Məhkəmə qərarları › İş №e-2(013)-12/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-12/2024

27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-12/2024 27.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 27 966 manat, əldən çıxmış faydaya görə 15 000 manat pulun və ödənilmiş 219 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43 185 manat məbləğində pulun alınaraq ona ödənilməsi, cavabdehə məxsus və hal-hazırda "xxxx" MMC-nin anbarında saxlanılan əşyaların xx.xx.2023cü il tarixədək götürülməsinin cavabdehdə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddianı müdafiə edərək, İddiaçı 04 mart 2020-ci il tarixdə "xxxx" ASC ilə bağladığı “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən iki mərtəbəli bağ evini, həyətyanı sahəsi ilə birlikdə nəğd olaraq 105 000 manata satın aldığını, bu barədə ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən xx.xx.2020-ci il tarixli, **********4 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini, müvəkkilinin bir müddət orada yaşadıqdan sonra, iş yerinə uzaq olduğu üçün yenidən şəhərdə yaşamağa başladığını, bağ evinin sahibsiz qalmaması üçün isə yaxın qohumunun onun xahişinə əsasən köçüb orada yaşadığını, xx.xx.2021-ci il tarixdə Cavabdeh evdə adam olmamasında istifadə edərək, qapının qıfılını qıraraq, bir neçə nəfər şəxslə evə daxil olduğunu, baş vermiş hadisə ilə bağlı İddiaçı 102 xidmətinə və şikayət ilə Binəqədi RPİ-nin 40-cı polis bölməsinə müraciət etdiyini, bütün bunlara baxmayaraq Cavabdeh xx.xx.2023-cü il tarixədək orada yaşadığını, Binəqədi RPİ-nin baş müstəntiqinin 22.02. 2022-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsində nəzərdə tutulan ittiham elan olunduğunu, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsindən, həmin məcəllənin 322.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə təqsirli bilinərək onun haqqında 1000 (bir min) manat cərimə cəzası təyin edilmiş, o, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 1.12-ci və 9.1-ci bəndlərinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4697/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ailə üzvləri ilə birlikdə sözü gedən bağ evindən çıxarılaraq həmin evin C.Məmmədova təhvil verilməsinin qət edildiyi, lakin cavabdeh könüllü şəkildə evi tərk etmədiyinə görə, Binəqədi Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən (qətnaməyə əsasən) boşaldılaraq ev sahibinə təhfil verilsədə, cavabdehin iddiaçıya külli miqdarda ziyan vurduğunun aşkar edildiyini, vurulmuş ziyanın: - istifadə edilmiş, lakin ödənilməmiş 346 manat su pulu, 207 manat işıq pulu, 73 manat qaz pulu, yararsız hala salınmış kombi aparatının təmirinə çəkiləcək 300 manat, evin təmirinə çəkiləcək 15000 manat, evdən həyətə atılaraq yararsız vəziyyətə salınmış avadanlıqların dəyəri olan 5000 manat, evdən yoxa çıxmış əşyaların dəyəri olan 5000 manat, cavabdehə məxsus əşyaların daşınmasına və 6 ay ərzində anbarda saxlanmasın görə daşıma xidmətinə ödənilmiş 2040 manat olduğunu bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ********** nömrəli, xx.xx.2000-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 209.2 kvadratmetr sahədən ibarət bağ evi, 0.05 ha torpaq sahəsi ilə birlikdə İddiaçı tam mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyestrində 79 nömrəli reyestr kitabının 8170 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 303/2022 saylı 23 may 2022-ci il tarixli hökmünun sürətindən görünür ki, Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsindən, həmin məcəllənin 322.1-ci maddəsinə tövsif edilərək, həmin maddə ilə təqsirli bilinmiş, onun haqqında 1000 (bir min) manat cərimə cəzası təyin edildiyi, Cavabdeh “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 1.12-ci və 9.1-ci bəndlərinə əsasən təyin edilmiş cəzadan azad edildiyi, Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4697/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə , ünvan 1 ünvanda yerləşən bağ evindənvə torpaq sahəsindən çıxarılaraq həmin əmlakların İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan ünvan 1 ünvanda, 40090080 nömrəli, xx.xx.2022-ci il tarixdə quraşdırılmış sayğaca aid “Abonentin saldosu”ndan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 2022-ci ilin sonuna 115.80 manat borcu yaranmışdır. İş materiallarında olan ünvan 1 ünvanda, 49959417 nömrəli sayğaca aid bildirişdən görünür ki, İddiaçı, sudan istifadəyə görə xx.xx.2021-ci ilin sonuna 348.34 manat borcu yaranmışdır. İş materiallarında olan ünvan 1 ünvanda, 17196075M496 nömrəli sayğaca aid bildirişdən görünür ki, İddiaçı işıqdan istifadəyə görə xx.xx.2023-cü ilin sonuna 207.26 manat borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, eManat pul ödəmə terminalı vasitəsilə, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, Azərsu təşkilatının hesabına 350 manat, Azərişıq ASC-nin hesabına 210 manat, Azəriqaz Birliyinin hesabına isə 73 manat pul ödənilmişdir. İş materiallarında olan Secnent təmir şirkəti tərəfindən verilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, kombi aparatının təmirinə görə, İddiaçı tərəfindən ümumilikdə 300 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin təqdim etdiyi № 139375 mədaxil qəbzindən görünür ki, anbar və yük daşıma işlərinə görə, İddiaçı tərəfindən həmin şirkətə 2040 manat pul ödənilmişdir. Ağdam Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında - Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 8, 1-ci küçədəki iki mərtəbəli bağ evinə, o cümlədən evdə quraşdırılmış avadanlıqlara zərər dəymişdirmi və zərər dəydiyi təqdirdə həmin evin və avadanlıqların təmir-bərpa işlərinin xərci nə qədər ola bilər? sualı qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, № 9/6913 rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli bağ evinə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətinə uyğun (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri təqribən 4940.0 manat məbləğində müəyyən edilmişdir. Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X2rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən maddi ziyan kimi 4940.0 manat, istifadə edilmiş, lakin ödənilməmiş 346 manat su pulu, 207 manat işıq pulu, 73 manat qaz pulu, yararsız hala salınmış kombi aparatının təmirinə görə 300 manat, cavabdehə məxsus əşyaların daşınmasına və anbarda saxlanmasın görə "xxxx" MMC-yə ödənilmiş 2040 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 218.90 manat dövlət rüsümu 100 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 118.9 manat hissəsi iddiaçının özünə aid edilməli və iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 manat ekpertiza xərci cavabdehə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulan maddi ziyan qismində 4940.0 (dörd min doqquz yüz qırx) manat məbləğində pul, 346.0 (üç yüz qırx altı) manat su pulu, 207.0 (iki yüz yeddi) manat elektrik enerjisinə görə pul, 73.0 (yetmiş üç) manat qaz pulu, kombi aparatının təmirinə görə 300.0 (üç yüz) manat, cavabdehə məxsus əşyaların daşınmasına və 06 ay saxlanılmasına görə "xxxx" MMC-yə ödənilmiş 2040.0 (iki min qırx) manat pulun və ödənilmiş 100.0 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 218.90 manat dövlət rüsümunun qalan 118.90 manat hissəsi İddiaçı aid edilsin. İş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100.0 (bir yüz) manat ekpertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar