Məhkəmə qərarları › İş №e-2(012)-779/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-779/2023

23.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-779/2023 23.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçıların vəkili-nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı uşağın övladlığa verilməsi və doğum haqqında şəhadətnaməyə dəyişiklik edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı uşağın övladlığa verilməsi və doğum haqqında şəhadətnaməyə dəyişiklik edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 03 fevral 2011-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, yetkinlik yaşına çatmayan X2 01 iyun 1980-ci il təvəllüdlü İddiaçı1 övladlığına verilməsi, Bakı şəhəri, Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 22 sentyabr 2011-ci il, 1724 saylı akt qeydi üzrə 03 fevral 2011-ci il təvəllüdlü X2 adına verilmiş AZ-İİ 743328 saylı doğum haqqında şəhadətnaməyə müvafiq dəyişiklik edilərək uşağın adının Məhəmməd, soyadının Özbudak, ata adının Ramazan, atası kimi müvafiq qrafada İddiaçı1 kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və Cavabdeh 24 avqust 2007-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan 03 fevral 2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2016-cı tarixli qətnaməsi ilə İddiaçı2 ilə Cavabdeh nikahı pozulmuş, 03 fevral 2011-ci il təvəllüdlü X2 anasının himayəsində qalması qət edilmişdir. Tərəflər arasında nihakın pozulması haqqında AZ-İ 261852 saylı şəhadətnaməyə əsasən 18 mart 2017-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 79 nömrə ilə qeydə alınmışdır. İddiaçı2 12 aprel 2019-cu il tarixdə Türkiyə Respublikası vətəndaşı İddiaçı1la nikaha daxil olmuşdur. İddiaçının birinci nikahından olan övladı X5 hazırda onlarla birlikdə yaşayır və iddiaçının əri İddiaçı1 onu övladlığa götürmək istəyir. Cavabdeh uşağın tərbiyəsi ilə məşqul olmur, uşaqla heç bir ünsiyyət saxlamır, onun maddi ehtiyaclarını və alimenti ödəmir. İddiaçı1 isə uşağa əsl ata kimi qayğı göstərir, onun maddi və mənəvi ehtiyaclarını ödəyir, onun tərbiyəsi ilə məşqul olur. xx.xx.2019-cu il tarixdən etibarən İddiaçı1, İddiaçı2 və xx.xx.2011ci il təvəllüdlü X5 birlikdə yaşayırlar. Vaxtilə İddiaçı2 Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, övladının ölkədən çıxarılmasına icazə verilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018 tarixli 2(012)-4613/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir və hazırda da qanuni qüvvədədir. Cavabdeh həmin qətnamə ilə razılaşmış və ondan şikayət verməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, təmsil etdiyi qurum iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməsə də, ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etmədiyini bildirmiş və onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşdə olan nikahın pozulması haqqında AZ-İ 261852 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahının pozulması aktı xx.xx.2017-ci il tarixdə 79 nömrə ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra arvada Rəhimova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahından xx.xx.2011-ci il tarixdə X5 adlı uşaq doğulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 İmam Hatip Məktəbinin Vİ sinfində təhsil alır. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 məhkumluğu yoxdur. Məhkumluq barədə arxiv məlumatları yoxdur. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 xroniki və yoluxucu xəstəlik simptomları aşkar edilməmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı1 Türkiyə Respublikası, İstanbul şəhəri, Esenler, 547-ci küçə, 3/1 ünvanındakı yaşayış sahəsini 10 il müddətinə icarəyə götürmüşdür. İşdə olan iş yerindən çıxma bildirişindən görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə işdən çıxmışdır. İşdə olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-135/2016 saylı, xx.xx.2016cı il tarixli icra sənədinə əsasən Cavabdeh hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İcra sənədi üzrə borclu Cavabdeh barəsində xx.xx.2017-ci il tarixdə axtarış qərarı qəbul olunaraq Nəsimi Rayon Polis İdarəsinə göndərilmiş, lakin axtarış işinin açılması ilə bağlı heç bir məlumat daxil olmamışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-135/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi borclu Cavabdeh bu günədək aliment öhdəliklərini yerinə yetirmir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı2 və Cavabdeh nikahından 03 fevral 2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Onların nikahı pozulduqdan sonra 03 fevral 2011-ci il təvəllüdlü X5 anasının himayəsində qalmışdır. İddiaçı2 sonradan Türkiyə Respublikası vətəndaşı İddiaçı1la nikaha daxil olmuşdur. İddiaçılar hazırki iddia ərizəsilə məhkəməyə müraciət etmişlər. Ailə Məcəlləsinin 122-ci maddəsinə görə valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında, təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə görə valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. İş materiallarından görünür ki, hazırda övladlığa verilməsi xahiş olunan 03 fevral 2011-ci il təvəllüdlü X2 atası Cavabdeh valideynlik hüququndan məhrum edilməmişdir. Bundan başqa, onun həmin uşağın tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırması, bu barədə qəyyumluq və himayə orqanlarının xəbərdarlığı haqqında iş materiallarında hər hansı mötəbər sübut yoxdur. İşin hallarından görünür ki, azyaşlı Məhəmməd bir neçə vaxtdır ki, Türkiyə Respublikasında yaşayır, Cavabdeh isə onu görmək, onun tərbiyəsində iştirak etmək imkanları məhduddur. Göstərilənləri məcmu halda qiymətləndirərək məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 123-cü maddəsində göstərilən şərtlər mövcud olmadığından 03 fevral 2011-ci il təvəllüdlü X2 İddiaçı1 övladlığına verilməsi barədə hazırki iddia təmin edilə bilməz. Eləcə də, məhkəmə hesab edir ki, övladlığa verilmə barədə tələb təmin edilmədiyindən X2 doğum haqqında şəhadətnaməsinin iddia ərizəsində qeyd edilən formada dəyişdirilməsinə zərurət qalmır. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. ”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı uşağın övladlığa verilməsi və doğum haqqında şəhadətnaməyə dəyişiklik edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı uşağın övladlığa verilməsi və doğum haqqında şəhadətnaməyə dəyişiklik edilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar