Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-235/2024 07.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Ağazadə (Məhərrəmova) Nərmin Asif qızına və Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağazadə (Məhərrəmova) Nərmin Asif qızına və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus **-FX- *** dövlət qeydiyyat nişanlı “Nissan X-Terra” markalı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 6130 manat, maddi və mənəvi zərərin qarşılığı qismində 20000 manat (avtomobilin bazar qiymətinə təxminən 10000 manat təsir edilməsi üçün), 168.39 manat dövlət rüsumu olmaqla ümumilikdə 26298.39 manat məbləğində pulun müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Ağazadə (Məhərrəmova) Nərmin Asif qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında iddianı müdafiə edərək, 28 may 2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan İddiaçı məxsus **-FX-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Terra” markalı avtonəqliyyat vasitəsinin sağ və sol tərəflərinin qəsdən cızıldığının aşkar edildiyini və bu barədə İddiaçı həyat yoldaşı tərəfindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə xəbər verildiyini, eyni zamanda Nəsimi RPİ-nin 21-ci PB-nə ərizə ilə müraciət edildiyini, belə ki, qeyd olunan tarixdə, İddiaçı məxsus “Nissan X-Terra” markalı avtomobilin, yaşadıqları binanın qarajında cavabdehlərin atasına məxsus **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında saxlandığını, həmin vaxt Nəzrinin atasına məxsus avtomobili qarajdan çıxarmaq istədiyini, lakin idiaçının evdə olmaması səbəbindən buna nail ola bilmədiyini, əsəbləşdiyini, yüksək səslə danışdığını, daha sonra isə, əlindəki açarla iddiaçıya məxsus avtomobilin hər iki tərəfini cızdığını, əli ilə avtomobilin şüşəsinə yumruq vurduğunu, həmin vaxt bacısı Nərminin də orada olduğunu, bütün bunların binanın mühafizəçisi B.Tağıyevin araşdırma zamanı verdiyi izahatında öz əksini tapdığını, məhkəmə əmtəşünaslıq ekspertizasının rəyinə əsasən 2021-ci il buraxılışlı “Nissan X-Terra” markalı avtomobilin nəzəri qaydada təmir-bərpa işlərinin 2022-ci ilin may ayına təxminən 4360 manat müəyyən edildiyi və avtomobilin bazar qiymətindən təxminən 10000 manat fərqli olmasının qeyd edildiyini, daha sonra Toyota servis tərəfindən təqdim edilmiş mədaxil qəbzində avtomobil üçün alman ehtiyyat hissələrinin də olduğu göstərilməklə ümumilikdə avtomobilə dəyən zərərin 6130 manat məbləğində olduğunu, bundan başqa baş vermiş hadisə nəticəsində İddiaçı mənəvi sarsıntılar keçirdiyini bildirdi və iddiaçıya məxsus **-FX-*** dövlət qeydiyyat nişanlı “Nissan X- Terra” markalı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 6130 manat, iddiaçıya məxsus avtomobilin bazar qiymətinə, vurulmuş ziyanın təxminən 10000 manat təsir edə biləcəyi üçün maddi və mənəvi zərərin qarşılığı qismində 20000 manat və 168.39 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 26298.39 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında iddianın əsasız olduğunu, onun İddiaçı məxsus avtomobilə ümumiyyətlə ziyan vurmadığını, ehtimal olunan, lakin sübut olunmayan faktların əsas kimi qəbul edilərək, iddiaçı tərəfindən avtomobilin cızılmasından əlavə olaraq şüşələrin sındığının da, iddia edildiyini, maddi ziyan kimi 10000 manat tələbinin də, əsassız olduğunu, belə ki, dəyən ziyan nəticəsində avtomobilin bazar qiymətinin 10000 manat aşağı düşməsinin heç bir əsasının olmadığını, mənəvi ziyan tələbinin isə tamamilə əsassız olduğunu bildirərək, maşının cızılması ilə bir insanın hansı dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinin əsaslı olmasına şüphə ilə yanaşdığını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında iddianın əsasız olduğunu bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı S.Quluzadə tərəfindən tərtib edilmiş 15 avqust 2023-cü il tarixli HK-1/568 saylı «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, 28 may 2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan İddiaçı məxsus **-FX-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Terra” markalı avtonəqliyyat vasitəsinin sağ və sol tərəflərinin qəsdən cızıldığının aşkar edilməsi ilə əlaqədar Cavabdeh1 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarı sürəti Nəsimi RPİ-nın 21-ci polis bölməsinə göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 may 2023-cü il il tarixli rəyi ilə 2021-ci il buraxılışlı “Nissan X-Terra” markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4360.0 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli, № HK-1/568 rəyindən görünür ki, 2021-ci il buraxılışlı “Nissan X-Terra” markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4360.0 manat, həmin avtomobilin ekspertiza təyini haqqında qərarda 2022-ci ilin may ayına olan orta bazar qiymətinəzəri qaydada təxminən 63000.0 manat müəyyən edilmiş, lakin avtoservis müəssisəsinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq təmirə məruz qalmış (avtomobilin ablisofka, yan şüşəsi, qabaq sağ şüşəsi, qabaq şüşəsi, arxa şüşənin tamamilə sıradan çıxması, avtomobilin tamamilə cızılması nəticəsində) 2021-ci il buraxılışlı “Nissan X-Terra” markalı avtomobilin bazar qiymətində təxminən 10000.0 manat fərqin olması istisna edilmir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2023cü il tarixli, 3(006)-5102/2023 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 232-ci maddəsi ilə təqsirli bilinərək, barəsində vurulmuş ziyanın bir misli, yəni 4360 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Beləliklə yuxarıda qeyd olunan sənədlərdən aydın olur ki, Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan 2021-ci il buraxılışlı “Nissan X-Terra” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4360.0 manat məbləğində maddi ziyan vurmuşdur. Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 1-ci bəndinin üçüncü abzasında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin («Mülki hüquq pozuntularından (delektlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. X2 məhkəmələrə izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxslərin təsərrfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, isteklakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut edə bilməmiş və bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Lakin iddiaçının mülkiyyətində olan avtomobilə Cavabdeh1 tərəfindən qəsdən vurduğu maddi ziyanı nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi qismən təmin edilməlidir. Məhkəmə onun da qeyd edir ki, sözügedən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün digər cavabdeh Ağazadə (Məhərrəmova) Nərmin Asif qızının iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması iş materialları ilə müəyyən edilmir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X1rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4360.0 manat maddi ziyan, mənəvi ziyan qismində 400 manat olmaqla, cəmi 4760 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissələrdə və cavabdeh Ağazadə (Məhərrəmova) Nərmin Asif qızına aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 168.39 manat məbləğində dövlət rüsumunun, iddia qismən təmin edildiyindən 38 manat hissəsi cavabdehə, qalan 130.39 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçıya məxsus olan “Nissan X-Terra” markalı 90-FX- 080 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən 4360.0 manat məbləğində maddi ziyan və 400.0 manat məbləğində mənəvi ziyan olmaqla cəmi 4760.0 (dörd min yeddi yüz altmış) manat məbləğində pul və 38.0 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 168.39 manat dövlət rüsumunun qalan 130.39 (bir yüz otuz manat otuz doqquz qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. İddia qalan hissələrdə və cavabdeh Ağazadə (Məhərrəmova) Nərmin Asif qızına aid hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-235/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-235/2024
07.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver