmin evdən istifadəyə maneələr yaradıldığına istinad edərək, cavabdeh qonşuluq hüquqlarına hörmət etmədiyindən, həmçinin cavabdeh şəhərtipli qəsəbə ərazisində heyvandarlıqla məşğul olmasının qanunvericiliyə zidd olmaqla yanaşı, inşa edilən fermaların da qüvvədə olan tikinti norma və qaydalarına əsasən qanunsuz tikililər olduğunu bildirərək, ona məxsus fərdi yaşayış evinin yaxınlığında iri və xırdabuynuzlu heyvanların saxlanması məqsədilə cavabdehə heyvandarlıq fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsini xahiş etmiş və iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü, 170.1-ci, 170.2-ci, 171.1-ci və 171.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Lakin iddiaçı tərəf Cavabdeh onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında çox sayda iribuynuzlu heyvan saxlamaqla yüksək səs-küyün, ağır və üfunətli iyqoxunun yarandığını bildirsə də qeyd edilən halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eyni zamanda iddianın əsaslılığına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Bundan əlavə mülki iş ilə əlaqədar əhəmiyyət kəsb etdiyindən Cavabdeh tərəfindən iri və xırda buynuzlu heyvanların saxlanması nəticəsində havaya normadan artıq qaz (iy, qoxu) buraxılması səbəbindən ekoloji cəhətdən pozuntunun olub-olmaması, əgər pozuntu halı varsa, həmçinin amonyak turşusu normadan artıqdırsa həmin pozuntunun qonşu həyətyanı torpaq sahəsinə mənfi təsir göstərməsi ehtimallarının olub-olmaması barədə rəyin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin cavabdeh tərəfindən iri və xırda buynuzlu heyvanların saxlanılması nəticəsində sanitariya-gigiyena qaydalarının pozulub-pozulmaması, sanitariya-gigiyena qaydalarının pozulması baş vermişsə, həmin pozuntunun qonşu fərdi yaşayış evində yaşayan İddiaçı mənfi təsirinin olub-olmaması barədə rəyin məhkəməyə təqdim edilməsi üçün sorğu verilmiş, iş materiallarında olan Azərbaycan Respublikasının Qida X2-X9 tərəfindən məhkəməyə ünvanlanmış 23 iyul 2024-cü il tarixli, 3-44- 2/2-734/24 nömrəli məktubdan göründüyü kimi Agentliyin X3nin əməkdaşları tərəfindən ünvan 5 ünvanında fiziki şəxs Cavabdeh məxsus həyətyanı təsərrüfatına baxış keçirilmişdir. Baxış zamanı fiziki şəxs Cavabdeh məxsus həyətyanı təsərrüfatda 3 baş iribuynuzlu heyvan, 10 baş toyuq, 10 baş cücə və 10 baş göyərçin saxlanıldığı və heyvanların saxlandığı yerlərdə təmizlik işlərinin aparıldığı aşkar edilmişdir. Məlumat üçün bildirilir ki, əməkdaşlarımız tərəfindən fiziki şəxs Cavabdeh həyətyanı təsərrüfatında vaxtı-vaxtında dezinfeksiya işlərinin aparılması, heyvanlarda və quşlarda proflaktiki tədbirlərin aparılması, zoogigiyena və sanitariya qaydalara riayət edilməsi ilə bağlı icrası məcburi tapşırıqlar verilmişdir. Həmçinin fiziki şəxs Cavabdeh məxsus həyətyanı təsərrüfata baxış keçirilən zaman sanitar-gigyenik qaydaların pozulması halları müşahidə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Monitorinq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 09 avqust 2024-cü il tarixli, 3- 14-25/2-191/2024 nömrəli məktubdan göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı 24B ünvanında yaşayan vətəndaş Cavabdeh “heyvandarlıq fəaliyyəti ilə məşğul olmanın qadağan edilməsi” ilə bağlı verilmiş mülki işlə əlaqədar ekoloji cəhətdən pozuntu hallarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə mütəxəssis rəyinin təqdim edilməsinə dair müraciətə əsasən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə tərəfimizdən sözügedən ünvanda ekoloji monitorinq keçirilmişdir. Şikayətçi İddiaçı vəkili Vəkil1 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq monitorinqə dəvət olunsa da, o, iştirak etməkdən imtina etmişdir. Keçirilən monitorinq zamanı qeyd olunan ünvanda vətəndaş Cavabdeh məxsus həyətyanı sahədə 3 baş iri buynuzlu heyvan saxlanıldığı müəyyən edilmişdir. Araşdırma zamanı ərazidə iy-qoxu müşahidə olunmamışdır. Bununla əlaqədar olaraq, ərazidə Ankat 64M3-03 səyyar cihazı vasitəsilə atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək məqsədilə analiz-ölçmə işləri aparılmış, nəticəyə əsasən dəm qazının miqdarının CO-1,6 mq/m3 (norma:5,0 mq/m3), ammonyak qazının miqdarının NH3- 0,1 mq/m3 (norma:0,2 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd norması daxilində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının X1rşı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında iri və xırdabuynuzlu heyvanların saxlanması məqsədilə cavabdehə heyvandarlıq fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-71/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-71/2025
02.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver