Məhkəmə qərarları › İş №e-2(013)-1751/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1751/2024

19.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1751/2024 19.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyan qismində 27 707 manat məbləğində pulun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 izahatında iddianı müdafiə edərək, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011-ci il tarixli 09/11-417 saylı əmri ilə, Ağdam rayon Məşğulluq Mərkəzinə direktor vəzifəsinə təyin edildiyini və xx.xx.2020-ci il tsarixədək həmin vəzifədə işlədiyini, işlədiyi dövr ərzində “Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 saylı Sərəncamının icrası ilə bağlı mərkəzdə işsiz kimi qeydiyyata alınmış 30 nəfər şəxsin biznes-planlarının həyata keçirilməsi məqsədi ilə dövlət büdcəsindən 143371 manat pul vəsaitinin ayrıldığını və həmin məbləğin maddi aktivlərin alınması üçün kotirovkaların qalibi müəyyən edilmiş "xxxx" MMC, “Sabit” kəndli fermer təsərrüfatı və fiziki şəxs X3 tərəfindən aktivilərin işsizlərə təhfil verilməsi zamanı aktlarda qiymətlərin göstərilməməsi, daha sonra isə qaimə-fakturalarda yüksək göstərilməklə qiymət fərqinin yaradılması nəticəsində, işsiz şəxslərə daha az 27 707 manat məbləğində maddi aktiv verilməsi faktının aşkar edildiyi, bununlada cavabdehin əlbir olduğu bir qurup şəxslə qulluq mövqeyindən sui istifadə edərək və dövlətin qanunla qorunan mənafelərinə qəsdən zidd hərəkət edərək, vəzifəli şəxs kimi ona etibar edilmiş özgə əmlakına xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Məsələ ilə bağlı Cavabdeh barəsində cinayət işi açılmış və Ağdam Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli, 1(013)- 06/2023 saylı hökmü ilə Cavabdeh cinayət əməli törədərək, Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirli olması qət edilmişdir. Odur ki, Cavabdeh mərkəzə məxsus 27 707 manat puluun tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianın əsasız olduğunu, Ağdam Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli, 1(013)-06/2023 saylı hökmünün və Gəncə Apelyasiya Məhkəməsinin qərarının əsasız və qanunsuz olduğunu, onun təqsiri olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh vəzifəli şəxs kimi ona etibar edilmiş özgənin əmlakını ələ keçirmək məqsədilə, qulluq mövqeyindən sui istifadə edərək və dövlətin qanunla qorunan mənafelərinə qəsdən zidd hərəkət edərək, özgə əmlakına xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 27707 manat məbləğində ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bu səbəbdən də, Ağdam Rayon Məhkəməsinin 04 aprel 2023cü il tarixli, 1(013)-06/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir və həmin cəza şərti olaraq tədbiq edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 1(104)-15/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(013)-06/2023 saylı hökmü dəyişdirilmiş Cavabdeh 308.1 maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar ittahdan və hökmdən xaric edilmiş, Cavabdeh təqsirli bilindiyi CM-nin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə bir il sınaq müddəti müəyyən edulməklə iki il azadlıqdan məhrum etmə cəzasını şərti tədbiq edilməsi nəzərə alaraq hökm qalan hissədə qüvvədə saxlanılmışdır. Qeyd olunan hökmün məzmunundan aydın olur ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 27707 manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd olunanaları nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 27707 manat məbləğində maddi ziyanın vurulması iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Konsitutisiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çixaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin müddəalarından görünür ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 27707 manat məbləğində maddi ziyan tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 173 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınmalıdır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 27 707 (iyirmi yeddi min yeddi yüz yeddi) manat məbləğində maddi ziyan tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 hesabına ödənilsin. Cavabdeh 173 (bir yüz yetmiş üç) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınsın. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar