Məhkəmə qərarları › İş №e-2(012)-937/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-937/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-937/2022 19.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Paşa sığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Paşa sığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 718 manat sığorta ödənişi və 30.40 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** RS *** dövlət qeydiyyat nişanlı Vaz 210930 markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı X10 əməkdaşı tərəfindən TP3078184 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “Kia” Gənclik tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, ** OR *** dövlət qeydiyyat nişanlı Kia Cerato markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 718 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən, avtonəqliyyat vasitəsinin təmir olunması üçün ümumilikdə, 718 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Paşa sığorta ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən iddiaçı bütün məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilib işə mahiyyəti üzrə baxılaraq iddia ərizəsinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul edərək, izahatında mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1746 saylı rəyi ilə razı olduğunu bildirmiş, həmin rəyə əsasən hesablanmış 718 manat pul vəsaitinin mümkünsə, məhkəmə tərəfindən azaldılmasını, mümkün olmadığı təqdirdə isə həmin məbləğin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD № 387531 saylı xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2009-cu il buraxılışlı Vaz 210930 markalı, ** RS *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. -AD № 453858 saylı xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2009-cu il buraxılışlı Kia Cerato markalı, ** OR *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. -xx.xx.2019-cu il tarixli ƏN-Vİ № 822173 saylı etibarnamənin surətindən görünür ki, X3 ona məxsus olan Vaz 210930 markalı, ** RS *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsini Cavabdeh xx.xx.2020-ci il tarixədək etibar etmişdir. -xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, Paşa sığorta ASC-də PPA********** saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək 5000 manat dəyərində sığortalanmış X2 məxsus Vaz 210930 markalı, ** RS *** qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu Kənar dairəvi yol istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunmuş Kia Cerato markalı, ** OR *** qeydiyyat nişanlı avtomobilə 718 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 718 manat pul vəsaitinin 1100 0000 0031 7062 saylı karta köçürmə yolu ilə ödənilməsi qərara alınmışdır. -Plastik kartın təhvil-təslim aktından görünür ki, sığorta ödənişi olaraq 718 manat pul vəsaiti 1100 0000 0031 7062 saylı karta köçürülmüşdür. -İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Paşa sığorta ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək standart müqavilə növündə sığortalanmış sığortalı X5 məxsus Vaz 210930 markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta haqqı 50 manat, bonus-malus əmsalı 0.90 olmaqla yekun sığorta haqqı 45 manat dəyərində sığortalanmışdır. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Yasamal DYP bildirir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, X1 mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunmuş Vaz 210930 markalı, ** RS *** qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətində olan və mülkiyyətçi tərəfindən idarə olunmuş Kia Cerato markalı, ** OR *** minik markalı avtomobillə toqquşmuş və avtomobilə zərər dəymişdir. -İnzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində Vaz 210930 markalı, ** RS *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmuş və hadisə yerindən yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 manat dəyərində cərimə olunmuşdur. -xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanmasına dair hesabatdan görünür ki, Kia Cerato markalı ** OR *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 718 manat hesablanmışdır. -Paşa sığorta ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 718 manat sığorta ödənişi məbləği 15 təqvim günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Ş.Əfəndizadə küçəsi 30A saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1746 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Kia Cerato” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 718 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 248 manat; təmir-bərpa işlərinin qiyməti 470 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Paşa sığorta ASC-də icbari sığorta növündə sığortalanmış X1 mülkiyyətində olan, hadisə baş verən anda Vaz 210930 markalı ** RS *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini hadisənin baş verdiyi tarixdə qüvvədə olan etibarnamə əsasında idarə etmiş Cavabdeh tərəfindən nəqliyyat vasitəsi idarə edilən zaman xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 mülkiyyətində olan, hadisə baş verən zaman mülkiyyətçinin özü tərəfindən idarə olunmuş Kia Cerato markalı ** OR *** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və sonuncu avtomobilə 718 manat zərər dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından göründüyü kimi, avtomobilə dəymiş zərərin məbləği 718 manat müəyyən edilmişdir ki, iddiaçı Paşa sığorta ASC qeyd olunan sığorta ödənişinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Cavabdeh yol hərəkət qaydalarını pozması nəticəsində X4 mülkiyyətində olan Kia Cerato markalı ** OR *** qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi və cavabdehin hadisə yerindən yayınması müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tələblərinə əsasən, hadisənin törədilməsində təqsiri sübuta yetirilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. İcbari Sığortalar haqqında Qanunun: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində Kia Cerato markalı ** OR *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 718 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir, cavabdehin ekspert rəyini qəbul etməsinə dair etirafını da nəzərə alaraq cəmi 718 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edir və cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verib qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 718 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı Paşa sığorta ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat pul vəsaiti isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 718 (yeddi yüz on səkkiz) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat olmaqla cəmi 748.40 (yeddi yüz qırx səkkiz manat qırx qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı Paşa sığorta ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar